"Azərbaycan dünyəvi dövlətdir və dünyəvi dövlətin prinsipləri təhsil müəssisələrində də öz əksini tapmalıdır. Bu prinsiplər təhsil sistemində qorunmalı və tətbiq edilməlidir. Hazırda Azərbaycanda ümumi təhsil müəssisələrində tətbiq olunan vahid məktəbli geyim forması dünyəvi prinsiplərə əsaslanır. Müəllimlərin geyimi ilə bağlı müəyyən standartların tətbiqi nəzərdə tutulduğu halda, şagirdlər üçün vahid geyim forması müəyyən edilib. Müəllimlər də müəyyən edilmiş geyim qaydalarına riayət etməlidirlər. Şagirdlərin geyim və davranış qaydalarına da xüsusi diqqət yetirilməsi vacibdir. Məsələn, oğlan şagirdlərin səliqəli görünüşünə, qız şagirdlərin isə makiyajdan, uzun dırnaqlardan və diqqətçəkən zinət əşyalarından istifadə etməməsinə diqqət yetirilməsi tövsiyə olunur. Eyni zamanda, geyim qaydalarına riayət edilməsi məktəbdə nizam-intizamın qorunmasına xidmət edir".
Bu fikirləri Aznews.az-a açıqlamasında təhsil eksperti Ramin Nurəliyev deyib.

Qeyd edək ki, təhsil dünyəviliyi və vahid məktəbli geyim formasının tətbiqi təhsil mühitində müzakirə olunan məsələlərdəndir. Məktəblərdə vahid geyim qaydasının tətbiqi şagirdlər arasında sosial fərqlərin azaldılması, nizam-intizamın qorunması və məktəb mühitində bərabərliyin təmin olunması baxımından əhəmiyyət daşıyır. Digər tərəfdən, təhsil müəssisələrində dünyəvilik prinsipinin qorunması, milli-mənəvi dəyərlərlə müasir təhsil yanaşmalarının uzlaşdırılması da diqqət tələb edir.
Ekspert qeyd edib ki, vahid məktəbli geyim forması beynəlxalq təcrübədə də geniş tətbiq olunur.
"Bu, məktəblərdə nizam-intizamın qorunmasına, sağlam təhsil mühitinin formalaşmasına və şagirdlər arasında sosial bərabərliyin müəyyən dərəcədə təmin edilməsinə töhfə verir. Çünki şagirdlərin maddi imkanları fərqli ola bilər və bu fərqlər geyim seçimində də özünü göstərə bilər. Daha imkanlı ailələrin övladlarının dəbdəbəli geyimlərlə məktəbə gəlməsi digər şagirdlər arasında sosial fərqlərin daha qabarıq görünməsinə səbəb ola bilər. Bu baxımdan, vahid məktəbli geyim formasının tətbiqini məqsədəuyğun hesab edirəm. Bu qərar şagirdlər arasında sosial bərabərliyin qorunması və ümumi təhsil mühitinin yaxşılaşdırılması istiqamətində atılmış addımdır. Təhsil müəssisəsində hər bir şagirdin bərabər hüquqlara malik olması və heç kimin digərlərindən üstün mövqedə görünməməsi sağlam təhsil mühitinin formalaşması baxımından əhəmiyyətlidir. İnkişaf etmiş ölkələrin təcrübəsinə nəzər saldıqda da müəllimlər üçün müəyyən geyim standartlarının, şagirdlər üçün isə vahid məktəbli formasının tətbiq olunduğu nümunələrə rast gəlirik. Bu baxımdan, məktəblərdə mövcud geyim qaydalarının qorunması üçün rəhbərlik və müəllimlərlə yanaşı, valideynlərin də dəstəyi vacibdir. Valideynlər övladlarının məktəbə vahid geyim formasında gəlməsinə və müəyyən edilmiş qaydalara riayət etməsinə diqqət yetirməlidirlər. Çünki sağlam təhsil mühitinin yaradılması yalnız müəllim və şagirdlərin deyil, valideynlərin də məsuliyyətidir. Müəllimlərin keyfiyyətli tədris aparması və şagirdlərin səmərəli təhsil alması üçün əlverişli mühitin formalaşdırılması nə qədər vacibdirsə, bu mühitin qorunmasında valideynlərin iştirakı da bir o qədər əhəmiyyətlidir. Axı valideynlər də övladlarının təhlükəsiz, nizamlı və bərabər imkanlara malik olduqları təhsil mühitində oxumasında maraqlıdırlar. Buna görə də vahid məktəbli geyim formasının tətbiqinə valideynlərin dəstək verməsi vacibdir".
Rəfiqə Namazəliyeva,
AzNews.az