"8 avqust Vaşinqton razılaşmalarından sonra Azərbaycanla Ermənistan arasında sülhün paraflanması, normallaşma kontekstində irəliləyişlərin əldə edildiyi bir dövrdə Türkiyə ilə Ermənistan arasında da normallaşma prosesi intensivləşdi. Sülhün əsas komponenti olan Zəngəzur dəhlizi layihəsi çox böyük strateji əhəmiyyət daşıyır və həm Türkiyə, həm də Azərbaycan tərəfindən dəstəklənir. Bu dəhliz həyata keçirilərsə, Şərqdən Qərbə uzanan yeni “Orta Dəhliz” yaranacaq və bu marşrutdan bir çox ölkə faydalana biləcək".
Bu fikirləri Aznews.az-a açıqlamasında Milli Məclisin deputatı Pərvanə Vəliyeva deyib.

Qeyd edək ki, Cənubi Qafqazda sülh gündəliyi ilə yanaşı, regionun nəqliyyat xəritəsini dəyişə biləcək proseslər də sürətlənir. Ermənistanın Baş naziri Nikol Paşinyanın Ermənistan-Türkiyə sərhədinin yaxın vaxtlarda açıla biləcəyinə dair açıqlaması bu baxımdan diqqət çəkir. Paşinyan TRIPP layihəsinin inkişafı ilə paralel olaraq Ermənistan-Türkiyə sərhədinin açılmasını, həmçinin Ermənistan-Azərbaycan və Ermənistan-Türkiyə arasında dəmir yolu əlaqələrinin bərpasını gözlədiklərini bildirib. Bu açıqlama yalnız Ermənistan-Türkiyə münasibətləri kontekstində deyil, Azərbaycan-Ermənistan normallaşması, Zəngəzur istiqamətində nəqliyyat bağlantılarının gələcəyi və regionda yeni logistika marşrutlarının formalaşması baxımından da mühüm suallar yaradır. Sərhədlərin və dəmir yolu xətlərinin açılması Cənubi Qafqazda iqtisadi əlaqələri genişləndirə, eyni zamanda tərəflərin regional nəqliyyat layihələrində mövqelərinə təsir göstərə bilər.
Deputat qeyd edib ki, Zəngəzur dəhlizi Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirəcək, Türkiyədən Mərkəzi Asiyaya birbaşa quru əlaqə yaradacaq, Türk dünyasının inteqrasiyasını gücləndirəcək, qlobal ticarət və enerji marşrutlarının dəyişməsinə imkan verəcək.
"Qars-Dilucu istiqamətində dəmir yolunun inşası üçün işlər aparılır. Zəngəzur dəhlizi yalnız nəqliyyat layihəsi deyil, həm də böyük geosiyasi, iqtisadi və enerji layihəsidir və regionun gələcəyini dəyişə biləcək strateji əhəmiyyətə malikdir. Normallaşma kontekstində, təbii ki, bunu istəməyən qüvvələrə, sülhə kölgə salmağa və münasibətləri qıcıqlandırmağa çalışanlara ən böyük cavab Türkiyə-Azərbaycan dostluğu və qardaşlığıdır. Türkiyə-Ermənistan normallaşma prosesi Azərbaycan-Ermənistan normallaşma prosesi ilə paralel getməlidir".
Rəfiqə Namazəliyeva,
AzNews.az