ABŞ-nin Tennessi ştatında sentyabrın 30-da həyata keçirilən edam cəhdi dünya gündəminə çevrilib.
Ştatda 200 ildən sonra edam edilən ilk qadın olması gözlənilən Krista Payka iki doza ölümcül inyeksiya edilməsinə baxmayaraq, o, ölməyib.
Uğursuz edam cəhdindən sonra xəstəxanaya yerləşdirilən Payk müalicəyə alınıb.
Yemək yeyir, yeriyir
Paykın vəkilləri onun səhhətinin son vəziyyəti ilə bağlı açıqlama veriblər.
Açıqlamada xəstəxanada müalicəsi davam edən məhbusun kömək vasitəsilə yeriməyə başladığı və ilk dəfə yemək yeyə bildiyi bildirilib.
“Dərin psixoloji travmanın öhdəsindən gəlməyə çalışır”
Açıqlamada qeyd olunub ki, Paykın fiziki vəziyyətindəki yaxşılaşma qeyri-adi olsa da, baş verən hadisənin uzunmüddətli təsirləri ilə bağlı hələ də ciddi suallar qalır.
“Krista uğursuz edam cəhdindən sağ çıxmağın yaratdığı dərin psixoloji travmanın öhdəsindən gəlməyə çalışır. Buraya öləcəyinə inanmağın doğurduğu dəhşət, ağrı və qeyri-müəyyənlik də daxildir”, – deyə açıqlamada bildirilib.
Tennessi ştatının qubernatoru Bill Liyə Paykın ölüm hökmünün ömürlük həbslə əvəzlənməsi çağırışı edilən açıqlamada onun bir daha edam cəhdinə məruz qalmamalı olduğu vurğulanıb.
Paykın uğursuz edam cəhdi
Payk 1995-ci ildə, 18 yaşında olarkən sinif yoldaşı Kolin Slemmeri öldürməkdə təqsirli bilinərək ölüm hökmünə məhkum edilib.
Hökmün icrası məqsədilə sentyabrın 30-da ona iki doza dərman verilib, lakin ürəyi dayanmayıb. Bundan sonra Payk həbsxanadan kənarda yerləşən tibb müəssisəsinə köçürülüb.
Tennessi ştatının qubernatoru Bill Li hadisənin araşdırılması barədə göstəriş verib. Araşdırma müddətində ştatda ilin qalan hissəsi üçün planlaşdırılan edamlar da dayandırılıb.
Mövsüm,
AzNews.az