Azərbaycan Niderlandda təmsil olunub

1 Oktyabr 2013 18:01 (UTC+04:00)
Niderlandda fəaliyyət göstərən "Azərbaycan Niderland Gənclər Cəmiyyəti"nin təmsilçiləri Venlo şəhərində keçirilmiş ənənəvi regional sərgidə iştirak edib.

Azərbaycanın Niderland Krallığındakı səfirliyindən APA-ya verilən xəbərə görə, Venlo şəhəri Almaniya ilə həmsərhəd ərazidə yerləşdiyi üçün sərgiyə nəinki yerli əhali, həmçinin Almaniya vətəndaşları da qatılıblar.

Qeyd edək ki, hər il təşkil olunan və 5 min nəfərdən çox iştirakçının qatıldığı sərgidə Niderlandda yaşayan müxtəlif millətlərin nümayəndələri, eləcə də bu ölkədə fəaliyyət göstərən müxtəlif icmalar öz milli mədəniyyətini və tarixini əks etdirən stendlərlə iştirak ediblər.

Azərbaycanın milli stendində Niderlandda uzun müddət yaşayan yerli diaspor fəallarımız ölkəmizin qədim tarixi və zəngin mədəniyyətindən, eləcə də Dağlıq Qarabağ həqiqətlərindən bəhs edən müxtəlif kitab, buklet və broşurları iştirakçılara paylayıb, milli geyimdə olan oğlan və qızlar tərəfindən Azərbaycan şirniyyatlarını sərgiyə gələn qonaqlara təqdim ediblər. Azərbaycan stendi sərgi iştirakçıları tərəfindən xüsusi maraq və diqqətlə qarşılanıb.


AzNews.az