Azərbaycan hərbçiləri Pakistanda təlimlərdə iştirak edib

5 Oktyabr 2026 17:34 (UTC+04:00)

Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Pakistan İslam Respublikası Müdafiə Qüvvələri Qərargahı arasında imzalanmış "Azərbaycan-Pakistan 12-ci İşçi Qrupu Səviyyəli Görüşün Protokolu"na əsasən, Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) bir qrup hərbi qulluqçusu Pakistanda keçirilən “Birgə xüsusi əməliyyat qüvvələri təlimində” iştirak edib.

Aznews.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Kəraçi şəhərində keçirilən təlimdə xüsusi təyinatlılar terrorçu qruplar tərəfindən ələ keçirilmiş gəminin azad olunması, girovların xilas edilməsi və dalğıc fəaliyyəti üzrə tapşırıqları icra ediblər.
​Qeyd edək ki, təlim Azərbaycan və Pakistan hərbi qulluqçuları arasında xüsusi əməliyyatların keçirilməsi sahəsində təcrübə mübadiləsinin aparılması, iştirakçı dövlətlərin standart əməliyyat qaydaları ilə tanışlıq, praktiki atışların və dəniz əməliyyatlarının real döyüş şəraitinə uyğunlaşdırılması, eləcə də antiterror əməliyyatları zamanı qarşılıqlı fəaliyyətin uzlaşdırılmasının təmin olunması məqsədilə keçirilib.
​Ölkəmizi təmsil edən HDQ-nin hərbi qulluqçuları təlimin planına uyğun olaraq pakistanlı hərbçilərlə qarşılıqlı uzlaşma şəraitində qarşıya qoyulmuş bütün tapşırıqları müvəffəqiyyətlə və yüksək peşəkarlıqla yerinə yetiriblər.
Təlimin sonunda iştirakçılara sertifikatlar verilib, xatirə şəkilləri çəkdirilib.