“Məktəbdə geyim qaydaları ilə bağlı şagirdlər maarifləndirilməlidir” - Təhsil eksperti

8 Oktyabr 2026 21:38 (UTC+04:00)

"Nazirlər Kabinetinin bu sərəncamından sonra həm cəmiyyətdə, həm sosial mediada, o cümlədən məktəblərdə bu məsələyə münasibət birmənalı olmayıb. Qərarı təqdir edənlər də var, əleyhinə çıxanlar da. Bilirsiniz, orada birmənalı şəkildə göstərilmir ki, məktəblərə hicabla gəlmək qadağandır. Ümumiyyətlə, hər bir insanın öz dini inancı var və hər kəs buna hörmətlə yanaşmalıdır. Ancaq necə ki, qanunlar bizi müəyyən tələblərə əməl etməyə məcbur edir, məsələn, hicablı xanımlar pasport üçün şəkil çəkdirərkən başlarını açırlar ki, üzləri aydın görünsün. Çünki qanunvericilik bunu tələb edir. Eləcə də, mən bildiyim qədərilə, Nazirlər Kabinetinin qəbul etdiyi qərarda da hər kəsin öz inancında azad olduğu nəzərdə tutulur. Sadəcə olaraq, məktəb həyatında şagirdlər üçün müəyyən geyim qaydaları var. Necə ki, qısa ətəklə məktəbə gələn şagirdlərə bununla bağlı tələb qoyulur və ətəyin dizdən aşağı olması nəzərdə tutulur, eyni qaydada digər geyimlərə də müəyyən tələblər tətbiq olunur. Həmçinin məktəbli formasında əlavə və fərqli atributların, hansısa dini və ya digər simvolları əks etdirən elementlərin olması ilə bağlı da müəyyən məhdudiyyətlər nəzərdə tutulur. Mən düşünürəm ki, necə biz qanunlara tabe olaraq pasport üçün şəkil çəkdirərkən müəyyən tələblərə əməl ediriksə, məktəbdə də bu qaydalara riayət etməliyik. Məsələn, məktəbə daxil olarkən yaxşı olar ki, hamı ilə bərabər səviyyədə, eyni standartlara uyğun vahid formanı qoruyaq. Məktəbdən çıxdıqdan sonra isə hər kəs yenə azaddır və ictimai həyatda necə istəyirsə, elə də geyinə bilər".

Bu fikirləri Aznews.az-a açıqlamasında təhsil eksperti Məzahir Məmmədli deyib.

Qeyd edək ki, Nazirlər Kabinetinin ümumtəhsil məktəblərində vahid məktəbli formasının tətbiqi ilə bağlı müəyyən etdiyi qaydalar məktəblərdə geyim məsələsinin yenidən gündəmə gəlməsinə səbəb olub. Xüsusilə məktəbli formasına əlavə elementlərin daxil edilməsinin məhdudlaşdırılması bəzi hallarda şagirdlərin geyim seçimi ilə bağlı suallar doğurur. Son dövrlərdə hicablı şagirdlərin məktəbə buraxılmaması ilə bağlı səsləndirilən narazılıqlar isə vahid məktəbli formasına dair tələblərin necə tətbiq edilməli olduğu məsələsini aktuallaşdırıb.

Ekspert qeyd edib ki, məktəb mühitində bərabərliyin təmin olunması üçün Nazirlər Kabinetinin qəbul etdiyi qərarın tələblərinə əməl edilməlidir.

"Məsələn, indiyə qədər bəzi valideynlər narazılıq edirdilər ki, niyə hansısa şagird qısa ətəklə məktəbə gəlir, mənim qızım ona baxır və bu, onun tərbiyəsinə təsir göstərir. Digər valideynlər də deyə bilərlər ki, hansısa şagird hicabla məktəbə gəlir və bu, müəyyən mənada mənim övladıma təsir edir. O baxımdan düşünürəm ki, bütün bu məsələlərdə bərabərliyi təmin etmək üçün məktəblərdə qanunun imkan verdiyi çərçivədə tədris prosesi həyata keçirilməlidir. Düzdür, bu, müəyyən çətinliklər yaradacaq, amma hər halda qanunun aliliyinə hörmət etmək lazımdır. Digər məsələ isə məktəb rəhbərliyinin və müəllimlərin şagirdlərə bu qaydalarla bağlı izahat verməsidir. Birdən-birə şagirdə “belə gəlmək olmaz” demək düzgün yanaşma deyil. Müəyyən mənada maarifləndirmə aparılmalı, şagirdlərə izah edilməlidir ki, niyə bu cür geyimə icazə verilmir, niyə sinifdə müəyyən qaydalara riayət etmək tələb olunur. Ona görə də birmənalı şəkildə qanunun aliliyi, onun tələbləri və şərtləri qorunmalıdır. Bu qaydalar müəllimlərə də şamil olunur. Həftənin ilk günündən etibarən həm müəllimlər, həm də şagirdlər müəyyən edilmiş qaydalara uyğun olaraq vahid məktəbli formasında məktəbə və tədrisə gəlməlidirlər".

Rəfiqə Namazəliyeva,

AzNews.az