Vahid məktəbli geyimi insan hüquq və azadıqlarını pozmur!

9 Oktyabr 2026 13:45 (UTC+04:00)

İslam dini meydana çıxanda ərəb cəmiyyəti post-quldar çağda yaşayırdı. Odur ki, Quranda quldarlıq quruluşu üçün səciyyəvi olan xeyli anlayış mövcuddur. Məsələn, kölələr və cariyyələr. BMT İnsan Hüquqları Bəyannaməsində köləlik və kölə ticarətinin bütün formaları qadağan edilib. Hazırda dünyada mövcud olan heç bir dövlət heç bir dini ehkama, yaxud dünyəvi qanuna əsaslanıb köləliyi legitimləşdirə bilməz.

Bu, nə deməkdir?

Sadə dildə məsələnin məğzi budur ki, bəşəriyyət musəvilik, xristianlıq, islam və digər dinlərin meydana çıxdığı dövrdən bəri tərəqqi edib, tərəqqi nəticəsində insan hüquq və azadlıqları genişlənib. İŞİD kimi dünyaya bəşəriyyətin gəldiyi proqressiv nöqtədən deyil, 7-ci əsrin post-quldar mühitindən baxanlar bütün cəmiyyətlər və bütövlükdə planetimiz üçün təhlükəlidir.

Qərb ölkələrinin elmi-texniki nailiyyətlərinin əsasında çox sadə gerçəkliklər dayanır. Birincisi budur ki, Avropa dini dövlətdən, elmdən və təhsildən ayırdı.

Çağdaş dövlətlər “mən bütün dinləri, dini baxışları idarəçilikdən təcrid edirəm, hər birinə münasibətdə eyni məsafədə dayanıram” deyə sekulyar prinsip ortaya qoydu.

Elm “mən kainatın qanunlarını təcrübəyə əsaslanaraq tədqiq edirəm” deyə öz prinsip və metodlarını formalaşdırdı, pozitivizm meydana çıxdı.

Müasir dünyada təhsil sisteminin əsas məqsədi bəşəriyyətin topladığı bilikləri yeni nəsillərə çatdırmaqdır.

Göründüyü kimi, bəşəriyyətin tərəqqisində təkan verən müasir sistemdə din dövlətdən ayrıdır, elmlə din arasında yetərincə aydın sərhəd var və təhsil sistemi yalnız yoxlanılmış, sınaqdan keçirilmiş bilikləri tədris etməyə mükəlləfdir.

Bu sistemin mövcudluğuna, işləkliyinə və davamlılığına istənilən müdaxilə dövlətə, cəmiyyətə, tərəqqiyə qəsd etmək mənasına gəlir.

Odur ki, Azərbaycanın bir dövlət olaraq məktəblərdə dünyəviliyə əsaslanan vahid geyim standartları tətbiq etməsi olduqca vacib və əhəmiyyətli qərardır.

Hazırda bu qərarı bir sıra radikal dini qruplar sabotaj etməyə çalışır. Dövləti şantaj edənlər arasında İran, Türkiyə və Səudiyyə Ərəbistanından ixrac olunan qeyri-ənənəvi dini cərəyanların təmsilçiləri gözə daha çox dəyir. Odur ki, bu məsələ artıq ideoloji təhlükəsizlik baxımından da dövlətimiz üçün prinsipial xarakter alıb.

Nazirlər Kabinetinin qərarını sabotaj etmək istəyənlər insan hüquq və azadlıqlarına istinad edir. Lakin nə səmimidirlər, nə də haqlıdırlar. Səmimi deyillər ona görə ki, insan hüquq və azadlıqlarına sığınıb bir dini məkana dünyəvi geyimdə gələn heç bir insanı qapıdan içəri buraxmazlar. Doğru da edərlər. Çünki məscidə, kilsəyə, sineqoqa girişin bir ədəbi var. Dindar olsun, ya olmasın, bu ölkədə heç kim məscidin həyətində manqal qalanıb kef məclisi qurulmasını qəbul etməz.

Eləcə də məktəbin öz məramı, qayda-qanunu, pedoqoji ekosistemi var. Bu meyarlara da sayğı ilə yanaşmaq hər bir insanın borcudur. Həm insanlıq borcudur, həm vətəndaşlıq borcudur, həm də gələcək nəsillər qarşısında məsuliyyətdir.

AİHM-də “Leyla Şahin Türkiyəyə qarşı” işi var. Məhkəmə qərarında göstərilir ki, təhsil müəssisələrində geyim standartlarının tətbiqi və dini atributlar daşıyan geyimlərin yasaqlanması insan hüquq və azadlıqlarını pozmur.

Vəssalam!

Demək ki, Azərbaycanda Nazirlər Kabinetinin qərarı da heç bir insan hüquq və azadlıqlarını pozmur.

Çox təəssüf ki, dərin hüquqi bilikləri olmayan bəzi insanlar bu məsələdə Süni İntellekt alətlərinin səthi analizləri ilə özlərini “işdən agah” göstərmək istəyirlər. Məlum, CHAT GPT bir Süni İntellekt aləti olaraq insanlara növbətçi cavablar verir. Sİ heç kimi incitməmək üçün balansı qorumaq tapşırığı ilə işələyir. Bizim özünü “intellektual” göstərmək istəyənlər də Sİ-yə ümumi bir sual verir, o da "get başımdan" qəbilindən olan ağızucu bir cavab göndərir. Sİ-nin başından elədikləri də o cavabı götürüb guya nə isə bir şey bilirlərmiş kimi statusa yapışdırır.
İnanın çox savadsız və ziyanlı görünürsünüz.

Odur ki, bu məsələ haqqında hüquqi şərh yazmaq istəyənlər öncə AİHM-nin “Leyla Şahin Türkiyəyə qarşı” işini dönə-dönə oxumalıdırlar.

Taleh ŞAHSUVARLI