"Ermənistan hazırda Rusiyadan uzaqlaşır və bu, rəsmi İrəvanın mənəvi istiqamətlərinə də birbaşa təsir göstərir. Çünki Rusiyanın təhlükəsizlik sisteminə alternativ yeni təhlükəsizlik sistemləri Ermənistan üçün hələlik demək olar ki, mövcud deyil. Ona görə də rəsmi İrəvan hər hansı təzyiqlərə həssas vəziyyətdədir, yəni təzyiqlər qarşısında aciz vəziyyətdədir. Son vaxtlar TRIPP layihəsi ilə bağlı İranın Ermənistana müəyyən etirazları mövcud idi və bəzi məlumatlara görə, hətta bu etirazlar səhnə arxasında təzyiq xarakteri daşıyırdı. Görünür, həmin təzyiqləri zəiflətmək üçün Ermənistan İranla münasibətləri daha yumşaq modelə keçirtməyə çalışır. Ona görə də qarşılıqlı səfərlər, o cümlədən də müəyyən məsələlərin müzakirəsi, xüsusilə də nəqliyyat-kommunikasiya mövzularının gündəmə gətirilməsi baş verir".
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib.

Qeyd edək ki, Cənubi Qafqazda nəqliyyat və siyasi proseslərin yeni mərhələyə keçdiyi bir vaxtda Ermənistanın İranla təmaslarını artırması diqqət çəkən məqamlardan biridir. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Tehrana səfəri zamanı İran rəsmiləri ilə keçirdiyi görüşlərdə iki ölkə arasında əməkdaşlığın gələcək istiqamətləri ilə yanaşı, regionda baş verən dəyişikliklərin də müzakirə edildiyi görünür. Xüsusilə nəqliyyat və enerji layihələri, ticarət əlaqələri və Cənubi Qafqazda yaranan yeni geosiyasi mənzərə tərəflərin gündəliyində mühüm yer tutur. Bu təmaslar Ermənistanın bir tərəfdən İranla mövcud əlaqələrini saxlamağa, digər tərəfdən isə ABŞ-la TRIPP layihəsi çərçivəsində əməkdaşlığını genişləndirməyə çalışdığı bir dövrə təsadüf edir. Bu baxımdan, İrəvanın fərqli regional aktorlarla münasibətlərini paralel şəkildə inkişaf etdirmək cəhdi diqqət çəkir.
Siyasi şərhçi qeyd edib ki, bununla belə, Ermənistanın İranla münasibətlərə uzun müddət sadiq qalacağı inandırıcı görünmür.
"Çünki Ermənistan hər an mövqeyini dəyişməyə hazır bir dövlət olduğunu artıq dəfələrlə sübuta yetirib, Rusiya ilə münasibətlərin pozulma istiqamətində inkişaf etməsi də bunu təsdiqləyir. Böyük ehtimalla, Amerika Birləşmiş Ştatları Ermənistana təhlükəsizlik təminatı verərsə, o zaman rəsmi İrəvan Rusiya kimi İrana da arxa çevirə bilər və bu, deməkdir ki, İran və Ermənistan arasındakı indiki münasibətlər Cənubi Qafqazdakı geosiyasi proseslərə elə bir ciddi təsir göstərə bilməz. Amerika Birləşmiş Ştatları Zəngəzur dəhlizinin reallaşdırılması ilə bağlı Ermənistanla hüquqi sənədlərin imzalanmasını sona çatdırmaq üzrədir. Bu, deməkdir ki, amerikalılar həmin TRIPP layihəsinin reallaşdırılmasında israrlıdırlar və bu, əvvəl-axır baş verəcək, deməli. Bu halda İran və Ermənistan arasında ziddiyyətlərin dərinləşməsi də, kəskinləşməsi də qaçılmaz xarakter daşıya bilər. Bu da onu göstərir ki, Ermənistan və İran arasındakı indiki münasibətlərin səviyyəsi tamamilə müvəqqəti xarakter daşıyır və yaxın vaxtlarda Amerika Birləşmiş Ştatlarından təlimat alınan kimi, Ermənistan İranla da münasibətləri soyutmağa, İranla da məsafə saxlamağa üstünlük verəcək".
Rəfiqə Namazəliyeva,
AzNews.az