2026–2027-ci tədris ilindən yeni mexanizm: Şagird sayına görə maliyyələşmə nəyi dəyişəcək?

7 Oktyabr 2026 20:25 (UTC+04:00)

"Yeni qaydaya əsasən, xüsusilə də cənab Prezidentin sərəncamına uyğun olaraq, artıq ümumi təhsil məktəblərində yeni maliyyələşmə mexanizmi tətbiq ediləcək. Maliyyələşmə şagird başına düşən vəsait hesabına həyata keçiriləcək və Nazirlər Kabinetinə bu məsələnin maliyyə tərəfinin müəyyənləşdirilməsi tapşırılıb. Yeni maliyyələşmə mexanizmi, xüsusilə də şagird sayına uyğun maliyyələşmə proqramının ümumi təhsil məktəblərində müəyyən qədər rəqabətin formalaşmasına gətirib çıxaracağını düşünürəm. Əvvəlki illərdə maliyyələşmə müəyyən prinsiplər əsasında məktəblərə verilirdisə, artıq bu prinsip şagird sayına uyğun həyata keçiriləcək. Hesab edirəm ki, bu, doğru qərardır. Niyə doğru qərardır? Beynəlxalq təcrübədə də bu belədir".

Bu fikirləri Aznews.az-a açıqlamasında təhsil eksperti Ramin Nurəliyev deyib.

Qeyd edək ki, Azərbaycanda ümumi təhsil müəssisələrinin dövlət büdcəsindən maliyyələşdirilməsi istiqamətində yeni mexanizmə keçid nəzərdə tutulur. 2026–2027-ci tədris ilindən etibarən 100 məktəbdə adambaşı maliyyələşmə modelinin tətbiqi planlaşdırılır. Yeni yanaşmada məktəblərə ayrılan vəsaitin şagird sayına və onların təhsil ehtiyaclarına uyğun müəyyənləşdirilməsi nəzərdə tutulur. Bu isə məktəblərin maliyyə imkanları, resurslardan istifadə və idarəetmə mexanizmlərində müəyyən dəyişikliklərə səbəb ola bilər. Xüsusilə şagird sayı az olan məktəblərin maliyyələşdirilməsi, yeni modelin təhsilin keyfiyyətinə təsiri və məktəblər arasında maliyyə fərqinin yaranıb-yaranmayacağı məsələləri diqqət çəkir.

Ekspert qeyd edib ki, əksər inkişaf etmiş ölkələrdə maliyyələşmə şagird sayına uyğun həyata keçirilir.

"Məsələn, şagird sayı 500 nəfər olan məktəblə 1000 nəfər olan məktəbin maliyyələşdirilməsində, əlbəttə ki, müəyyən fərq olmalıdır. Maliyyələşmə mexanizmi eyni tətbiq olunarsa, burada müəyyən problemlər yarana bilər. Məhz ona görə də şagird sayına uyğun maliyyələşməni ən səmərəli maliyyələşmə sistemi hesab edirəm. Məsələn, 500 şagirdi olan məktəbdə çalışan müəllimlərin sayı, həmin şagirdlərin müəyyən ləvazimatlarla təmin olunması, eləcə də maddi-texniki bazanın formalaşdırılması 1000 şagirdi olan məktəblə eyni olmamalıdır. Ona görə də maliyyələşmə mexanizmi məhz şagird sayına uyğun həyata keçirilməli və hər bir məktəbə şagird tutumuna uyğun maliyyə ayrılmalıdır. Sadəcə, şagird sayı çox az olan məktəblərdə müəyyən problemlərin formalaşacağı bəllidir və bu istiqamətdə müvafiq qurumlar tərəfindən müəyyən məsələlərin nəzərə alınacağını düşünürəm. Çünki ucqar kəndlərdə, tutaq ki, 100 şagirdi olan məktəbdə şagird sayına əsaslanan maliyyələşmə mexanizminin tətbiqi müəyyən problemlər yarada bilər. Bu istiqamətdə də, əlbəttə ki, beynəlxalq təcrübədə olduğu kimi, müəyyən əlavə maliyyələşmənin həyata keçirilməsi mümkündür. Yəqin ki, bizdə də bu nəzərdə tutulacaq. Hazırda Nazirlər Kabineti bu məsələ üzərində işləyir və ehtimal ki, yaxın gələcəkdə bu barədə ictimaiyyətə məlumat veriləcək. Ola bilər ki, məsələn, hər hansı ümumi təhsil məktəbində şagird sayı azdırsa, həmin məktəbin digər məktəblə birləşdirilməsi və ya şagirdlərin başqa məktəbə köçürülməsi həyata keçirilsin. Yəni, belə mexanizmlər də tətbiq oluna bilər. Amma belə deyək ki, bu say o qədər də çox deyil. Əksər yerlərdə, xüsusilə kəndlərdə və ucqar kəndlərdə 100-dən aşağı şagird sayı olan məktəblərin sayı çox deyil. Əsasən 500-1000 aralığında şagird sayı olan məktəblərdə maliyyələşmə prinsipinin daha səmərəli həyata keçiriləcəyini düşünürəm. Burada istər-istəməz rəqabətin formalaşması da baş verəcək. Çünki artıq ümumi təhsil məktəblərində məktəb rəhbərliyi, xüsusilə də şagird sayının artırılmasında maraqlı olacaq. Şagirdlərin sayı nə qədər çox olarsa, məktəbə bir o qədər çox maliyyə ayrılacaq və məktəbin maddi-texniki bazası, eləcə də digər ehtiyacları bu istiqamətdə daha yaxşı təmin olunacaq. Məsələn, ona görə də düşünürəm ki, bu istiqamətdə məktəb rəhbərlikləri arasında müəyyən rəqabət yaranacaq. Məktəb rəhbərliyi şagird sayının artırılmasına xüsusi diqqət yetirməlidir. Məktəblərə şagirdlərin gəlməsi isə nəyə əsasən baş verir? Həmin məktəbdə daha yaxşı təhsilin verilməsinə əsasən. Deməli, məktəb rəhbərliyi daha keyfiyyətli təhsilin verilməsinə diqqət yetirəcək və bu da şagird sayının artmasına müəyyən qədər təsir göstərəcək. Hazırkı vəziyyətə görə biz bilirik ki, valideynlər övladlarını daha yaxşı məktəblərdə oxutmağa çalışırlar. Daha yaxşı məktəbə aparılan şagird həmin məktəbdə şagird sayının artmasına gətirib çıxaracaq. Bu da istər-istəməz məktəb rəhbərliyinin məktəbin daha yaxşı təhsil müəssisəsi olması və daha çox şagirdin həmin məktəbə cəlb edilməsi üçün müəyyən qədər rəqabətli fəaliyyət göstərməsinə təsir edəcək. Düşünürəm ki, bu da təhsildə sağlam rəqabətin formalaşmasına gətirib çıxara bilər".

Rəfiqə Namazəliyeva,

AzNews.az