Bədənimizdə dəmir çatışmazlığına səbəb olan qidalar

13 Oktyabr 2026 12:15 (UTC+04:00)

Dəmir çatışmazlığı davamlı yorğunluq, halsızlıq, başgicəllənmə və bəzi hallarda saç tökülməsi ilə özünü göstərə bilər. Orqanizmdə dəmirin kifayət qədər olması qanda oksigen daşıyan hemoqlobinin yaranması üçün vacibdir. Lakin dəmirlə zəngin qidalar qəbul etmək həmişə onun orqanizm tərəfindən tam mənimsənilməsi demək deyil. Bəzi içkilər və qidaların tərkibindəki maddələr dəmirin bağırsaqlarda sorulmasını azalda bilər.

ABŞ Milli Səhiyyə İnstitutunun məlumatına görə, dəmirin mənimsənilməsi onun hansı qidadan alınmasından və həmin yeməyin tərkibindəki digər maddələrdən asılıdır. Ət və dəniz məhsullarında olan heme dəmiri, adətən, bitki mənşəli qidalardakı qeyri-heme dəmirindən daha asan mənimsənilir. Buna görə də qidalanma zamanı yalnız dəmirin miqdarını deyil, onun mənimsənilməsinə təsir edən amilləri də nəzərə almaq lazımdır

Çay və qəhvə dəmirin sorulmasını azalda bilər. Bu içkilərin tərkibindəki polifenollar dəmirlə birləşərək onun bağırsaqlarda mənimsənilməsini çətinləşdirə bilər. Xüsusilə yemək zamanı və ya dəmir preparatı qəbul edilən vaxt çay və qəhvə içilməsi əhəmiyyətlidir. Bu səbəbdən dəmir çatışmazlığı olan şəxslərin həmin içkiləri dəmirlə zəngin yeməklərdən və dəmir preparatından ayrı vaxtda qəbul etməsi məqsədəuyğundur. Böyük Britaniyanın Milli Səhiyyə Xidməti də dəmir preparatı qəbul edərkən çay və qəhvə ilə arasında təxminən iki saat fasilə saxlamağı tövsiyə edir

Süd və süd məhsullarının tərkibindəki kalsium da nəzərə alınmalıdır. Kalsium bəzi şəraitlərdə həm bitki, həm də heyvan mənşəli dəmirin sorulmasına təsir göstərə bilər. Süd, qatıq və pendir sağlam qidalanmanın vacib hissəsidir və onları rasiondan tamamilə çıxarmaq lazım deyil. Əsas məsələ dəmir preparatı qəbul edilərkən və ya dəmirlə zəngin yemək yeyilərkən bu məhsulların eyni vaxtda qəbuluna diqqət yetirməkdir. Xüsusilə dəmir çatışmazlığı müalicə olunursa, preparatın qəbul qaydasını həkim və ya əczaçı ilə dəqiqləşdirmək faydalıdır.

Bəzi taxıl və paxlalı bitkilər də dəmirin mənimsənilməsinə təsir edir. Tam taxıllar, kəpək, lobya, mərcimək və soya məhsullarında olan fitatlar dəmirin sorulmasını azalda bilər. Bununla belə, bu qidalar lif, zülal və digər faydalı maddələrlə zəngindir. Onları qidalanmadan çıxarmaq əvəzinə, dəmirin mənimsənilməsini yaxşılaşdıran qidalarla birlikdə qəbul etmək daha düzgün yanaşmadır. Məsələn, mərcimək yeməyinə limon əlavə etmək və ya onu pomidor, bibər kimi C vitamini mənbələri ilə birlikdə yemək faydalı ola bilər.

Dəmirin sorulmasını artırmaq üçün C vitamini ilə zəngin qidalar xüsusi əhəmiyyət daşıyır. Portağal, kivi, çiyələk, pomidor və bolqar bibəri bitki mənşəli dəmirin orqanizm tərəfindən mənimsənilməsinə kömək edə bilər. Ət, balıq və quş əti də eyni yeməkdə bitki mənşəli dəmirin sorulmasını yaxşılaşdıra bilər. Bu yanaşma xüsusilə vegeterian qidalanan və dəmir ehtiyacını əsasən bitki məhsullarından qarşılayan şəxslər üçün əhəmiyyətlidir

Dəmir çatışmazlığını yalnız qidalanma ilə əlaqələndirmək də düzgün deyil. Güclü menstruasiya, hamiləlik, mədə-bağırsaq sistemində qan itkisi və bəzi xəstəliklər də dəmir ehtiyatlarının azalmasına səbəb ola bilər. Davamlı yorğunluq, başgicəllənmə, nəfəs darlığı və ya saç tökülməsi müşahidə olunursa, səbəbi müəyyənləşdirmək üçün həkimə müraciət etmək vacibdir. Qanın ümumi analizi və ferritin göstəricisinin yoxlanılması dəmir çatışmazlığının qiymətləndirilməsində faydalıdır. Dəmir preparatlarını isə analiz və tibbi məsləhət olmadan qəbul etmək məsləhət görülmür.

Beləliklə, dəmir çatışmazlığında əsas məsələ çay, qəhvə, süd məhsulları və taxıl-paxlalı qidaları tamamilə rasiondan çıxarmaq deyil. Onların qəbul vaxtını düzgün seçmək, dəmirlə zəngin qidaları C vitamini mənbələri ilə birləşdirmək və çatışmazlığın səbəbini müəyyənləşdirmək daha səmərəli yanaşmadır. Düzgün qidalanma dəmir ehtiyatlarının qorunmasına kömək edə bilər, lakin təsdiqlənmiş dəmir çatışmazlığı və ya anemiya zamanı tibbi müalicəni əvəz etmir.

Nuray,
AzNews.az