"Pedaqoq kimi hesab edirəm ki, məktəbin ilk vəzifəsi bütün şagirdlər üçün bərabər imkanlar yaratmaqdır. Kurikulumun əsas prinsiplərindən biri də məhz təhsildə bərabər imkanların təmin edilməsi və sağlam təhsil mühitinin formalaşdırılmasıdır. Kurikulum şəxsiyyətyönümlü təhsil modelinə əsaslanır. Burada məqsəd yalnız bilik vermək deyil, həm də bacarıqlar formalaşdırmaq və şəxsiyyət yetişdirməkdir. Bu prosesdə sağlam təhsil mühitinin yaradılması, dünyəvilik prinsipi və dini etiqad azadlığı kimi məsələlər şagirdlərə yanaşmada nəzərə alınmalıdır. Sosial fərqlərin qabardılması isə məsələnin mahiyyətinin düzgün anlaşılmasına mane olur. Məktəbdə müəllimlə şagird, eləcə də təhsil prosesinin digər iştirakçıları arasında sağlam münasibətlərin qurulması və qanunvericiliyin tələbləri ilə bu münasibətlər arasında balansın qorunması vacibdir".
Bu fikirləri Aznews.az-a açıqlamasında təhsil eksperti Afərim Seyidova deyib.

Xatırladaq ki, məktəblərdə hicab və vahid məktəbli forması ilə bağlı müzakirələr təhsil müəssisələrində dini etiqad azadlığı, dünyəvi təhsil prinsipləri və mövcud geyim qaydaları arasındakı münasibətləri yenidən gündəmə gətirir. Bu məsələnin müzakirəsi zamanı uşaqların təhsil hüququnun, məktəb mühitində qarşılıqlı hörmətin və psixoloji rahatlığının qorunması da diqqətdə saxlanılmalıdır.
Ekspert qeyd edib ki, şagird və valideynlərin emosional yanaşmaları təhsil prosesinin əsas məqsədinə mane olmamalıdır.
"Əsas məqsədimiz şəxsiyyət yetişdirməkdir. Buna görə də emosional reaksiyalardan daha çox hüquqi əsaslara, təhsil qanunvericiliyinin müəyyən etdiyi qayda və tələblərə istinad etmək lazımdır. Ayrı-ayrı valideynlərin fərqli məqsədləri olsa belə, məktəbin əsas vəzifəsi pedaqoji prosesin davamlılığını və sağlam təhsil mühitini qorumaqdır. Orta məktəb şəxsiyyətin formalaşmasında mühüm rol oynayır. Bu proses ayrı-ayrı şəxslərin qarşıdurma yaratmaq cəhdləri ilə deyil, qanunvericiliyin müəyyən etdiyi qaydalar və hüquqi prinsiplər əsasında həyata keçirilməlidir. Cəmiyyət də bu məsələlərə həssas yanaşmalı, kiçik problemləri sosial şəbəkələrdə qarşıdurma predmetinə çevirməklə qanunvericiliyin tələblərinə qarşı çıxmamalıdır. Dövlət təhsildə bütün şagirdlər üçün aydın və bərabər imkanların yaradılmasını təmin edir. Heç kimin təhsildən kənarda qalmasına və ayrı-seçkiliyə məruz qalmasına yol verilməməlidir. Məktəbdə heç bir şagird özünü yad hiss etməməlidir. Təhsil müəssisələrinin məqsədi dini etiqad azadlığına qarşı çıxmaq deyil, təhsil prosesini müəyyən edilmiş qaydalar çərçivəsində təşkil etməkdir. Lakin bəzi valideynlərin bu məsələ ətrafında yaratdığı ajiotaj və kəskin qarşıdurma mühiti problemin mahiyyətindən uzaqlaşmağa səbəb olur. Burada diqqət yetirilməli olan əsas məqamlardan biri də yaranan vəziyyətin uşaqlara psixoloji təsiridir. Şagirdlər məsələyə dini azadlıqlarının məhdudlaşdırılması kimi yanaşmaya bilərlər. Ancaq valideynlərin yaratdığı gərginlik, təzyiq və ictimai müzakirələr uşaqlarda psixoloji narahatlıq yarada bilər. Buna görə də əsas məqsəd qarşıdurma yaratmaq deyil, fərqli düşüncələrə tolerant münasibətin formalaşdırılması və qarşılıqlı anlaşmanın təmin edilməsidir".
Rəfiqə Namazəliyeva,
AzNews.az