"Ümumiyyətlə, şəhərlərdə yağış sularının idarə olunması çox mürəkkəb məsələdir. Azərbaycanda indiyədək bu istiqamətdə müəyyən işlər görülüb. Əvvəlki yol layihələrində, xüsusilə sovet dövründə inşa olunan yollarda yağış sularının toplanması üçün ayrıca sistemlər nəzərdə tutulurdu. Bu sistem kanalizasiya şəbəkəsindən ayrı olurdu və yalnız yağış sularının axıdılmasına xidmət edirdi. Yollarda dəmir barmaqlıqlar və yağış barmaqlıqları yerləşdirilir, onların altından yağış suları axaraq müəyyən ərazilərdə toplanırdı. Beləliklə, suyun yollarda və digər ərazilərdə yaratdığı problemlərin qarşısı müəyyən qədər alınırdı. Sonrakı dövrdə isə bu sistemlərin bir qismi ləğv edildi. Buna əsas səbəb kimi Bakı və Abşeronda yağıntının az olması göstərilirdi. Lakin son illərdə daha intensiv və böyük həcmli yağışların müşahidə olunması yeni problemlər yaradıb. Bu səbəbdən hazırda yağış sularının idarə olunması məsələsinə yenidən baxılması zərurəti yaranıb".
Bu fikirləri Aznews.az-a açıqlamasında ekoloq Sadiq Həsənov deyib.

Xatırladaq ki, Bakıda və Abşeron yarımadasında yağışlı hava şəraiti gözlənilir. Belə hava şəraitində paytaxtın bəzi ərazilərində yağış sularının toplanması və subasma halları yenidən gündəmə gəlir. Şəhərdə sürətli urbanizasiya, betonlaşma və yaşıllıq sahələrinin azalması isə yağıntı sularının təbii şəkildə torpağa hopmasına təsir edən amillər sırasında göstərilir.
Ekoloq qeyd edib ki, dünyada yağış sularının idarə olunması ilə bağlı müxtəlif təcrübələr mövcuddur.
"Məsələn, Almaniya, Fransa və digər Avropa ölkələrində yağış sularının toplanması üçün ayrıca sistemlər yaradılıb. Binaların damlarından yağış suları novlar və xüsusi boru xətləri vasitəsilə toplanır, daha sonra müəyyən ərazilərə yönləndirilir. Toplanan sudan müxtəlif məqsədlərlə istifadə etmək mümkündür. Bəzi ölkələrdə yağış suları xüsusi çənlərdə toplanır. Su burada duruldulduqdan və təmizləndikdən sonra yenidən istifadə olunur. Belə su texniki məqsədlər üçün yararlı ola bilər. Digər hallarda isə yağış suları şəhər ərazisinə zərər verməyəcək şəkildə kənarlaşdırılır. Digər yanaşma isə yağış sularının təbii su hövzələrində toplanmasıdır. Bakı şəhərinin ətrafında əvvəllər belə təbii toplanma sahələri mövcud olub. Yağış suları həmin ərazilərdə toplanır, daha sonra təbii proseslər nəticəsində su sisteminə qarışırdı. Yağıntı suları çirklənməyə məruz qalmadığı halda, müəyyən təmizlənmə proseslərindən sonra müxtəlif məqsədlər üçün istifadə oluna bilər. Azərbaycanda isə bu istiqamətdə sistemli yanaşmanın yetərli səviyyədə olmadığını düşünürəm. Hətta sovet dövründə mövcud olan bəzi layihələr çərçivəsində yağış sularının axıdılması üçün nəzərdə tutulan arxlar sonradan bağlanıb. Hazırda da bir çox yollarda yağış sularının toplanması və axıdılması üçün ayrıca sistemlər yoxdur. Halbuki bu sistem kanalizasiya şəbəkəsindən ayrı olmalıdır. Bu məsələ xüsusilə Bakı şəhərinin coğrafi quruluşu baxımından ciddi əhəmiyyət daşıyır. Şəhərdə hündür və alçaq ərazilər, maili və çökək sahələr kifayət qədər çoxdur. Xırdalan, Masazır, Böyükşor və digər ərazilərdə yağıntı zamanı suyun müəyyən istiqamətdə sürətlə hərəkət etməsi müşahidə olunur. Şəhər daxilində isə bu axınları idarə etmək çətinləşir, çünki bəzi ərazilərdə suyun təbii və ya mühəndislik baxımından düzgün axın istiqaməti yoxdur. Düşünürəm ki, artıq bu məsələ ciddi narahatlıq doğurur. Müxtəlif platformalarda da bununla bağlı fikirlər səsləndirilir və yağışlardan sonra yaranan vəziyyəti əks etdirən videolar yayılır. Müəyyən tədbirlərin planlaşdırıldığını da görürük. Bu ilin əvvəlində ölkə Prezidenti yanında su təsərrüfatının idarə olunması, həmçinin kanalizasiya şəbəkəsinin yenidən qurulması ilə bağlı geniş müşavirə keçirilib. Düşünürəm ki, həmin layihələr çərçivəsində yağış sularının ayrıca toplanması və bunun üçün yeraltı su anbarlarının yaradılması məsələsi də nəzərdən keçirilə bilər. Əgər bu mümkün olsa və müvafiq layihələrdə nəzərdə tutularsa, bunun əhəmiyyətli faydası ola bilər. Toplanan sudan texniki su kimi istifadə etmək mümkündür. Bu, bəzi hallarda dəniz suyunun şirinləşdirilməsi ilə müqayisədə daha az xərc tələb edə bilər. Eyni zamanda, yağışlar zamanı şəhərdə yaranan su axınlarının və bunun nəticəsində meydana çıxan problemlərin müəyyən qədər azalmasına imkan verər. Yağış sularının toplanması xüsusilə su ehtiyatlarının məhdud olduğu ölkələr üçün əhəmiyyətlidir. Bir sıra ərəb ölkələrində yağıntının az olmasına baxmayaraq, mövcud yağış sularından mümkün qədər səmərəli istifadə etməyə çalışırlar. Digər tərəfdən, bəzi Asiya ölkələrində musson xarakterli intensiv yağışlar müşahidə olunur və bu da yağış sularının idarə edilməsini zəruri edir. Azərbaycanda da intensiv yağışlar zamanı oxşar problemlərlə qarşılaşırıq. Buna görə yağış sularının ayrıca toplanması və idarə olunması ilə bağlı müasir metodlardan istifadə həm su ehtiyatlarından səmərəli yararlanmağa, həm də yağıntıların şəhər infrastrukturuna vurduğu zərərin qarşısını almağa kömək edə bilər".
Rəfiqə Namazəliyeva,
AzNews.az