Macarıstan Ukraynanın Aİ-yə üzvlük danışıqlarında vetosunu götürə bilər

5 Oktyabr 2026 12:54 (UTC+04:00)

Macarıstanın bu həftə Ukraynanın Avropa İttifaqına (Aİ) üzvlüyü ilə bağlı danışıqların texniki mərhələsinə qoyduğu vetonu götürəcəyi gözlənilir.

Bu barədə “Financial Times” mənbələrə istinadən məlumat yayıb.

Qəzetin yazdığına görə, Macarıstanın Baş naziri Peter Magyar diplomatlara Ukrayna və Moldovaya daxili bazar və rəqabət siyasəti üzrə növbəti iki danışıqlar fəslinin açılması imkanına dair məktubların göndərilməsinə mane olmamaq barədə göstəriş verib.

Məqalədə qeyd olunub ki, bu, prosedur baxımından formal, lakin simvolik əhəmiyyət daşıyan addımdır.

“Financial Times” həmçinin vurğulayıb ki, Macarıstanın bu danışıqlar fəsillərinin açılmasına tam siyasi dəstəyi Ukrayna Ali Radasının oktyabrın 12-də azlıqların təhsil hüquqları ilə bağlı qanun layihəsini qəbul etməsindən asılıdır.

Qəzetin məlumatına görə, Ukraynadakı macar azlığının hüquqları uzun müddətdir ki, Budapeşt üçün əsas məsələlərdən biri olaraq qalır. Qanun layihəsi də macar rəsmilərinin iştirakı ilə hazırlanıb.

“Financial Times” mənbəsinin sözlərinə görə, Ukraynanın Aİ-yə üzvlük yolu artıq formalaşmağa başlayır. Belə ki, iki danışıqlar fəslinin açılması ilə bağlı razılıq əldə olunarsa, yalnız iki fəsil açılmamış qalacaq. Onlardan birincisi yaşıl gündəmlə, ikincisi isə kənd təsərrüfatı və regional siyasətlə bağlıdır.

Avropa Komissiyası bu fəsillərlə bağlı razılığın ilin sonunadək əldə olunacağına ümid edir.

Mövsüm,
AzNews.az