İran: Razılaşmaları pozan düşmənlə danışıqlar aparmağın mənası yoxdur

6 Oktyabr 2026 12:03 (UTC+04:00)

İran Prezidenti Məsud Pezeşkian Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla paytaxt Tehranda görüşüb.

Pezeşkian görüş zamanı bildirib ki, “ABŞ ilə problemimiz hər dəfə danışıqlar masasına oturduğumuzda bizə müharibənin tətbiq edilməsidir”.

Onun sözlərinə görə, Vaşinqton administrasiyası danışıqlar zamanı üç dəfə İrana hücum edib. Pezeşkian bunun “ABŞ-nin dialoq axtarmadığını, əksinə, İranı məhv etmək niyyətində olduğunu göstərdiyini” bildirib.

“ABŞ əsassız iddialarla İrana təzyiq göstərir”

Pezeşkian ölkəsinin nüvə fəaliyyəti ilə bağlı dürüstlüyünü dəfələrlə sübut etdiyini deyib. Onun sözlərinə görə, İran Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) tərəfindən ən çox yoxlanılan ölkədir. Buna baxmayaraq, ABŞ “əsassız iddialarla” İrana təzyiq göstərir.

Pezeşkian BMT Baş Assambleyasının tribunasından nüvə fəaliyyəti ilə bağlı yoxlamalara və dialoqa açıq olduqlarını bildirdiyini, lakin hər yoxlama zamanı İranın nüvə obyektlərinin və alimlərinin müəyyən edilərək sui-qəsdlərə məruz qaldığını qeyd edib.

İran prezidenti ABŞ-nin Minab şəhərində məktəbə hücum və nəticədə 168 uşağın həlak olması ilə bağlı məsuliyyət daşımadığını, buna baxmayaraq insan hüquqlarından danışdığını bildirib.

“Daim sui-qəsdlər həyata keçirən, sanksiyalar tətbiq edən, təzyiq göstərən və razılaşmaları pozan düşmənlə danışıqlar aparmağın mənası yoxdur və xalqımız bunu qəbul etmir”, – Pezeşkian deyib.

Mövsüm,

AzNews.az