Azərbaycan rəqəmsal İpək Yolunun mərkəzinə çevrilir

6 Oktyabr 2026 22:00 (UTC+04:00)

Azərbaycan və Qazaxıstan arasında Xəzər dənizinin dibi ilə Trans-Xəzər fiber-optik kabel xəttinin çəkilişini oktyabr ayında başa çatdıracaq.

Aznews.az xəbər verir ki, bunu Qazaxıstanın Baş nazirinin müavini - süni intellekt və rəqəmsal inkişaf naziri Jaslan Madiyev hökumətin iclasında bildirib.

Onun sözlərinə görə, Sumqayıt sahilindən Aktau sahilinədək 390 kilometr fiber-optik kabel çəkilib.

Layihə “Kazakhtelecom” və Azərbaycanın “AzerTelecom” şirkətləri tərəfindən həyata keçirilir. Trans-Xəzər fiber-optik kabel xətti Avropa ilə Asiya arasında yüksək sürətli məlumat ötürülməsi üçün alternativ rəqəmsal marşrut yaradacaq.

Qeyd edək ki, layihə “Rəqəmsal İpək Yolu” təşəbbüsünün əsas komponentlərindən biridir. Xəttin maksimal ötürmə qabiliyyətinin 400 Tbit/s-ə qədər olacağı bildirilir.

Bu layihənin əhəmiyyəti sadəcə Azərbaycanla Qazaxıstan arasında yeni internet kabelinin çəkilməsi ilə məhdudlaşmır. Trans-Xəzər fiber-optik xətti Azərbaycanın Avropa ilə Asiya arasında rəqəmsal tranzit qovşağına çevrilməsi baxımından strateji layihədir.
Sumqayıtdan Aktauya 390 kilometrlik kabelin çəkilməsi Xəzərin fiziki olaraq ayırdığı iki sahili rəqəmsal baxımdan birləşdirir. Layihənin 400 Tbit/s-ə qədər ötürmə qabiliyyəti isə gələcəkdə böyük həcmdə məlumat trafikinin Azərbaycan üzərindən daşınmasına imkan yarada bilər.
Burada əsas məsələ alternativ rəqəmsal marşrutun yaradılmasıdır. Avropa ilə Asiya arasında məlumatların ötürülməsində marşrutların şaxələndirilməsi həm sürət, həm dayanıqlılıq, həm də rəqəmsal təhlükəsizlik baxımından əhəmiyyət daşıyır.
Azərbaycan üçün daha mühüm tərəf isə Orta Dəhlizin yalnız yük daşımaları ilə məhdudlaşmamasıdır. Dəhlizin dəmir yolu və avtomobil infrastrukturu ilə yanaşı, enerji və telekommunikasiya komponentləri də formalaşır. Beləliklə, Azərbaycan Şərqlə Qərb arasında yalnız malların deyil, məlumatın da tranzit ölkəsinə çevrilmək imkanını artırır.
“Rəqəmsal İpək Yolu”nun məhz bu xətt üzərindən inkişaf etdirilməsi gələcəkdə data mərkəzləri, bulud xidmətləri, süni intellekt infrastrukturu və beynəlxalq rəqəmsal xidmətlər üçün də yeni imkanlar yarada bilər.
Xəzərin üzərindən çəkilən 390 kilometrlik kabel əslində sadəcə kabel deyil - Azərbaycanın Orta Dəhlizdə rəqəmsal rolunun formalaşmasının mühüm hissəsidir.

Nuray

Aznews.az