Qalibaf: Qafqaz xarici güclərin rəqabət meydanına çevrilməməlidir

5 Oktyabr 2026 20:25 (UTC+04:00)

Qafqaz xarici güclərin geosiyasi rəqabət meydanına çevrilməməlidir.

"Report" "Tasnim"ə istinadən xəbər verir ki, bu barədə İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşdə bildirib.

"İndi Qafqaz regionunun hər zamankından daha çox sülhə ehtiyacı var və rəsmi sərhədlər möhkəmləndirilməlidir. Təcrübə göstərir ki, regiondankənar güclərin müdaxiləsi təhlükəsizliyin pozulmasına səbəb ola bilər", - o bildirib və Fars körfəzi regionunu örnək gətirib.

Mirzoyan iki ölkənin əməkdaşlığını qabardıb:

"Dostluqlar və davamlı əlaqələr problemlər zamanı bir yerdə olmaqdan yaranır. Əslində, çətin günlərdəki dostluq əlaqələrin daha da möhkəmlənməsinə səbəb olur.

Region ölkələri nəqliyyat, enerji, infrastruktur və s. sahələrində misilsiz imkanlara malikdir, buna görə də əməkdaşlığımızı genişləndirməli və inkişaf etdirməliyik. Bu səbəbdən Ermənistan qonşuları ilə kommunikasiya xətlərini inkişaf etdirmək niyyətindədir".

Xatırladaq ki, Mirzoyan İranda səfərdədir. Bundan əvvəl o, iranlı həmkarı Abbas Əraqçi ilə görüşüb.