Argentina prokurorluğu əfsanəvi futbolçu Dieqo Maradonanın ölümü ilə bağlı iş üzrə təqsirləndirilən tibb işçiləri üçün 4 ildən 12 ilədək həbs cəzası istəyib. Bu barədə oktyabrın 9-da Argentinanın TN telekanalının dərc etdiyi məhkəmə iclasının materiallarından məlum olub.
Ən ağır cəza neyrocərrah üçün tələb olunur
Məhkəmə prosesində ittiham tərəfi neyrocərrah Leopoldo Lukye üçün 12 il həbs cəzası tələb edib. Prokuror onu faciəyə görə əsas məsul şəxs adlandırıb.
Sığorta şirkətinin koordinatoru Nensi Forlini üçün 10 il, psixiatr Aqustina Kosacov üçün 8 il həbs cəzası istənilib. Psixoloq Karlos Dias, eləcə də tibb işçiləri Rikardo Almiron və Mariano Perroni üçün 4 ildən 5 ilədək həbs cəzası və sonradan peşə fəaliyyəti ilə məşğul olmağa qadağa qoyulması tələb edilib.
Maradonanın ölümünün qarşısını almaq mümkün idi
İstintaqın versiyasına görə, Lukye pasiyentdə ürək çatışmazlığının əlamətlərini nəzərə almayıb və onu əsassız olaraq evdə müalicəyə göndərib. Nəticədə futbolçu lazımi tibbi yardım almayıb.
Prokurorlar Maradonanın ölümünün qarşısını almağın mümkün olduğunu vurğulayıblar. Bununla yanaşı, prokurorluq terapevt Pedro Di Spanianı ittiham etməkdən tamamilə imtina edib və onun hərəkətlərini yeganə düzgün qərar kimi qiymətləndirib.
Mövsüm,
AzNews.az