"Azərbaycan öz ordusunu gündən-günə inkişaf etdirir və gözləmək mövqeyində deyil" – AÇIQLAMA

5 Oktyabr 2026 20:06 (UTC+04:00)

"Ermənistanın silahlanması və yeni ordu quruculuğu istiqamətində addımlar atdığını müşahidə edirik. Ermənistanın hərbi büdcəsində də artım var. Eyni zamanda, Ermənistan hələ də Konstitusiyasında dəyişiklik etməyib. Azərbaycan isə bunu gözləmək mövqeyində deyil və öz ordusunu gündən-günə inkişaf etdirir. Hazırda Azərbaycanın hərbi büdcəsi 9 milyard dollar təşkil edir və ölkəmizin regionda güclü tərəf olduğu görünür. İkincisi, təbii ki, Ermənistanın silahlanması və ölkədə revanşizm meyillərinin hələ də qalması narahatlıq doğurur. Son günlər Ermənistan cəmiyyətində də revanşist əhval-ruhiyyənin müəyyən nümunələrini müşahidə etdik. Azərbaycan Prezidenti İlham Əliyev də dəfələrlə qeyd edib ki, Azərbaycan boş dayanmamalı, baş verənləri unutmamalı və prosesləri diqqətlə izləməlidir".

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Məhəmməd Əsədullazadə deyib.

Qeyd edək ki, Ermənistanda yaxın illərdə revanşist meyillərin güclənə biləcəyi ilə bağlı fikirlər səsləndirilir. Bu barədə baş nazir Nikol Paşinyan hökuməti ilə əlaqəli olduğu bildirilən erməni analitik Nerses Kopalyan açıqlama verib. Kopalyanın sözlərinə görə, hazırda Ermənistan cəmiyyətində mövcud vəziyyətdən çıxış yolu tapa bilməməklə bağlı narazılıq və gərginlik hiss olunur. Analitik hesab edir ki, gələcəkdə, xüsusilə 15-20 il sonra Azərbaycanda siyasi dəyişikliklərin baş verməsi fonunda erməni millətçiliyi yenidən siyasi müstəvidə fəallaşa bilər. Məlumat üçün bildirək ki, Ermənistanın gələn il üzrə hərbi xərclərində artım nəzərdə tutulub. Eyni zamanda, konstitusiya dəyişikliyi məsələsinin hələ də həllini tapmaması fonunda ölkənin hərbi potensialını artırmağa yönəlmiş addımlar atdığı müşahidə olunur.

Siyasi şərhçi qeyd edib ki, Ermənistanda revanşizm meyilləri hələ də qalmaqdadır.

"Düşünürəm ki, Ermənistanın hazırda Azərbaycana qarşı hərbi müstəvidə hansısa addım atması real görünmür. Lakin onlar Azərbaycana qarşı mədəni və tarixi müstəvidə müəyyən təzyiqlər göstərə bilərlər. Gələcəkdə isə yeni münaqişənin başlanması ehtimalını da tam istisna etmək olmaz. Çünki Azərbaycanla Ermənistan arasında uzun illər davam edən münaqişə təkcə dövlətlərarası deyil, müəyyən mənada xalqlar arasında da qarşıdurmaya çevrilib. Bu baxımdan xalqlar arasında sülhün təmin edilməsi, ilk növbədə, hər iki ölkənin hakimiyyətlərinin üzərinə düşən vəzifədir. Biz görürük ki, Ermənistanda revanşizm meyilləri hələ də qalmaqdadır. Azərbaycan sülhə hər zaman hazırdır. Lakin Ermənistanda revanşist əhval-ruhiyyənin mövcudluğunu gördükdən sonra Azərbaycan da öz təhlükəsizliyini təmin etməyə və müdafiə qabiliyyətini gücləndirməyə hazır olmalıdır. Düşünürəm ki, Azərbaycan zəifləyərsə, Ermənistan yenidən ölkəmizə təzyiq göstərməyə və öz iddialarını ortaya qoymağa cəhd edə bilər. Ona görə də Azərbaycan hərbi potensialını daim gündəmdə saxlamalı və regionda baş verən prosesləri diqqətlə izləməlidir".

Rəfiqə Namazəliyeva,

AzNews.az