Smartfonlardan istifadə hər keçən gün artır.
Lakin son illərdə həyatımıza daxil olan smartfonların mümkün yan təsirləri hələ də tam araşdırılmayıb.
Bu istiqamətdə mühüm araşdırma aparılıb.
ABŞ-də yerləşən Kaliforniya Universitetinin San-Fransisko (UCSF) kampusunun alimlərinin apardığı araşdırmada 12 yaşında smartfon sahibi olan uşaqların hər hansı yemək pozuntusunun əlamətlərini bildirmə ehtimalının 36 faiz daha yüksək olduğu müəyyən edilib.
Smartfonlardan istifadə yaşı aşağı düşür
Eyni qrupda həddindən artıq yemək əlamətlərinə 61 faiz daha çox rast gəlinib.
Araşdırmada iştirak edən 12 yaşlı uşaqların təxminən 70 faizinin smartfona sahib olduğu qeyd edilib.
Nəticələr “JAMA Network Open” jurnalında dərc olunub.
Yemək pozuntusu
Araşdırmaya görə, 12 yaşından etibarən smartfondan istifadə edən uşaqlar 14 yaşına çatdıqda, smartfonu olmayan həmyaşıdları ilə müqayisədə hər hansı yemək pozuntusunun əlamətlərini bildirmə riskində 49 faiz artım müşahidə olunub.
Bundan əlavə, bu uşaqların öz dəyərlərini çəkiləri ilə əlaqələndirmə ehtimalının 103 faiz daha yüksək olduğu müəyyən edilib.
Araşdırmaya rəhbərlik edən UCSF-nin pediatrı Ceyson Naqata və onun komandası erkən yaşda və nəzarətsiz smartfon istifadəsinin yeniyetməlik dövründə bədənindən narazılığı artıra biləcəyini bildiriblər.
Erkən yaşda sosial media bədən imici ilə bağlı problemləri artırır
Nəticələr smartfonların birbaşa olaraq yemək pozuntularına səbəb olduğunu sübut etmir. Bununla belə, erkən yaşda sosial mediaya nəzarətsiz çıxışın, xüsusilə yeniyetməlik dövründə bədən imici ilə bağlı problemləri ağırlaşdıra biləcəyi vurğulanır.
Tədqiqatçılar valideynlərə bu riski nəzərə almağı, həkimlərə isə yemək pozuntularını qiymətləndirərkən smartfon və sosial media istifadəsini də nəzərdən keçirməyi tövsiyə ediblər.
Sosial mediada idealizə edilmiş bədən görüntülərinin və “fitspiration” paylaşımlarının gənclərdə bədənlərindən narazılığı artırdığı və sağlam olmayan qidalanma vərdişlərini təşviq etdiyi bildirilir.
Erkən yeniyetməlik dövründə özünənəzarətin hələ tam formalaşmaması və sosial qiymətləndirməyə həssaslığın yüksək olması da yemək pozuntusu riskinin artdığı amillər sırasında göstərilir.
Mütəxəssislər rəqəmsal cihazların tamamilə zərərli olmadığını, onların necə istifadə edilməsinin istifadəyə sərf olunan müddətdən daha əhəmiyyətli ola biləcəyini də xatırladıblar.
Bununla belə, araşdırmanın nəticələri uşaqlara smartfon verilməsi yaşının diqqətlə qiymətləndirilməsinin vacibliyini göstərir.
Mövsüm,
AzNews.az