Bir çoxları dini irticanın necə qol-qanad açması barədə müxtəlif ölkələrin təcrübəsini araşdırmayıb. Ona görə də hazırda dini həssasiyyət üzərindən Azərbaycana edilən təhdidlərin miqyasını və perspektivini təsəvvür edə bilmirlər. Birini deyim. "Husilər" kimi tanınan "Əl-Ənsarullah" vaxtilə Yəməndə sivil platformada təşkilatlanmışdı. Ənsarullah"- "Allahın köməkçiləri" deməkdir. Allah mütləq iradədir və Uca Yaradanın heç bir köməyə ehtiyacı yoxdur. Bu, öz yerində. Başlanğıcda "İman edən gənclər" adı ilə təşkilatlanmış, tolerantlığı, şəffaflığı, Yəmənin bütün sosial zümrələrinin ümumi maraqlarını müdafiə edirdilər guya. Sonra İsrail əleyhdarlığı və ABŞ-a qarşı çıxışlarla radikallaşdılar, Yəməndə vətəndaş müharibəsinin tərəfi və koordinatoru oldular. Müsəlman qardaşlığı şüarını irəli sürdülər. Bu şüar Sizə bir yerdən tanışdır, deyilmi? Axı Azərbaycanda da "Müsəlman qardaşları" adlı təşkilat yaranmışdı və indi onun xaricdəki tör-töküntüləri vahid məktəbli formasına qarşı radikal çıxışlar edir.
ABŞ-İsrail-İran savaşı başlayanda İran və Türkiyənin təsir agentləri Azərbaycanda öz milli dövlət maraqlarımızı müdafiə edən, prosesə rasional yanaşan hər kəsi "sionist" elan etdilər. Bu gün də eyni çevrələr vahid məktəbli formasını "sionizm" üzərindən şərh edir, şüarlar qışqırırlar. İran mollaları bir yandan, Türkiyədə hakimiyyəti dəstəkləyən "Milat" qəzetinin cəhalət ruporları bir yandan, həmin ölkələrin Azərbaycandakı təsir agentləri də bir yandan ilk baxışda guya ölkəmizdə mövcud olmayan sionizm əleyhinə kampaniya aparırlar. Dövlət, zənnimcə, ilk növbədə ilin əvvəllərindən bəri fəallaşmış bu seqmenti kontrol altına almalıdır. Azərbaycanda İsrail əleyhinə aparılan sistemli təbliğat planlaşdırılan "Husi" hərəkatlarının ilk siqnallarıdır.
Həyatımda heç zaman İsraildə olmamışam, İsrail səfirliyi ilə heç bir əlaqəm yoxdur. Real həyatda bir nəfər də olsa, yaxın yəhudi tanışım yoxdur. Buna rəğmən davamlı olaraq məni, eləcə də Azərbaycanın ali maraqlarını ardıcıl şəkildə müdafiə edən insanları İsraillə əlaqələndirməyə çalışanlar məhz vətənə xəyanət edən həmin fitnəkarlar dəstəsindəndirlər.
Bir daha deyirəm: Azərbaycan dövlətinin, hakimiyyətinin və dövlətçilik şüurunu yayan ictimai rəy yaradıcılarının fəaliyyətində heç bir sionizm elementi yoxdur. Bu barədə rəy yaradanlar dini irticanı təşkilatlandıran İran, Türkiyə və Rusiyanın təsir agentləridir!
Üç neo-imperial qüvvə ilə eyni anda savaşırıq!!!
Taleh ŞAHSUVARLI