Böyük Britaniya ilə Azərbaycan arasında yeni strateji tərəfdaşlıq haqqında sənədin mətni razılaşdırılıb.
AzNews.az xəbər verir ki, bunu Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Biznes, İnnovasiya, Elm və Ticarət Nazirliyinin Ticarət üzrə dövlət naziri, Lordlar Palatasının üzvü Lord Ənəs Sərvər “X” hesabında qeyd edib.
Onun sözlərinə görə, tərəflər nəqliyyat və rəqəmsal infrastruktur üzrə yol xəritəsi də imzalayıblar.
“Bu, iqtisadi və təhlükəsizlik əlaqələrimizi daha da dərinləşdirəcək və münasibətlərimizin növbəti fəslini açacaq”, - o qeyd edib.
Bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyevlə görüş zamanı təhsil, elm, rəqəmsal transformasiya, enerji və infrastruktur sahələrində əməkdaşlıq barədə razılıq əldə olunub.
“Bu tərəfdaşlıq açıq ticarət, investisiya, innovasiya və ən əsası, insanlar və bizneslər arasında əlaqələr üzərində qurulub”, - açıqlamada vurğulanıb.
Böyük Britaniyanın nümayəndəsi qeyd edib ki, hazırda Bakıda səfərdə olmaqda məqsəd razılaşmaların həyata keçirilməsinə nail olmaq, Britaniya şirkətlərinin, sənayesinin və iş yerlərinin dəstəklənməsidir.