"Süni intellektlə real bank qəbzindən fərqlənməyən sənədlər yaratmaq asanlaşıb" – Ekspert

6 Oktyabr 2026 21:46 (UTC+04:00)

"Son dövrlərdə texnologiyanın inkişafı dələduzluq üsullarının da daha da təkmilləşməsinə şərait yaradıb. Xüsusilə süni intellekt və qrafik proqramlardan istifadə etməklə saxta ödəniş sənədlərinin hazırlanması asanlaşıb. Əvvəllər saxta bank qəbzi hazırlamaq müəyyən texniki bacarıq tələb edirdisə, indi müxtəlif proqram və tətbiqlər vasitəsilə real bank qəbzindən fərqlənməyən sənədlər yaratmaq mümkündür. Bu qəbzlərdə banklara məxsus şriftlərdən, möhürlərdən, barkod və QR-kodlardan istifadə edilməsi sənədin həqiqi olduğu təəssüratını yaradır. Belə hallarda əsas problem ondan ibarətdir ki, təqdim olunan qəbz ödənişin faktiki həyata keçirildiyini göstərmir. Yəni sənəd real görünsə də, göstərilən məbləğ satıcının hesabına və ya kartına daxil olmur".

Bu fikirləri Aznews.az-a açıqlamasında kibertəhlükəsizlik üzrə ekspert Fərid Əmirov deyib.

Qeyd edək ki, süni intellekt və rəqəmsal texnologiyaların sürətli inkişafı dələduzların istifadə etdiyi üsulların da dəyişməsinə səbəb olub. Son dövrlərdə saxta bank qəbzləri, SMS bildirişləri və ödəniş görüntüləri vasitəsilə vətəndaşların və sahibkarların aldadılması halları diqqət çəkir. Xüsusilə real bank sənədlərindən fərqləndirilməsi çətin olan saxta qəbzlərin hazırlanması ödənişlərin yoxlanılması məsələsini daha da aktuallaşdırır. Bəs belə hallardan qorunmaq üçün hansı məqamlara diqqət edilməlidir?

Ekspert qeyd edib ki, dələduzlar saxta bank bildirişlərindən də istifadə edirlər.

"Xüsusi texniki vasitələrin köməyi ilə SMS-in bank tərəfindən göndərildiyi görüntüsü yaradılır. Bu üsul “spufinq” kimi tanınır və istifadəçidə mesajın etibarlı mənbədən gəldiyi barədə yanlış təsəvvür formalaşdıra bilər. Fırıldaqçılar insanları tələsdirmək üçün mesajların məzmunundan da yararlanırlar. “Hesabınıza vəsait köçürüldü”, “ödəniş təsdiqləndi” və digər oxşar bildirişlər qarşı tərəfin diqqətli yoxlama aparmadan məhsulu və ya xidməti təqdim etməsinə səbəb ola bilər. Xüsusilə satıcının iş prosesində məşğul olması belə riskləri artırır. Bəzi dələduzluq sxemlərində isə məqsəd yalnız saxta ödəniş görüntüsü yaratmaq deyil, bank məlumatlarını ələ keçirmək olur. Bunun üçün saxta SMS-lərə müxtəlif keçidlər əlavə edilir və istifadəçiyə guya balansını yoxlamaq və ya əməliyyatı təsdiqləmək təklif olunur. Həmin linkə daxil olan şəxsin kart və digər bank məlumatlarının oğurlanması mümkündür. Bu baxımdan, ödənişin təsdiqi zamanı müştərinin təqdim etdiyi qəbzə, ekran görüntüsünə və ya SMS bildirişinə əsaslanmaq düzgün yanaşma deyil. Vəsaitin həqiqətən köçürüldüyünə əmin olmaq üçün əməliyyatı satıcının öz bank tətbiqindən yoxlaması daha etibarlı üsuldur. Pul hesabda görünmədiyi halda təqdim olunan istənilən qəbz və ya bildiriş ödənişin sübutu hesab edilməməlidir. Texnologiyadan istifadə imkanları genişləndikcə dələduzluq cəhdlərinin də yeni formaları ortaya çıxır. Buna görə həm satıcılar, həm də vətəndaşlar daxil olan məlumatları diqqətlə yoxlamalı, tələskən qərar verməməli və yalnız bank hesabında faktiki əks olunan əməliyyata güvənməlidirlər".

Rəfiqə Namazəliyeva,

AzNews.az