O cəsarəti bu gün də göstərməliyik! - Əflatun Amaşov yazır

10 Oktyabr 2026 14:31 (UTC+04:00)

Azərbaycanda məktəbli formasının tətbiqini qətiyyətlə dəstəkləyirəm. Bu məsələdə dövlətin ardıcıl mövqeyinə, məktəbin aydın qaydalarına və cəmiyyətin sağlam dəstəyinə ehtiyac var. Etirazçıların səsindən çəkinərək qəbul edilmiş qanuni tələblərdən geri çəkilmək qətiyyən düzgün yol deyil.

Məktəbli forması uşaqlar arasında ortaq məktəb mühiti yaradır. Ailələrin maddi imkanlarını geyimlə nümayiş etdirmək yarışını zəiflətməyə xidmət edir. Sinifdə uşağın əynindəki markadan əvvəl biliyi, zəhməti və davranışı görünməlidir.

Dünyanın müxtəlif ölkələri məktəbli formasına məhz bu baxımdan yanaşırlar.

Azərbaycan da qaydalarını özünün Konstitusiyası və qanunları əsasında müəyyənləşdirir. Konstitusiyamız dövlət təhsil sisteminin dünyəvi xarakterini təsbit edir. Dövlət ümumi təhsil müəssisələrində geyim tələblərinə riayət olunması, valideynlərin bunu təmin etmək vəzifəsi də qanunvericilikdə göstərilib.

Mənim üçün bu müzakirənin tarixi və mənəvi tərəfi də var. Belə ki, 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti qadınların siyasi bərabərliyini və seçki hüququnu bir çox Avropa ölkəsindən əvvəl tanımışdı. Bu, xalqımızın maarifçilik iradəsinin, qadını ictimai həyatın bərabər iştirakçısı kimi görmək cəsarətinin ifadəsi idi.
Belə bir irsin varisləri olaraq XXI əsrdə qızlarımızın dünyəvi məktəb mühitini qorumaq məsələsində niyə tərəddüd etməliyik? Niyə məktəbin qanuni geyim tələbi dərhal dinə qarşı hücum kimi təqdim edilməlidir? Niyə hər qayda müzakirəsi təzyiq və qarşıdurma vasitəsinə çevrilməlidir?

Dini hisslərə hörmət tələb edənlər məktəbin dünyəvi xarakterinə də hörmət göstərməlidirlər. Öz mövqeyinə azadlıq istəyən insan ümumi təhsil qaydalarının mövcudluğunu da qəbul etməlidir. Məktəb hamının ortaq məkanıdır- onun qaydaları ayrı-ayrı qrupların tələbi və təzyiqi ilə müəyyənləşdirilə bilməz.

Məktəbli formasına etirazını bildirənlərin uşaqların oxu vərdişi, təhsilin keyfiyyəti, məktəb kitabxanalarının vəziyyəti barədə də eyni fəallıq göstərmələrini istərdim. Təhsil haqqında mübahisəni yalnız qızların baş örtüyü səviyyəsinə endirmək məktəbin əsas missiyasını kölgədə qoyur.

Məni ağrıdan başqa mənzərə də budur: kitabdan uzaqlaşmaq. Nəşriyyat həyatımızda 500 nüsxəlik tirajla kifayətlənən kitablar görürük. İnsanların valideynlərinin illərlə topladığı kitabları zibil qablarına atması ilə qarşılaşırıq. Mənim üçün bu, sadəcə evdə yer boşaltmaq deyil. O kitablarla birlikdə ailənin yaddaşı, əvvəlki nəslin zəhməti və biliyə verdiyi qiymət də atılır.

Kitab rəfinin boşalması yalnız evin mənzərəsini dəyişmir, düşüncəmizin kasadlaşması təhlükəsini də yaradır.
Oxumaq insana müqayisə etmək, sual vermək, arqumentlə şüarı ayırmaq imkanı qazandırır. Oxu mədəniyyəti zəiflədikcə araşdırmadan hökm vermək, hazır cavablara sığınmaq və emosional çağırışların təsirinə düşmək riski artır. Mənim narahatlığım budur.

Baş örtüyü geyinən insanın savadsız olduğunu düşünmürəm. Geyim insanın intellektinin ölçüsü deyil. Ancaq dini geyim məsələsi ətrafında yaranan hay-küyün kitab, elm və təhsil barədə söhbəti üstələməsi cəmiyyət olaraq bizi ciddi düşündürməlidir.

Xaricdən gələn münasibətlərə də mövqeyimiz aydın olmalıdır. Beynəlxalq təcrübəni öyrənmək, hüquqi arqumentləri müzakirə etmək faydalıdır. Lakin Azərbaycanın məktəb qaydalarını təzyiqlə dəyişdirməyə, dini hissləri səfərbər edərək dövlətə iradə qəbul etdirməyə yönələn cəhdləri daxili işlərimizə müdaxilə kimi qiymətləndirirəm. Hər halda, Azərbaycan məktəbinin qaydalarını müəyyənləşdirmək səlahiyyəti xaricdəki dini və siyasi dairələrə verilməyib, verilə də bilməz.

Dövlətin qətiyyəti ədalətli tətbiqlə tamamlanmalıdır. Forma rahat, keyfiyyətli və münasib qiymətə olmalı, ehtiyaclı ailələrə yardım göstərilməlidir. Uşağın ləyaqəti və təhsil hüququ qorunmalıdır. Qanuni tələbi izah etmək və ardıcıl tətbiq etmək məktəbin də, valideynin də məsuliyyətidir.

Sözüm ondadır ki, məktəbli formasını müdafiə edək, məktəbimizin dünyəvi obrazını qoruyaq. Kitabı yenidən ailənin və cəmiyyətin həyatında layiq olduğu yerə qaytaraq. Axı biz 1918-ci ildə gələcəyə cəsarətlə baxan xalqın varisləriyik. O cəsarəti bu gün də göstərməliyik.

Əflatun AMAŞOV