Süni ajiotajın arxasında kimlər var? - ŞƏRH

9 Oktyabr 2026 23:45 (UTC+04:00)

Məktəbdə geyim qaydaları və hicab mövzusunda gedən gərgin müzakirələrdə etirazçıların iki qrupa bölündüyü görünür: biri geyim qaydaları ilə razılaşmayan təbii etirazçılardır, onlar məsələni hüquqi və mənəvi müstəvidə mübahisələndirir; digəri məsələni siyasiləşdirir, itaətsizlik və bu kimi təhlükəli çağrışlar edir;
Baş verənlərin ölkədə kütləvi “hicab qadağası” kimi təqdim edilməsində ikincilərin xüsusi rolu var. Onların bir qismi xaricdə “bloger” fəaliyyəti ilə məşğul olanlardır ki, məqsədlərinin dini təəssübkeşlik olmadığı, sadəcə, yaranmış situasiyadan istifadə etdikləri bəllidir. Qrupun əsas hissəsini isə xarici dini dairələrin, xüsusilə İran şəbəkəsinin təşkil etdiyinə dəlalət edən amillər var.
1. Kütləvi “hicab qadağası” kampaniyası aparan profillər arasında İrandan idarə olunan, eləcə də ölkə daxilində bu ölkənin dini dairələrinə bağlı olan, yaxud simpatiya bəsləyənlər çoxluq təşkil edir.
2. Bu qrup məsələyə hüquqi, yaxud mənəvi müstəvidə yanaşmır, geyim qaydasını ölkədə kütləvi “hicab qadağası” kimi göstərir və radikal addımların atılması çağırışları edir;
2. Qısa müddətdə məktəb direktorlarının şəxsi məlumatlarını – fotoları, adlarını toplayaraq, onları hədəf göstərirlər;
Bu amillər məktəb forması və hicab məsələsindən xarici maraqların aktiv şəkildə yararlanmağa çalışdığını deməyə əsas verir. Kütləvi reaksiyanın qısa müddətdə təşkil edilməsi bu kontekstdə diqqətdən yayınmır. Məktəb direktorlarının “siyahısının” “Müsəlman Birliyi Hərəkatı”nın “Avropa nümayəndəliyi”nin üzvləri tərəfindən paylaşılması da İran faktorunu ön plana çıxan məqamlardandır.
Daha bir məqam: məktəblərdə geyim forması məsələsi daha öncədən gündəmə gəlmişdi, lakin kütləvi kampaniya 30 sentyabr tarixində Qumda “Azərbaycanda hicab qadağası” iddiası ilə konfransın keçirilməsindən sonra başlandı (buna qədər daha çox ölkə daxilindəki təbii etirazçıların reaksiyaları vardı). Bu konfransdan sonra İran simpatizanlarının “hicab qadağası olan məktəblərlə bağlı məlumat verin” tipli paylaşımları müşahidə edilirdi, daha sonra kütləvi “hicab qadağası” kampaniyasına start verildi.
Məqsədləri həmişə olduğu kimi, bu dəfə də dünyəvi dövlət modelidir: məsələni kütləvi “hicab qadağası” müstəvisinə daşımaqla ictimai rəyi manipulyasiya etmək və cəmiyyətdə qütbləşmə yaratmaq istəyirlər.

Asif NƏRİMANLI