Rusiyada müəmmalı ölüm və infeksiya xəbərləri narahatlıq yaradıb

7 Oktyabr 2026 20:23 (UTC+04:00)

Rusiyanın Sibir bölgəsində yerləşən İrkutsk Vəbaya Qarşı Mübarizə İnstitutunda laboratoriya texniki kimi çalışan 28 yaşlı qadının oktyabrın 2-də şübhəli infeksiya səbəbindən həyatını itirməsi epidemiya ilə bağlı narahatlıqlara səbəb olub.

Məsələ ilə bağlı Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) də açıqlama verib.

“Bütün təmasda olan şəxslərin tibbi müşahidəsi başa çatıb”

ÜST-nin Baş direktoru Tedros Adhanom Qebreyesus sosial media hesabında yayımladığı mesajda təşkilatın iddialarla bağlı xəbərləri yaxından izlədiyini bildirib.

Qebreyesus Rusiyanın ÜST-nin Beynəlxalq Səhiyyə Qaydaları çərçivəsində göndərdiyi yoxlama tələbinə cavab verdiyini qeyd edib.

“Rusiya səhiyyə orqanları İrkutskda son vaxtlar heç bir taun hadisəsinin qeydə alınmadığını bildiriblər.

Səlahiyyətli qurumlar ÜST-yə epidemioloji araşdırma aparıldığını, profilaktik və nəzarət tədbirlərinin həyata keçirildiyini, müəyyən edilmiş təmasda olan şəxslərin tibbi müşahidə altına alınaraq test edildiyini bildiriblər.

Təmasda olan şəxslər arasında yüksək riskli hər hansı patogen aşkar edilməyib və müəyyən edilmiş bütün şəxslərin tibbi müşahidə prosesi başa çatdırılıb”, - deyə o bildirib.

“Rusiyadan əlavə məlumat tələb edilib”

Qebreyesus ÜST-nin Rusiya səhiyyə orqanları ilə əlaqəni davam etdirdiyini və texniki dəstək təklif etdiyini vurğulayıb.

“ÜST ağır pnevmoniya halının səbəbini, ictimai səhiyyə tədbirlərinin görülməsinə səbəb olan riski və səbəbi müəyyən edilməyən pnevmoniyaya yoluxduğu bildirilən ikinci əməkdaşla bağlı mediada yayılan xəbərləri dəqiqləşdirmək üçün Rusiyadan əlavə məlumat tələb edib”, - deyə ÜST rəhbəri bildirib.

“Tam və şəffaf məlumat mübadiləsi həyati əhəmiyyət daşıyır”

Qebreyesus Rusiya səhiyyə orqanlarının aktual məlumatları ictimaiyyətlə açıq şəkildə paylaşmasının vacibliyini vurğulayıb.

“Ziddiyyətli xəbərlərin aydınlaşdırılması və mümkün ictimai səhiyyə risklərinin düzgün qiymətləndirilməsi üçün Beynəlxalq Səhiyyə Qaydaları çərçivəsində vaxtında, tam və şəffaf məlumat mübadiləsi həyati əhəmiyyət daşıyır”, - deyə o qeyd edib.

Mövsüm,
AzNews.az