Türkiyədən Azərbaycana moizə oxuyanlar: bu nəyin hikkəsidir?

12 Oktyabr 2026 20:34 (UTC+04:00)

Azərbaycan müstəqillik tarixinin ən böyük sınaqlarından birini verir. Xarici ideoloji mərkəzlər tərəfindən bəslənmiş irtica hücrələri dünyəvi Azərbaycan dövlətinə açıq hücuma keçib. Azərbaycan məktəbinin timsalında dövlətimizin sekulyar quruluşu, tərəqqi modeli, bütün tarixi nailiyyətlərimiz, gələcəyimiz sui-qəsdlə üz-üzədir. Dövlətin müvafiq qurumları bu an hər kəsin aldığı nəfəsdən xəbərdar olduğu kimi, cəmiyyətimiz də hansı xarici ideoloji mərkəzlərdən Azərbaycana kin və nifrət püskürdüldüyünü yaxşı görür. Hər kəs öz adı ilə çağrılacaq: Qardaş sandığımız Türkiyənin cəhalət trolları İran mollalarından daha bərk yaxa cırırlar!

Etiraf edək ki, sayğımıza, rəğbətimizə layiq deyilmiş Türkiyə toplumunun bir xeyli kəsimi. Fürsət gözləyirmişlər, məqam gəzirmişlər içlərindəki Xəlil Qutları, Necati bəyləri yenidən dirildib Azərbaycanın ideoloji müstəvidə işğal etmək planlarına bələdçilik etmək üçün.

Bu nəyin qəzəbidir, nəyin hikkəsidir, nəyin qisasıdır belə?

Qurtuluş savaşında Azərbaycanın göndərdiyi qızıllarla qazanılan qələbənin təşəkkürnaməsidirmi?
İşğaldan azad edilən Qarabağda təmənnasız məktəb demirəm, toyuq damı belə tikmədiyiniz halda, Türkiyənin seysmik zonalarında saldığımız şəhərciklərin "sağ ol"udurmu?

Yoxsa Azərbaycanın ham Əliyevin liderliyi ilə Orta Gücə çevrilməsi, Cənubi Qafqazın sərhədlərini aşan bir coğrafiyada Türkmənçay müqaviləsinin tarixi nəticələrini aradan qaldırmaq perspektividir narahatçılığınızın səbəbi?

Türkiyə Osmanlının varisidir, bunu anlayıram. Amma atanın oğulu edam etdirdiyi, oğulun atanı zəhərlətdiyi, hünkarların bir gecədə onlarla şahzadə boğdurduğu bir imperiyanın neo versiyasında da qardaşlıq ruhu olması mümkünsüz.

Osmanlıya türkçülüyü biz apardıq. Anadoludakı etnik əqrəbamıza sekulyarlıq modelini nümayiş etdirən ilk respublikanı biz qurduq. 30 ildir də qardaşlıq öyrədirik, qardaşlıq nümunəsi göstəririk. Buna rəğmən, gözlərini dünən Sürixə dikənlər, bu gün Tehran mollalarının fitnəkarlığını bölüşürlər. 1724-cü ildə Rusiya ilə imzaladıqları İstanbul sözləşməsində Azərbaycanı bir neçə yerə bölən zehniyyət, görünür, Bütöv Azərbaycan idealından əndişə keçirir.

Bu dünya belə qalmayacaq, əlbəttə. Haqqın bu dünyada nazilən günü çox olub, amma üzülən günü heç vaxt! Azərbaycan öz ərazilərini etnik separatizmdən öz ağlı və qüdrəti ilə azad etdiyi kimi, ideoloji məkanını da təmizləyəcək. Bu təmizləmə sekulyar Türkiyəyə rəğbət bəsləyənlər istisna olmaqla, Osmanlı neo imperalizminin ölkəmizdəki bütün açıq və gizli təbliğatçıllarını da əhatə etməlidir. Azərbaycan nə Tehrandan, Moskvadan, Brüsseldən, nə də Ankaradan idarə oluna bilər!

Taleh ŞAHSUVARLI,

AzNews.az-ın Baş Redaktoru