Hikmət Babaoğlu: Azərbaycanın Mərkəzi Asiya ilə əməkdaşlığında yeni mərhələ başlayır

9 Oktyabr 2026 14:23 (UTC+04:00)

"Azərbaycan cəmi bir il əvvəl Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünə tamhüquqlu üzv qəbul edilib. Artıq 2027-ci ildə Azərbaycanın bu platformaya sədrlik etməsi nəzərdə tutulur. Bu fakt özlüyündə Azərbaycanın Mərkəzi Asiya ölkələri üçün nə dərəcədə mühüm əhəmiyyət daşıdığını göstərir. Azərbaycan indiyədək müxtəlif formatlarda Mərkəzi Asiya ölkələri ilə mühüm iqtisadi əlaqələr qurub, siyasi, humanitar və mədəni sahələrdə əməkdaşlığı dərinləşdirib. Hazırda isə yaradılan yeni kommunikasiya imkanları sayəsində Azərbaycan Mərkəzi Asiya ölkələri üçün Avropaya çıxış qapısına çevrilir. Bu da ölkəmizin region dövlətləri üçün strateji tərəfdaş kimi əhəmiyyətini artırır. Hazırda geniş iqtisadi və geosiyasi coğrafiyada yeni tarixi perspektivlərin yarandığının şahidi oluruq. Bu imkanların formalaşmasında Azərbaycanın mühüm rolu var. Bir müddət əvvəl reallaşması çətin görünən Transxəzər və TRIPP marşrutları bu gün ən çox müzakirə olunan məsələlər sırasındadır. Bu marşrutların iqtisadi cəlbediciliyi və təhlükəsizlik baxımından yaratdığı imkanlar Mərkəzi Asiya ölkələrinin diqqətini cəlb edir".

Bu fikirləri Aznews.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

Qeyd edək ki, Türkmənistanın Türkmənbaşı şəhərində baş tutan Azərbaycan və Mərkəzi Asiya ölkələrinin dövlət başçılarının 8-ci Məşvərət Görüşündə Azərbaycanın 2027-ci ildə platformaya sədrlik edəcəyi açıqlanıb. Bu qərarla Azərbaycan sözügedən formatda ilk dəfə sədrlik missiyasını üzərinə götürəcək.

Deputat vurğulayıb ki, Avropa İttifaqı da Mərkəzi Asiya ilə əməkdaşlığın genişləndirilməsində Azərbaycanın roluna xüsusi önəm verir.

"Avropa Mərkəzi Asiya ilə əlaqələrin genişləndirilməsi baxımından Azərbaycana mühüm tranzit və əməkdaşlıq platforması kimi yanaşır. Coğrafi mövqe, şübhəsiz ki, mühüm üstünlükdür. Lakin təkcə əlverişli coğrafi mövqeyə malik olmaq kifayət etmir. Bu üstünlüyü real layihələrə çevirmək, ölkəni beynəlxalq kommunikasiya xətlərinin, tranzit marşrutlarının və regional əməkdaşlığın mühüm tərkib hissəsinə çevirmək lazımdır. Azərbaycan bu istiqamətdə mühüm addımlar atıb. Buna vaxtilə həyata keçirilən Bakı-Tbilisi-Ceyhan neft kəməri və Bakı-Tbilisi-Qars dəmir yolu layihələri nümunə göstərilə bilər. Hazırda isə Transxəzər marşrutu və TRIPP layihəsi yeni imkanlar yaradır. Bütün bunlar Azərbaycanın 2027-ci ildə sədrlik edəcəyi dövrdə yeni layihələrlə daha da genişlənə və institusional xarakter ala bilər".

Rəfiqə Namazəliyeva,

AzNews.az