“Görün dünyanın müxtəlif yerlərində nələr baş verir?!“- İlham Əliyev

2 Oktyabr 2013 07:54 (UTC+04:00)
"Bu gün bizim cəmiyyətimiz sağlam cəmiyyətdir. Bu, çox böyük üstünlükdür. Sakitlik, əmin-amanlıq, sabitlik. Görün bu gün dünyanın müxtəlif yerlərində nələr baş verir!? Toqquşmalar, müharibələr, dava-dalaş, təxribatlar, fəlakətlər".

Bunu prezident İlham Əliyev Bilgəhdə müharibə və əmək əlilləri üçün pansionatda çıxışı zamanı bildirib. İ. Əliyev deyib ki, Azərbaycanda da fəlakətlər olub: "Keçən il zəlzələ, ondan sonra daşqın oldu. Biz bütün bu sınaqlardan şərəflə çıxdıq. Orada minlərlə ev tikildi. Zəlzələdən sonra bir il ərzində dövlət hesabına dörd mindən çox ev tikildi. Yəni, dövlət insanların bütün ehtiyaclarını ödəməlidir. Kim ki ağır vəziyyətə düşür, dövlət mütləq öz əlini uzatmalıdır. Zəlzələ, təbii fəlakət baş verdi, evlər dağıldı.

İnkişaf etmiş ölkələrdə belə hadisələr baş verdikdə dövlət deyir ki, get sığorta şirkətindən pulunu al, evin sığortalanıb, get pulunu al. Amma bizdə belə deyildir. Burada dövlət bütün yükü öz üzərinə götürür. Bax, bu sahədə də, ahıllar üçün tikilən ev, uşaq evləri, xəstə uşaqlar üçün internatlar, xəstəxanalar, məktəblər - bütün bunlar böyük vəsait tələb edən layihələrdir.

Bu gün dövlət güclüdür. Bu gün dünyada güclü Azərbaycan dövləti vardır ki, öz sözünü deyir və öz vətəndaşlarını daim müdafiə edir".

AzNews.az