"SSRİ-nin süqutundan sonra ABŞ başda olmaqla NATO bloku Rusiyanı düşmən elan etdi və Rusiyanı dünya siyasi arenasından təcrid etmək üçün onun ətrafında müxtəlif gərginlik ocaqları yaratmağa başladı. Məqsəd demokratiya ideyası adı altında ayrı-ayrı dövlətlərdə hakimiyyət dəyişiklikləri həyata keçirmək, özlərinə münasib şəxsləri hakimiyyətə gətirmək və daha sonra həmin şəxslərdən Rusiyaya qarşı istifadə etməkdir. Biz bunun nümunələrini Gürcüstanda Saakaşvili dövründə, Ukraynada, hazırda isə Ermənistanda müşahidə edirik. Baltikyanı respublikalar da buna nümunədir".
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Azad Məsiyev deyib.

Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsi fonunda Moskvanın gələcək xarici siyasətinin hansı istiqamətdə inkişaf edəcəyi ilə bağlı suallar artır. Xüsusilə postsovet ölkələrinin təhlükəsizliyi və Rusiyanın bu coğrafiyadakı mövqeyini qorumaq cəhdləri Qərb ölkələrinin diqqətindədir. Almaniyanın xarici işlər naziri Yohann Vadefulun son açıqlamaları da bu narahatlıqları yenidən gündəmə gətirib. O, Rusiyanın mümkün hədəflərinin Ukrayna ilə yekunlaşmaya biləcəyini, Gürcüstan, Moldova və Baltikyanı ölkələrin də risklərlə üzləşə biləcəyini bildirib. Məsələ yalnız Rusiyanın mümkün növbəti addımları ilə məhdudlaşmır. Eyni zamanda, Avropanın və NATO-nun Moskvanın qarşısını almaq üçün hansı siyasi və hərbi mexanizmlərdən istifadə edəcəyi də müzakirə olunur. Bu baxımdan, Ukrayna müharibəsinin nəticələrinin postsovet məkanında qüvvələr nisbətinə necə təsir göstərəcəyi və Rusiyanın regiondakı siyasətinin bundan sonra hansı istiqamətdə dəyişə biləcəyi xüsusi maraq doğurur.
Siyasi şərhçi qeyd edib ki, Rusiya ətrafında gərginlik ocaqları yaradılır, demokratiya ideyası adı altında ayrı-ayrı dövlətlərdə Qərbə yaxın şəxslər hakimiyyətə gətirilir və daha sonra həmin ölkələrin NATO-ya inteqrasiyası təşviq edilərək Rusiyaya qarşı mövqedə dayanması təmin olunur.
"Hazırda Baltikyanı respublikalarda da Rusiyaya qarşı müxtəlif çağırışların edildiyini görürük. Təbii ki, Rusiya da özünü müdafiə etmək üçün bütün vasitələri məqbul hesab edir və açıq şəkildə bəyan edir ki, NATO-nun Rusiya sərhədlərinə doğru irəliləməsi birbaşa onun milli təhlükəsizliyinə təhdid yaradır. Burada sual meydana çıxır: NATO niyə Afrikada və Latın Amerikasında inteqrasiya olunmur və genişlənmir? Nə üçün məhz Rusiya ətrafında genişlənməyə doğru gedir? Məqsəd Rusiyanı dünya siyasi arenasından təcrid etmək üçün ona yaxın dövlətlərdən və həmin ölkələrdə baş verən siyasi proseslərdən Rusiyaya qarşı istifadə etməkdir. Ukraynada baş verən hadisələr də müəyyən mənada bu siyasətin nəticəsi kimi qiymətləndirilir. Rusiya dəfələrlə bəyan edib ki, postsovet məkanında yerləşən respublikaların NATO-ya inteqrasiyası birbaşa Rusiyaya qarşı yönəlmiş siyasətdir. Əgər Rusiya və ya Çin ABŞ-ın ətrafında, məsələn, Kuba və ya Meksikada hərbi bazalar yaratsa və orada nüvə başlıqları yerləşdirsə, ABŞ bu hadisələrə necə yanaşardı? Əlbəttə ki, bunu qəbul etməzdi. Xatırlatmaq yerinə düşər ki, yaxın vaxtlarda Avropa İttifaqının Brüsseldəki rəsmiləri Kanadanın Avropa İttifaqına assosiativ üzv kimi qəbul edilməsi məsələsini gündəmə gətirmişdilər. ABŞ Prezidenti Donald Trampın mövqeyi isə necə oldu? O, açıq şəkildə Avropa İttifaqını hədələdi və bunun Amerikaya qarşı düşmənçilik anlamına gəldiyini bildirdi. Hətta ABŞ öz müttəfiqi olan NATO üzvü ilə bağlı belə bir addımı özünə təhlükə kimi qiymətləndirirsə, Rusiyaya yaxın dövlətlərdə demokratiya adı altında hakimiyyət dəyişikliyi həyata keçirərək həmin ölkələrdən Rusiyaya qarşı istifadə etmək Moskva tərəfindən necə qəbul edilə bilər? Təbii ki, buna adekvat cavab veriləcək. İstər Ermənistanda, istər Ukraynada, istərsə də Gürcüstanda baş verən hadisələr onu göstərir ki, bu dövlətlər Rusiyaya qarşı müəyyən mənada alət kimi istifadə edilir. Hər bir dövlət iki tərəfli əməkdaşlıq edə bilər, lakin bu əməkdaşlıq üçüncü dövlətə qarşı yönəlməməlidir. Ukraynada 2014-cü ildən etibarən baş verən hadisələr, NATO, Ukrayna və Avropa ilə əməkdaşlıq prosesləri müəyyən mənada Rusiyaya qarşı yönəlmiş siyasət kimi qiymətləndirilə bilər. Təbii ki, Rusiya da özünü müdafiə etmək üçün müəyyən addımları məqbul sayır və buna uyğun adekvat cavab verir. Hazırda bəzi Avropa dövlətləri Rusiya-Ukrayna münaqişəsini genişləndirmək, münaqişənin əhatə dairəsini böyütmək üçün postsovet dövlətlərinin gələcəkdə Rusiyadan təhlükə ilə üzləşəcəyi barədə təbliğat aparırlar. Bu, kökündən yanlış yanaşmadır. Məsələn, Azərbaycanla Rusiya arasında 2022-ci ilin fevralında Azərbaycan və Rusiya prezidentləri arasında 43 maddədən ibarət Bəyannamə imzalanıb. Bu sənəd iki dövlət arasında münasibətlərin inkişafına və genişləndirilməsinə hesablanmışdı. Təbii ki, Qərb dövlətləri Rusiya ilə münasibətləri olan respublikalar – istər Gürcüstan, istər Moldova, istər digər Cənubi Qafqaz respublikaları, istərsə də Orta Asiya dövlətləri ilə bağlı müəyyən təbliğat apararaq onların Rusiyanın əleyhinə fəaliyyət göstərməsinə çalışırlar. Ümumilikdə hesab edirəm ki, qonşularla münasibətlərdə dinc yanaşı yaşamaq prinsipi əsas götürülməlidir və qonşu dövlətlərə qarşı hansısa alətə çevrilməkdən çəkinmək lazımdır. Məhz Gürcüstan Saakaşvili dövründə Rusiyaya qarşı istifadə olunan alətə çevrildi. Bu gün Ermənistanın da Qərbin əlində alətə çevrilərək Rusiyaya qarşı fəaliyyət göstərdiyi iddia olunur. Eyni zamanda Baltikyanı respublikalar da NATO blokunun və ABŞ-nin təsiri altında Rusiyaya qarşı istifadə olunan alətə çevrilib. Təbii ki, Rusiya da özünü müdafiə etmək üçün müəyyən vasitələri məqbul sayacaq və buna uyğun davranacaq. Məsələyə daha ədalətli və obyektiv yanaşmaq vacibdir. Bu gün Rusiya ətrafında baş verən hadisələr ABŞ-ın ətrafında baş versəydi, hesab edirəm ki, Amerika Rusiyadan da daha aqressiv hərəkət edərdi. Mən 1960-cı illərdə baş verən hadisələri xatırlatmaq istəyirəm. Həmin dövrdə SSRİ rəhbəri Nikita Xruşşov idi. SSRİ Kubada hərbi bazalar və uzaqmənzilli raketlər yerləşdirmək barədə qərar vermişdi. Həmin vaxt ABŞ Prezidenti Con Kennedi bu məsələyə çox sərt reaksiya göstərdi və Kubanı blokadaya aldı. SSRİ ilə ABŞ arasında hərbi qarşıdurmanın baş verməsi bir an məsələsinə çevrilmişdi. ABŞ-nin hərbi gəmiləri Kuba ətrafında blokada yaratmış, SSRİ-nin hərbi və mülki gəmilərinin Kubaya hərəkətinə məhdudiyyət qoyulmuşdu. Həmin dövrdə Xruşşov soyuqqanlı davranaraq qarşıdurmadan geri çəkildi. Hətta nüvə silahından istifadə məsələsinin gündəmə gəlməsi belə real təhlükəyə çevrilmişdi. ABŞ həmin dövrdə öz milli təhlükəsizliyini qorumaq üçün bu addımları atmışdı. ABŞ Prezidenti Kennedi də milli təhlükəsizliyin qorunması məsələsində radikal mövqe nümayiş etdirmişdi. Bu gün də oxşar proseslərin Rusiya ətrafında baş verdiyini düşünürəm. ABŞ Rusiyanın ətrafında hərbi bazalar yaratmaq, həmin respublikaları öz təsiri altına salmaq və demokratiya ideyası adı altında özünə yaxın qüvvələri hakimiyyətə gətirməklə Rusiyaya qarşı istifadə etməyə çalışır. Təbii ki, Rusiya rəsmiləri buna soyuqqanlı yanaşmır və adekvat cavab verməyə çalışırlar. Hesab edirəm ki, Rusiya ətrafında yerləşən qonşu respublikalar Qərbin əlində alətə çevrilməməlidir. İkitərəfli münasibətlər beynəlxalq hüquq müstəvisində tənzimlənməlidir. Çünki böyük güclərin əlində alətə çevrilməyin ən böyük ziyanını həmin xalqlar çəkir. Bu gün Ukraynanın yaşadığı vəziyyət də buna nümunədir. Eyni zamanda 2008-ci ildə Gürcüstanda baş verən hadisələr də bu baxımdan xatırlana bilər. Bu gün Moldovada və Ermənistanda baş verən proseslər də müəyyən mənada ABŞ-nin həmin dövlətlərdən Rusiyaya qarşı istifadə etməyə çalışdığı barədə fikirləri gündəmə gətirir. Hesab edirəm ki, bu cür siyasətin Cənubi Qafqaza da sıçramaq ehtimalı var. Məsələn, Ermənistanın baş naziri və digər rəsmiləri müxtəlif vaxtlarda Avropa İttifaqının Ermənistanı Rusiyaya qarşı daha sərt mövqe tutmağa təşviq etdiyini bildiriblər. Burada məqsəd nədir? Cənubi Qafqazda xaos yaratmaq və region dövlətlərindən Rusiyaya qarşı istifadə etmək. Belə olan təqdirdə ən böyük ziyanı həmin kiçik dövlətlər çəkəcək. Çünki Rusiya böyük hərbi gücə malikdir və dünyanın ən böyük nüvə arsenalına sahib dövlətlərdən biridir. Bu baxımdan, Rusiya ilə dost olmaq mümkün deyilsə belə, ən azı düşmən münasibətlərə yol verməmək lazımdır. Çünki Rusiya ilə düşmənçiliyin ağır nəticələri ola bilər. Hesab edirəm ki, Qərbin əlində alətə çevrilmək həmin xalq və dövlət üçün ciddi faciələrə gətirib çıxara bilər".
Rəfiqə Namazəliyeva,
AzNews.az