ABŞ Prezidenti Donald Tramp avqust ayında vəzifəsindən ayrılan Karolin Livittin yerinə Ağ Evin mətbuat katibi təyin etdiyi Keti Zaxariyanın işə başlama tarixini açıqlayıb.
Oktyabrın 12-də vəzifəsinin icrasına başlayır
Tramp bildirib ki, Zaxariya ABŞ-də Kolumb Günü kimi qeyd olunan oktyabrın 12-də, bazar ertəsi günü vəzifəsinin icrasına başlayacaq.
Yeni mətbuat katibinin oktyabrın 13-də, çərşənbə axşamı yerli vaxtla saat 09:30-da Ağ Evin mətbuat brifinqləri zalında tanışlıq məqsədli mətbuat konfransı keçirəcəyi bildirilib.
“Möhtəşəm iş görəcək”
ABŞ Prezidenti Donald Tramp sosial şəbəkədə paylaşım edərək Zaxariyanın yeni vəzifəsi ilə bağlı fikirlərini bölüşüb.
Tramp açıqlamasında deyib:
“Keti Zaxariyanın sabah, Kolumb Günündə mətbuat katibi kimi vəzifəsinin icrasına başlayacağını və çərşənbə axşamı saat 09:30-da Ağ Evin mətbuat brifinqləri zalında tanışlıq məqsədli mətbuat konfransı keçirəcəyini elan etməkdən məmnunam. Keti lap əvvəldən mənə mənəvi dəstək olub və möhtəşəm iş görəcək”.
Keti Zaxariya kimdir?
Hüquqşünas və mühafizəkar şərhçi Keti Zaxariya daha əvvəl ABŞ Daxili Təhlükəsizlik Nazirliyində mətbuat katibi vəzifəsində çalışıb.
O, iyun ayından etibarən Trampa məxsus “Truth Social” platformasının da daxil olduğu “Trump Media & Technology Group” şirkətində baş kommunikasiya məsləhətçisi kimi fəaliyyət göstərib.
“Fox News”, “Newsmax” və “CNN” telekanallarının verilişlərinə qonaq olan Zaxariya, həmçinin Riçard Qrenellin təsis etdiyi mühafizəkar “Fix California” təşkilatında hüquq məsləhətçisi vəzifəsini icra edib.
Karolin Livittin yerini tutacaq
Zaxariya ikinci övladının doğulmasından sonra ailəsi ilə daha çox vaxt keçirmək məqsədilə avqust ayında vəzifəsindən ayrılan Karolin Livittin yerini tutacaq.
Ağ Evin mətbuat katibi vəzifəsi ABŞ administrasiyasının siyasətini ictimaiyyətə çatdıran ən görünən vəzifələrdən biridir.
Mətbuat katibi müntəzəm brifinqlərdə jurnalistlərin suallarını cavablandırmalı, administrasiyanın qərarlarını izah etməli və televiziya proqramlarında onu təmsil etməlidir.
Mövsüm,
AzNews.az