Dünən Bolqarıstan sahillərində iki ticarət gəmisi pilotsuz uçuş və dəniz aparatlarının hücumuna məruz qalıb.
Hücumlardan birində Türkiyə şirkətinə məxsus, Toqo bayrağı altında üzən “Alfa Watan” yük gəmisi batıb. Gəmidə olan dənizçilərin axtarış-xilasetmə işlərindən isə nəticə əldə olunmayıb.
Bolqarıstanın Baş naziri Rumen Radev hücumların ölkənin Byala sahil şəhərindən təxminən 112 kilometr aralıda, yerli vaxtla saat 03:00 radələrində baş verdiyini açıqlayıb.
Radev hücumlarda pilotsuz uçuş aparatları ilə yanaşı, pilotsuz dəniz vasitələrindən də istifadə edildiyini bildirib. O, hücumları “qəbuledilməz” adlandırıb.
“Alfa Watan”dan xəbər yoxdur
Hücuma məruz qalan gəmilərdən birinin Türkiyə şirkətinə məxsus, Toqo bayrağı altında üzən “Alfa Watan” olduğu bildirilib. Gəminin Rumıniyanın Sulina limanına doğru hərəkət etdiyi qeyd olunub.
Bolqarıstan Dəniz Axtarış-Xilasetmə Koordinasiya Mərkəzinin baş direktoru Rumen Nikolov gəminin çox qısa müddətdə batdığını və heyət üzvlərindən heç birinin izinə rast gəlinmədiyini açıqlayıb.
Nikolov hadisə yerinə çatan Bolqarıstana məxsus gəminin çevrilmiş bir qayıq, üç şişmə xilasetmə qayığı və xilasetmə jiletləri aşkarladığını bildirib. Dənizin səthində müxtəlif gəmi avadanlıqları və qalıq hissələrinin də görüldüyü qeyd olunub.
Nikolov hücumda istifadə olunan pilotsuz uçuş aparatlarından hər hansı birinin qalıqlarının aşkarlanıb-aşkarlanmadığı barədə məlumatının olmadığını deyib.
“Able” gəmisindəki 18 heyət üzvü xilas edilib
Hücumların digər hədəfinin isə Palau bayrağı altında üzən “Able” adlı ticarət gəmisi olduğu açıqlanıb. Taxıl daşıdığı bildirilən gəmidə hücumdan sonra yanğın baş verib.
Gəmidə olan 18 heyət üzvünün hamısının xilas edildiyi, onların 11-nin Türkiyə, 7-nin isə Hindistan vətəndaşı olduğu bildirilib.
Ticarət gəmilərinin təhlükəsizlik və mülkiyyət məlumatlarını əks etdirən Equasis platformasının məlumatlarında “Able” gəmisinin də Türkiyə şirkətinə məxsus olduğu qeyd olunub.
Aİ-dən qınama
Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Ursula fon der Leyen də Bolqarıstan sahillərində ticarət gəmilərinə qarşı həyata keçirilən hücumları qınayıb.
Mövsüm,
AzNews.az