"Süni intellektin gündəlik həyata təsiri getdikcə artır və bu proses sürətlə genişlənir. Demək olar ki, süni intellekt anlayışına insanların yanaşması da müxtəlifdir. Bəziləri onu sadəcə məlumatlar toplusu, müəyyən qrup insanlar dəqiq informasiya təqdim edən şəbəkə və istifadə mənbəyi, digərləri isə elmi biliklərə və istinadlara çıxış vasitəsi kimi qəbul edir. Əslində isə süni intellekt nədir? Təbii ki, süni intellekt bütövlükdə indiyə qədər insanların yaratdığı, ortaya qoyduğu, düşündüyü və reallaşdırdığı proseslərin elektron yaddaşa çevrilmiş, hazırcavab formasıdır. Bu gün süni intellektin təqdim etdiyi məlumatların özü də insan beyninin məhsuludur. İnsanların illərlə, onilliklərlə istər humanitar, istər tibb, istər dəqiq elmlər, istərsə də sosial həyatın digər sahələrində qazandığı biliklər nəticəsində bu baza formalaşıb. Bu gün həmin bilikləri yaradan insanların bir çoxu həyatda yoxdur və onların haqqında məlumat əldə etmək də çətin ola bilər. Lakin süni intellekt artıq elə geniş informasiya bazasına malikdir ki, müxtəlif məlumatları daha sürətli şəkildə təqdim edə bilir".
Bu fikirləri Aznews.az-a açıqlamasında sosioloq Hüseyn İbrahimov deyib.

Qeyd edək ki, süni intellektin gündəlik həyatın müxtəlif sahələrində istifadəsi sürətlə genişlənir. Artıq insanlar yalnız məlumat almaq və işlərini asanlaşdırmaq üçün deyil, şəxsi problemlərini bölüşmək, münasibətlər barədə məsləhət almaq və emosional dəstək axtarmaq üçün də chatbotlara müraciət edirlər. Bu tendensiya texnologiyanın insan münasibətlərinə təsiri ilə bağlı yeni suallar yaradır.
Sosioloq qeyd edib ki, bu baxımdan insanlar istədikləri informasiyanı daha asan və sürətli şəkildə əldə edə bilirlər.
"Lakin burada əsas məsələ süni intellektin bizə verdiyi cavabdan daha çox, sualın necə qoyulmasıdır. Bəzi insanlar süni intellektə çox aydın və konkret suallar verir və qarşılığında konkret cavablar alırlar. Elə insanlar da var ki, mürəkkəb və qeyri-müəyyən suallar verdikləri üçün istədikləri cavabı əldə edə bilmirlər. Bu baxımdan sualın düzgün formalaşdırılmasından çox şey asılıdır. Bəzən insanlar real ünsiyyət zamanı axtardıqları cavabı süni intellekt vasitəsilə daha tez və daha geniş şəkildə tapa bilirlər. Ancaq bu, əldə olunan informasiyanın mütləq doğru olması demək deyil. Məsələn, bəzi insanlar sağlamlıqları ilə bağlı süni intellektdən aldıqları məlumat əsasında qərar verirlər. Bu, tamamilə təhlükəli tendensiyadır. Eyni şəkildə, elmi biliklərin mənbəyi kimi yalnız süni intellektə müraciət etmək və onun təqdim etdiyi məlumatlarla kifayətlənmək də doğru deyil. Çünki süni intellekt hər bir məsələnin bütün tərəflərini və bütün detalları dolğun şəkildə əhatə edə bilməz. Digər tərəfdən, süni intellektdən daha çox təkrarlanan və ümumiləşdirilmiş cavablar almaq mümkündür. Hazırda insanlar sual verməyə və cavab axtarmağa daha çox meyillidirlər. Bu baxımdan ölkəmizdə də süni intellektdən istifadə edənlərin sayı artır. Sosial və digər məsələlərin həlli ilə bağlı yalnız süni intellektdən cavab axtaran insanlar getdikcə real sosial ünsiyyətdən, elmi mənbələrdən, kitablardan və vəsaitlərdən uzaqlaşa bilərlər. Bu proses insanlarda sosiallığın azalmasına və onlayn asılılığın artmasına səbəb ola bilər. Süni intellekt isə bu təcrid prosesini başqa formada sürətləndirə, insanları özündən asılı vəziyyətə sala, onların çalışmaq və araşdırmaq həvəsini azalda bilər. Digər tərəfdən, insanlar real mənbələrə müraciət etmək əvəzinə birbaşa süni intellektin təqdim etdiyi məlumatlardan istifadə etməyə üstünlük verə bilərlər. Bununla belə, bütün dünya bu istiqamətdə inkişaf edir və cəmiyyətimizdə də süni intellektdən istifadə imkanları kifayət qədər genişdir. Süni intellektin əsasında yenə də insanların illərlə, onilliklərlə topladığı biliklər dayanır. Onun yaradılmasının əsas məqsədlərindən biri də insanların bu imkanlardan istifadə etməsidir. Süni intellekt bir çox hallarda insan əməyini və fəaliyyətini asanlaşdırır. Ancaq elə ciddi məsələlər var ki, burada yalnız süni intellektə əsaslanmaq düzgün deyil. Məsələn, sağlamlıqla bağlı qərarların süni intellektdən alınan məlumat əsasında verilməsi təhlükəlidir. Eyni zamanda şəxsi münasibətlər, biznes və karyera imkanları ilə bağlı yalnız süni intellektə sual verməklə əldə olunan cavablara əsaslanmaq da doğru yanaşma deyil. Belə məsələlər üzrə müvafiq bilik və peşəkar məsləhətə ehtiyac var. Süni intellekt sürət və rahatlıq yaradan bir vasitədir və müəyyən məqamlarda ondan istifadə zəruridir. Ancaq insan öz intellektini süni intellektdən asılı vəziyyətə gətirməməlidir. Necə ki, onlayn asılılıq mövcuddur, təəssüf ki, insanlarımız arasında süni intellektdən asılılıq da artmağa başlayıb. Bu tendensiya tələbələr, müəllimlər, tədqiqatçılar və müxtəlif peşə sahibləri arasında da müşahidə olunur. Süni intellektdən istifadə etmək lazımdır, lakin bu, asılılığa çevrilməməlidir. İnsan süni intellektdən asılı vəziyyətə düşdükcə real biliklərə yiyələnmək üçün daha az səy göstərməyə və hazır məlumat əldə etməyə meyillənir. Bu isə asılılığın daha da artmasına səbəb ola bilər.Digər tərəfdən, şəxsi münasibətlər və sosiallaşma prosesində də süni intellektdən həddindən artıq istifadənin müəyyən çətinliklər yaratması mümkündür. Bütövlükdə isə süni intellekt yeni dövrün trendidir. Bu trendi düzgün mənimsəmək, onun imkanlarını bilmək və hansı hallarda süni intellektə müraciət etməyin məqsədəuyğun olduğunu müəyyənləşdirmək lazımdır. Ən əsası isə süni intellektdən istifadə zamanı sualı düzgün formalaşdırmaqdır. Çünki əldə edilən cavabın keyfiyyəti və faydalılığı bir çox hallarda sualın necə qoyulmasından asılıdır".
Rəfiqə Namazəliyeva,
AzNews.az