"Əslində, müasir şəhərlərin nəqliyyat problemlərinin tənzimlənməsi olduqca aktual və mürəkkəb məsələlərdən biridir. Burada ən önəmli məsələ nəqliyyatın idarə edilməsinə və alternativlərin düzgün qiymətləndirilməsinə başlanılmasıdır. Hər bir halda, əgər şəhər böyükdürsə, əhalinin intensivliyi və sıxlığı yüksəkdirsə, nəqliyyatın tənzimlənməsi ilə bağlı müəyyən problemlərin ortaya çıxması mümkündür. Buna görə də bütün mümkün variantlar, o cümlədən növbəli iş rejimi və digər alternativlər bərabər səviyyədə nəzərdən keçirilməli, tənzimlənmə isə müəyyən sabit və dəyişən meyarlar əsasında aparılmalıdır. Tənzimlənmənin əsas mahiyyəti ondan ibarətdir ki, gündəlik fəaliyyətdə sürətlənmə, dinamika və hərəkətlilik nəzərə alınmalı, müxtəlif və çoxşaxəli yanaşmalara hazır olmaq lazımdır. İstənilən halda sakinlərin yaşam tərzinin yaxşılaşdırılması əsas amillərdən biri kimi nəzərə alınmalıdır".
Bu fikirləri Aznews.az-a açıqlamasında sosioloq Naib Niftəliyev deyib.

Qeyd edək ki, Bakıda əhalinin və nəqliyyat vasitələrinin sayının artması, tıxacların intensivləşməsi, uzun məsafələr və gündəlik həyatın sürətlənməsi şəhər sakinlərinin yaşam tərzinə təsir edən əsas amillər sırasında yer alır. Günün böyük hissəsinin yolda keçirilməsi, iş və yaşayış məkanlarının bir-birindən uzaq olması, sosial münasibətlərə və insanların şəhər həyatına münasibətinə də təsir göstərə bilər.
Sosioloq qeyd edib ki, bu istiqamətdə müxtəlif tənzimləmə üsullarından istifadə etmək mümkündür.
"Məsələn, iş yerlərində müəyyən fəaliyyətlərin qismən onlayn həyata keçirilməsi və iş qrafiklərinin müxtəlif saatlar üzrə fərqli şəkildə bölüşdürülməsi mümkündür. Xüsusilə şəxsi nəqliyyatdan istifadənin müəyyən dərəcədə məhdudlaşdırılması, ictimai nəqliyyatın sayının və imkanlarının artırılması mühüm rol oynaya bilər. Həmçinin çoxsaylı sərnişin daşımalarında mikroavtobuslardan nəqliyyat vasitəsi kimi istifadə imkanları nəzərdən keçirilə bilər. Taksilərin qiymətinin nisbətən ucuz və əlçatan olması da təşviq edilə bilər. Çünki burada peşəkar sürücü kateqoriyasına aid şəxslərin sayının artırılmasına ehtiyac var. Müəyyən istiqamətlərdə taksilərin hərəkətinin şəxsi nəqliyyat vasitələrindən istifadədən daha məqsədəuyğun olduğu hallar mövcuddur. Qrafiklər hazırlanarkən, plan qurularkən müəyyən hədəflər nəzərə alınmalı və şəxsi avtomobillərlə bağlı müəyyən kiçik məhdudiyyətlər tətbiq edilməlidir. Bu halda tıxacların səviyyəsinin ən azı iki-üç dəfə azalması mümkündür. Bu da normal dövriyyə, hərəkət və şəhər fəaliyyətinin təmin olunması baxımından çox əhəmiyyətlidir. Digər tərəfdən, parklanma yerlərinin artırılması, müxtəlif rezerv məkanların yaradılması və bununla bağlı qaydaların sadələşdirilməsi məsələsinə də diqqət yetirilməlidir. Nisbətən yüngül nəqliyyat vasitələrinin hərəkətinə daha çox önəm verilməsi, xüsusilə axının çox olduğu istiqamətlərdə onların sayının artırılması məqsədəuyğun olardı. Burada müəyyən ərazilərdə sürət limitlərinin qismən azaldılmasına da ehtiyac yarana bilər. Məsələn, bəzən insanlar bir saat iyirmi dəqiqə nəqliyyatda gözləyənə qədər yolu piyada daha qısa müddətdə qət edə bilirlər. Buna görə də insanların hansı yollardan və necə istifadə etmələri ilə bağlı daha düzgün və rasional yanaşmaya sahib olması da vacibdir. Bu da şəhər həyatının rahatlığını artıran amillərdən biridir. Sadəcə olaraq, insanların yolda böyük vaxt itirməsi, işə, dərsə və digər fəaliyyətlərə çatmaq üçün uzun müddət hərəkətdə olması onların davranışında gərginlik yaradır və rahatlığını azaldır. İş və yaşayış məkanlarının bir-birindən uzaq olması məsələsinə gəldikdə isə burada müəyyən uyğunluq yaradılmalıdır. İşəgötürənlər də işçilərin yaşayış şəraitini, maraqlarını və aldıqları maaşı nəzərə alaraq onların iş yerinə yaxın ərazidə məskunlaşması imkanlarını təmin etməyə çalışmalıdırlar ki, insanlar sosial və gigiyenik tələblərə uyğun şəkildə iş prosesinə adaptasiya ola bilsinlər. Təbii ki, burada ailə vəziyyəti və ailədəki müxtəlif sosial qayğılar da nəzərə alınmalıdır. Hər kəs uzaq məsafədən gəlib işə yaxın ərazidə ev tuta və ya təklif olunan məkanda qala bilmir. Amma işəgötürənlərin bu kimi imkanları nəzərdən keçirməsi belə çox önəmlidir. Çünki əgər insan işini dəyişə bilmirsə və ya həmin iş onun üçün çox önəmlidirsə, işəgötürən işçinin fəaliyyətini stimullaşdırmaq istəyirsə, bu amillərə diqqət yetirməlidir. Bütün bunlar şəhərdə gərginliyi və sıxlığı əhəmiyyətli dərəcədə azaldan, pik saatlarda yaranan yükü yumşaldan amillər sırasındadır. Böyük şəhər böyük insan toplumu, böyük imkanlar, böyük sənaye müəssisələri, geniş yollar və inkişaf etmiş nəqliyyat infrastrukturu deməkdir. Bütün bunların düzgün tənzimlənməsi və idarə olunması olduqca önəmli və vacibdir. İnsanların yorğun və gərgin vəziyyətə düşməsinin, ünsiyyətdən uzaqlaşmasının qarşısını almaq üçün sosial və nəqliyyat infrastrukturu ilə bağlı tədbirlər düzgün çeşidlənməli, optimal şəkildə planlaşdırılmalı və praktik olaraq effektiv səviyyədə həyata keçirilməlidir. Təbii ki, bunlar sadəcə sözdə ifadə olunan fikirlər deyil, kifayət qədər ciddi yanaşma tələb edən məsələlərdir. Hər bir halda bunun arxasında nəqliyyatın düzgün tənzimlənməsi və nəqliyyat strukturunun tədricən məqsədyönlü şəkildə inkişaf etdirilməsi, önləyici tədbirlərin daha effektiv formada genişləndirilməsi dayanmalıdır. Məsələn, nəqliyyatın müəyyən strukturlarının birləşdirilməsi və fəaliyyət nöqtələrinin optimallaşdırılması mümkündür. Digər tərəfdən, müəyyən nəqliyyat xətlərinin fəaliyyətinin iki istiqamətə ayrılması, uzun müddət – 10-11 ay ərzində qismən məhdudlaşdırılması və bir xəttin digərləri ilə əlaqəsinin kəsilməsi müəyyən mənada ciddi narahatlıqlar və problemlər yaradır. Buna görə də əvvəlcədən müəyyənləşdirici və kompensasiyaedici tədbirlər işlənilməli, mümkün qədər təmir prosedurları əhalinin fəaliyyətinə, rahatlığına, işgüzar davranışına və işə vaxtında çatmasına mane olmamalıdır. Nəqliyyatda ən effektiv strukturlardan biri metrodur. Metronun intensivliyinin artırılması, intervalların maksimum bir dəqiqədən aşağı həddə endirilməsi, keçidlərin və qatarların sayının artırılması çox önəmli məsələdir. Bu, nəqliyyat sıxlığını azaldan əsas amillərdən biri ola bilər. Bütün bunlar göstərir ki, nəqliyyat sisteminin fəaliyyətini düzgün tənzimləmək lazımdır. Çünki nəqliyyat insanların fəaliyyətinə, davranışına, münasibətlərinə, yorğunluğuna, özlərini rahat və ya stresli hiss etmələrinə birbaşa təsir göstərən amillər sırasındadır. Təəssüf ki, hazırda bu istiqamətdə müəyyən mənfi tendensiyalar müşahidə olunur. Bu mənfi tendensiyaların qarşısını almaq üçün müxtəlif həll modellərini tətbiq etməyi və nəqliyyat sistemini daha səmərəli şəkildə tənzimləməyi bacarmalıyıq. Əsas məsuliyyət nəqliyyat infrastrukturunun idarə olunmasına cavabdeh qurumların üzərinə düşür. Düşünürəm ki, onlar bu xüsusiyyəti dərk edir və başa düşürlər. İstənilən halda ictimai dəstəyi, ictimai düşüncəni və insanların bu məsələyə münasibətini də qiymətləndirməliyik. Nəqliyyatın vəziyyətinin yaxşılaşdırılması ilə bağlı mümkün imkanlar, təkliflər və tövsiyələr mütləq şəkildə nəzərə alınmalıdır".
Rəfiqə Namazəliyeva,
AzNews.az