TRIPP layihəsi Azərbaycan üçün hansı imkanlar yaradacaq? -Deputatdan açıqlama

9 Oktyabr 2026 13:23 (UTC+04:00)

"Ermənistan-Türkiyə sərhədinin açılması və TRIPP layihəsinin həyata keçirilməsi Cənubi Qafqazda iqtisadi münasibətlərə ciddi təsir göstərə bilər. Bu proses Azərbaycana da yeni imkanlar yarada bilər. Xüsusilə nəqliyyat, logistika, sənaye, ticarət və xidmət sektorlarında inkişaf üçün əlavə şərait formalaşa bilər. TRIPP layihəsi Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında nəqliyyat əlaqələrinin genişlənməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu marşrutun işə düşməsi Türkiyə ilə əlaqələri gücləndirə, yükdaşımaları asanlaşdıra və Azərbaycanın beynəlxalq nəqliyyat dəhlizlərində rolunu artıra bilər. Ən böyük imkanlardan biri logistika sahəsindədir. Yük daşımalarının artması dəmir yollarına, anbarlara, terminallara və gömrük xidmətlərinə tələbatı yüksəldə bilər. Eyni zamanda, nəqliyyat əlaqələrinin genişlənməsi yerli istehsalçıların məhsullarını xarici bazarlara çıxarmasını asanlaşdıra bilər. Bu da kənd təsərrüfatı, qida sənayesi və digər istehsal sahələrinin inkişafına müsbət təsir göstərə bilər".

Bu fikirləri Aznews.az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvanda təşkil olunan Ermənistan-Böyük Britaniya Biznes Forumunda çıxışı zamanı Türkiyə ilə sərhədin yaxın perspektivdə açıla biləcəyini deyib. Onun sözlərinə görə, TRIPP layihəsinin reallaşdırılması istiqamətində işlərlə yanaşı, Ermənistan-Türkiyə sərhədinin açılması, eləcə də Azərbaycan və Türkiyə ilə dəmir yolu əlaqələrinin bərpası ilə bağlı gözləntilər mövcuddur.

Deputat qeyd edib ki, Ermənistan-Türkiyə sərhədinin açılması Azərbaycanın Türkiyə ilə strateji müttəfiqlik münasibətlərinə də təsirsiz ötüşməyəcək.

"Ancaq bu, mütləq şəkildə münasibətlərin zəifləyəcəyi anlamına gəlmir. Azərbaycanla Türkiyə arasında əlaqələr siyasi əməkdaşlıqla yanaşı, enerji, ticarət və nəqliyyat layihələrinə də əsaslanır. Regionda yeni yolların açılması bu əməkdaşlığı daha da genişləndirmək üçün imkan yarada bilər. Bununla yanaşı, yeni marşrutların yaranması nəqliyyat sahəsində rəqabəti də artıra bilər. Azərbaycan öz tranzit mövqeyini qorumaq üçün infrastrukturunu yeniləməli, daşımaların səmərəliliyini artırmalı və sahibkarlar üçün əlverişli şərait yaratmalıdır. Əks halda, yeni marşrutların yaratdığı imkanlardan tam istifadə etmək çətin ola bilər. Nəticə etibarilə, TRIPP layihəsi və Ermənistan-Türkiyə sərhədinin açılması Azərbaycan üçün həm yeni iqtisadi imkanlar, həm də müəyyən rəqabət riskləri yaradır. Əsas məsələ dəyişən regional şəraitə uyğunlaşmaq, Türkiyə ilə strateji tərəfdaşlığı daha da gücləndirmək və Azərbaycanın nəqliyyat-logistika imkanlarından səmərəli istifadə etməkdir. Regionda davamlı sülh və iqtisadi əməkdaşlıq möhkəmlənərsə, bundan bütün Cənubi Qafqaz ölkələri faydalana bilər".

Rəfiqə Namazəliyeva,

AzNews.az