ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyası (EIA) Azərbaycanda 2026-2027-cı illər üçün orta hesabla gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı üzrə proqnozunu yeniləyib.
EIA-nın aylıq hesabatına görə, 2027-ci ildə ölkədə ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı 530 min barel səviyyəsində olacaq (öncəki proqnoz - 520 min barel).
EIA-nın ehtimalına görə, 2026-cı ildə ölkədə gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı 550 min barel təşkil edəcək (proqnoz dəyişməyib).
Hesabata əsasən, Azərbaycanda qeyd olunan göstərici 2025-ci ildə 570 min barel təşkil edib. 2024-cü ildə Azərbaycanda gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı 600 min barel olub.
Bu rəqəmlər Azərbaycanın neft sektorunda əsas tendensiyanı çox aydın göstərir: hasilat artırılmır, əksinə mərhələli şəkildə azalır.
2024-cü ildə gündəlik hasilat 600 min barel idisə, 2025-ci ildə 570 min barelə, 2026-cı il üçün 550 min barelə düşüb. EIA 2027-ci il üzrə əvvəlki 520 min barellik proqnozunu bir qədər yüksəldərək 530 min barelə çatdırıb. Amma bu artım hasilatın artması deyil, azalmanın tempinə dair proqnozun yumşalmasıdır.
İki il ərzində, yəni 2024–2026 dövründə gündəlik hasilatın 50 min barel azalması Azərbaycanın enerji sektorunda yeni reallığı göstərir. Neft ehtiyatlarının hasilat səviyyəsinin aşağı düşməsi fonunda Azərbaycanın gələcək enerji strategiyası yalnız neft ixracına deyil, qaz, yaşıl enerji, elektrik enerjisi ixracı və enerji tranzitinə daha çox söykənməli olacaq.
Burada diqqət çəkən başqa məqam da budur: 2027-ci il üçün 530 min barellik proqnoz neft hasilatının əvvəlki səviyyələrə qayıdacağını yox, azalmanın davam edəcəyini göstərir.
Deməli, məsələ sadəcə neft hasilatının neçə min barel olması deyil. Əsas məsələ Azərbaycanın neftdən sonrakı enerji iqtisadiyyatına nə qədər sürətlə hazırlaşmasıdır.
Nuray
Aznews.az