"Təhsilimiz dünyəvi xarakter daşıyır və müasirliyi, elmi bilikləri, ənənələri özündə birləşdirən kompleks bir sistemdir. Bu sistemdə təqdim olunan biliklər dünya standartlarına uyğun olmalı, müasir sivilizasiyanın inkişafını əks etdirməli və gələcəkdə elmi nailiyyətlərin tətbiqinə imkan yaratmalıdır. Təhsil mühitinin formalaşmasında ailə institutu, ətraf mühit və məktəb ayrı-ayrılıqda mühüm rol oynayır. Bu baxımdan, vahid məktəbli formasının tətbiqi də xüsusi əhəmiyyət daşıyır. İnkişaf etmiş ölkələrin təcrübəsinə nəzər saldıqda görürük ki, bəzi ölkələrdə hətta universitetlərin də özünəməxsus geyim formaları mövcuddur. Orta məktəblərdə vahid geyim formasının tətbiqi, ilk növbədə, sosial bərabərliyin qorunmasına xidmət edir. Bu, şagirdlərin müxtəlif geyim dəbləri və dəbdəbəli geyimlər arasında rəqabət aparmasının qarşısını alır. Digər tərəfdən, vahid məktəbli forması nizam-intizamın qorunması baxımından da əhəmiyyətlidir. Şagirdlərin məktəbdə vahid geyim qaydalarına riayət etməsi ümumi intizamın formalaşmasına töhfə verir. Nizam-intizam isə təhsil prosesinin ayrılmaz hissəsidir və şagirdlərin biliklərə daha sistemli yanaşmasına şərait yaradır".
Bu fikirləri Aznews.az-a açıqlamasında Sosial-Mədəni Dəyişikliklərin Öyrənilməsi İctimai Birliyinin sədri, sosioloq Hüseyn İbrahimov deyib.

Qeyd edək ki, təhsilin dünyəviliyi və vahid məktəbli geyim formasının tətbiqi cəmiyyətdə müxtəlif yanaşmaların ortaya çıxdığı məsələlərdəndir. Bu mövzular təhsil mühiti ilə yanaşı, sosial bərabərlik, ailə dəyərləri, fərdi seçim və ictimai münasibətlər baxımından da müzakirə olunur. Xüsusilə vahid geyim formasının şagirdlər arasındakı sosial fərqlərə təsiri və dünyəvi təhsil prinsipinin cəmiyyətdə necə qəbul edilməsi diqqət çəkir.
Sosioloq qeyd edib ki, dünyəvi təhsil prinsipləri təhsil sisteminin müasir dünyanın inkişaf tendensiyalarına uyğun qurulmasını tələb edir.
"Dünyəvilik yalnız tədris olunan biliklərlə məhdudlaşmır. Bu anlayışa həyat tərzi, davranış normaları, geyim və digər sosial amillər də kompleks şəkildə daxil edilir. Müxtəlif geyim formaları və davranış modelləri şagirdlərin dünyagörüşünə, bir-biri ilə münasibətlərinə və sosial normalara uyğunlaşmasına təsir göstərir. Buna görə də təhsil mühitində müəyyən ümumi qaydaların mövcudluğu vacibdir. Təhsilin dünyəvi xarakteri gənclərin dünyagörüşünün formalaşmasında mühüm rol oynayır. Azərbaycanda dünyəvi təhsil prinsiplərinin inkişafı ötən əsrin əvvəllərindən başlayıb. Müstəqillik əldə etdikdən sonra isə ölkənin təhsil sistemi müasir dünyanın standartlarına uyğunlaşdırılması istiqamətində yeni proqramlar və fənlərlə zənginləşdirilib. Bununla belə, dünyanın heç bir ölkəsində təhsil sistemi tamamilə problemsiz deyil. Hər bir ölkənin özünəməxsus çətinlikləri var və bu problemlər yalnız müəllimlə şagird arasındakı münasibətlərlə deyil, biliklərin cəmiyyətdə tətbiqi ilə də əlaqəlidir. Hazırda təhsil sahəsində müzakirə olunan məsələlərdən biri də məktəblilərin geyimidir. Bəzi valideynlər övladlarının dini inanclarına uyğun geyimdə təhsil almasını istəyə bilərlər. Lakin dünyəvi təhsil prinsipi yalnız verilən bilikləri deyil, təhsil mühitindəki davranış və geyim qaydalarını da əhatə edir. Bu baxımdan, vahid məktəbli formasının tətbiqi təhsil müəssisələrində ümumi qaydaların və nizam-intizamın qorunması üçün əhəmiyyətlidir. Xüsusilə uşaqların və gənclərin təhsilində vahid qaydaların olması vacibdir. Şagirdlərin kiçik yaşlardan etibarən müxtəlif dini geyim formalarında təhsilə başlaması dünyəvi təhsil prinsipləri ilə uzlaşmayan bir yanaşma kimi qiymətləndirilə bilər. Çünki Azərbaycanın Konstitusiyasına əsasən, ölkəmiz dünyəvi dövlətdir və təhsil sistemi də dünyəvi xarakter daşıyır. Dünyəvi təhsil yalnız əldə olunan biliklərin məzmunu ilə ölçülmür, eyni zamanda təhsil mühitindəki davranış və geyim qaydalarını da əhatə edir. Bu baxımdan, vahid məktəbli forması müasir təhsil mühitində nizam-intizamın və ümumi qaydaların qorunmasının vasitələrindən biri hesab edilə bilər".
Rəfiqə Namazəliyeva,
AzNews.az