Azərbaycan heç vaxt Türkiyənin daxili işlərinə qarışmayıb, qardaş dövlətin siyasi gündəmini müəyyənləşdirməyə çalışmayıb və onun cəmiyyətinə necə yaşamalı olduğunu diktə etməyib. Bəs nə üçün Türkiyədə bəzi siyasi dairələr və media qurumları Azərbaycana münasibətdə özlərinə belə bir haqq tanıyırlar? Qardaşlıq qarşılıqlı hörmət tələb etdiyi halda, bu hörmət niyə birtərəfli anlayışa çevrilməlidir?
Azərbaycanla Türkiyə arasındakı münasibətlər adi dövlətlərarası əlaqələrdən daha dərin tarixi, mənəvi və siyasi təməllərə söykənir. “Bir millət, iki dövlət” ifadəsi sadəcə diplomatik şüar deyil, ortaq tarixin, milli həmrəyliyin və qarşılıqlı etimadın simvoludur. Azərbaycan bu münasibətlərin mahiyyətinə uyğun davranaraq Türkiyənin daxili siyasi mübarizələrinə müdaxilə etməkdən, onun cəmiyyətini hədəfə almaqdan və daxili problemlərini siyasi təzyiq vasitəsinə çevirməkdən həmişə çəkinib.
Ancaq təəssüf ki, son günlər Türkiyə Respublikası Prezidentinin baş müşaviri Oktay Saral, hakim Ədalət və İnkişaf Partiyasından (AKP) olan bəzi millət vəkilləri, media qurumları, siyasi şərhçilər və ayrı-ayrı ictimai fiqurlar Azərbaycana qarşı hücuma keçib. Azərbaycana münasibətdə eyni həssaslığı görmürük. Ölkəmizə qarşı səsləndirilən ittihamlar, Azərbaycan dövlətinin qərarlarının sorğulanması, hətta məktəblilərimizin hansı formada geyinməli olduğunun Türkiyə ictimai müzakirəsinə çıxarılması haqlı suallar doğurur: Qardaşlıq adı altında Azərbaycana siyasi və ideoloji şərtlər diktə etmək cəhdlərinin arxasında nə dayanır?
Azərbaycan məktəblərində vahid geyim formasının tətbiqi ölkənin suveren qərarıdır. Bu məsələnin müzakirə edilməsi, əlbəttə, mümkündür. Lakin onu bəhanəyə çevirərək ölkəmizə qarşı genişmiqyaslı ittiham kampaniyası aparmaq, hətta dini qarşıdurma görüntüsü yaratmaq və Azərbaycanı “dəyərlərə qarşı çıxan ölkə” kimi təqdim etmək tamamilə başqa məsələdir. Burada söhbət tənqiddən deyil, tənqidin hansı məqsədlə və hansı siyasi kontekstdə aparılmasından gedir.
Əcəba, Türkiyədə həllini gözləyən bu qədər iqtisadi, sosial və siyasi problem olduğu halda, Azərbaycanın daxili qərarları niyə zaman-zaman bəzi dairələrin bu qədər diqqət mərkəzinə keçir? Azərbaycan cəmiyyəti niyə Türkiyədəki müəyyən media və siyasi çevrələrin hədəfinə çevrilir? Bu suallara cavab axtararkən emosiyalara qapılmaqdan daha çox, Türkiyədə gedən prosesləri təhlil etmək və daxili siyasi dinamikanı nəzərə almaq lazımdır. Azərbaycanın hədəfə gətirilməsinin iki əsas səbəbi var:
Birinci, Türkiyənin Ermənistanla normallaşma siyasəti və Azərbaycan amili.
Türkiyənin Ermənistanla münasibətləri normallaşdırmaq istiqamətindəki cəhdləri yeni deyil. 2009-cu ildə Türkiyənin o zamankı prezidenti Abdullah Gülün "futbol diplomatiyası" çərçivəsində Ermənistana səfəri bu istiqamətdə atılmış ən diqqətçəkən addımlardan biri idi. Həmin dövrdə də Türkiyə-Ermənistan münasibətlərinin yaxşılaşdırılması təşəbbüsləri ciddi siyasi və ictimai müzakirələrə səbəb olmuşdu.
Bu gün də Ankara ilə İrəvan arasında münasibətlərin normallaşdırılması istiqamətində proses davam edir. Belə bir siyasətin aparılması Türkiyənin suveren seçimidir. Lakin bu prosesin Azərbaycan-Türkiyə münasibətlərinə necə təsir göstərəcəyi, Ermənistanla yaxınlaşmanın hansı şərtlərlə həyata keçiriləcəyi və Azərbaycanın milli maraqlarının nə dərəcədə nəzərə alınacağı ayrıca müzakirə olunmalıdır.
Məhz bu nöqtədə ciddi siyasi suallar meydana çıxır. Ermənistanla münasibətlərin yaxşılaşdırılması Türkiyə ictimaiyyətinə necə təqdim ediləcək? İllərlə Ermənistanın Türkiyəyə qarşı qondarma “soyqırımı” siyasətini, Azərbaycana qarşı təcavüzünü, işğal siyasətini və törədilmiş faciələri yaxından izləmiş türk ictimaiyyətində bu normallaşmaya münasibət necə dəyişdiriləcək? Azərbaycanla qardaşlıq münasibətlərini müdafiə edən ictimai rəyin həssaslığı necə aradan qaldırılacaq?
Təəssüf ki, Türkiyədə bəzi dairələr bundan çıxış yolunu Azərbaycanı mənfi obrazda təqdim edən kampaniyalara başlamaqda görürlər. Bununla da Türkiyə-Ermənistan normallaşmasının ictimai qəbuluna dolayı yolla təsir göstərməyə cəhd olunur. Əgər Azərbaycanın imicinə kölgə salan kampaniyalar hədəfinə çatarsa, Türkiyə cəmiyyətində Ankara ilə İrəvan arasında yaxınlaşmanın müqayisəli şəkildə daha məqbul görünməsi üçün zəmin yarana bilər.
Türkiyə-Ermənistan normallaşması Azərbaycanla münasibətlərin zədələnməsi hesabına ictimaiyyətə qəbul etdirilirsə, bu artıq qardaşlığa növbəti xəyanətdir. Azərbaycanın Türkiyə üçün düşmən obrazına çevrilməsi isə nə tarixi reallığa, nə ortaq maraqlara, nə də iki xalq arasındakı münasibətlərin mahiyyətinə uyğundur. Türkiyə ilə Ermənistanın yaxınlaşması üçün Azərbaycana qarşı süni qarşıdurma yaratmaq zərurəti görülürsə, bu normallaşma siyasətinin özünün hansı nəticələrlə sonuclanacağını hesablamaq lazımdır.
İkinci, Türkiyənin iqtisadi problemləri, dəyişməyən inflyasiya faktoru, ortaya çıxan korrupsiya məsələləri, siyasi ziddiyyətlər və diqqətin başqa istiqamətə yönəldilməsi.
Azərbaycanın Türkiyədəki daxili siyasi və iqtisadi problemlərə münasibətdə nümayiş etdirdiyi təmkinin qarşılığında ölkəmizin öz daxili məsələlərinə görə sərt hücumlara məruz qalması haqlı narazılıq doğurur. Türkiyə iqtisadiyyatında inflyasiya, qiymət artımları və əhalinin alıcılıq qabiliyyəti ilə bağlı problemlər uzun müddətdir ictimai müzakirələrin əsas mövzularındandır. Siyasi gərginliklər, jurnalistlərin həbsi ilə bağlı mübahisələr, seçilmiş yerli idarəçilərin səlahiyyətlərinin məhdudlaşdırılması və onların yerinə dövlət tərəfindən təyin olunan qəyyumların (“kayyum”ların) gətirilməsi də ölkənin siyasi gündəmində yer alır.
Bu problemlərin hər biri Türkiyə cəmiyyətinin daxilində müzakirə edilməli və demokratik institutların fəaliyyəti çərçivəsində qiymətləndirilməlidir. Lakin siyasi kommunikasiya baxımından başqa bir sual da ortaya çıxır: daxildəki çətinliklər ictimai diqqəti başqa istiqamətə yönəltmək üçün xarici siyasi mövzuların qabardılmasına şərait yarada bilərmi?
Siyasi tarix göstərir ki, daxili problemlərlə üzləşən hakimiyyətlər bəzən xarici təhlükə obrazından, beynəlxalq qarşıdurmalardan və emosional milli ritorikadan ictimai dəstəyin səfərbər edilməsi üçün istifadə edirlər. Türkiyədəki bütün Azərbaycan əleyhinə çıxışların məhz bu məqsədlə vahid mərkəzdən idarə olunan kampaniya xarakteri daşıdığı artıq şübhə doğurmur.
Nəticəyə baxmaq lazımdır: Türkiyənin daxili problemləri nə qədər mürəkkəbləşirsə, Azərbaycanın adının siyasi mübahisələrə cəlb edilməsi, daxili işlərinə müdaxilə də bir o qədər artır. Azərbaycanı hədəfə çevirmək, onu dini və mənəvi dəyərlərə qarşı çıxan ölkə kimi göstərmək, cəmiyyətləri bir-birinə qarşı qoyan ritorika yaratmaq dalğası güclənir.
Məlumdur ki, Hazırda Türkiyənin maliyyə bazarlarında yaşanan investisiya fondları böhranı ölkənin iqtisadi və siyasi gündəminin ən ciddi məsələlərindən biridir. Bazar manipulyasiyası şübhələri, qeyri-adi qiymət artımları, investorların vəsaitlərinin taleyi və məsul şəxslərin müəyyənləşdirilməsi ilə bağlı suallar genişmiqyaslı araşdırmaların aparılmasına səbəb olub. "Əsrin maliyyə soyğunu" və ya "Əsrin fırıldağı" kimi xarakterizə olunan bu skandal ləğv edilən investisiya fondları vasitəsilə 214 nəfər və şirkətin ümumilikdə 187 milyard 653 milyon lirə (təxminən 188 milyard TL) xalis haqsız qazanc əldə etməsini əhatə edir. Süni intellekt yönümlü proqramlarla bəzi səhmlərin qiymətini 100 qatadək şişirdən şəbəkənin çöküşü hakimiyyətə (AKP) qədər uzanan büyük bir siyasi böhrana yol açıb.
Qalmaqalın siyasi tərəfi xüsusilə diqqət çəkir. Türkiyənin keçmiş Ailə və Sosial Siyasət naziri, hakim AKP-nin keçmiş sədr müavini Fatma Betül Sayan Kaya və həyat yoldaşı maliyyə əməliyyatları ilə bağlı istintaq çərçivəsində şübhəli qismində ifadə veriblər. Bu hadisələrin miqyası Türkiyə cəmiyyətinin maliyyə bazarlarına, tənzimləyici qurumlara və siyasi məsuliyyət mexanizmlərinə dair ciddi suallar verməsini zəruri edir. Bazar manipulyasiyası şübhələri obyektiv araşdırılacaqmı? Siyasi mövqeyindən və ictimai statusundan asılı olmayaraq, bütün şəxslər eyni hüquqi standartlarla qiymətləndiriləcəkmi?
Belə bir şəraitdə Azərbaycan məktəblilərinin geyim formasının Türkiyə mediasında geniş siyasi mübahisə predmetinə çevrilməsi diqqətçəkən təzad yaradır. Bir tərəfdə yüz minlərlə investorun maraqlarına toxunan maliyyə böhranı və davam edən istintaq, digər tərəfdə isə Azərbaycanın təhsil siyasəti ətrafında qızışdırılan emosional müzakirələr dayanır.
Əlbəttə, bu iki mövzunun eyni vaxtda gündəmdə olması öz-özlüyündə birinin digərini ört-basdır etmək məqsədi daşıdığını vurğulamağa tam əsas verir.
İsrail məsələsi və ikili standartlar
Ən nəhayət, Türkiyənin İsraillə münasibətləri də ölkənin siyasi və ictimai gündəmində ziddiyyətli müzakirələr doğurur. Fələstin məsələsi ilə bağlı sərt siyasi bəyanatlar, İsrail hökumətinə qarşı tənqidlər və iqtisadi münasibətlər ətrafında yaranan mübahisələr Türkiyə cəmiyyətində həssas mövzulardan biridir.
İllərdir Türkiyə cəmiyyətinin diqqəti gah Fələstinə, gah İsrailə, gah da husilərə yönəldilir. Türkiyə cəmiyyəti hətta İsraillə dost və ya düşmən olduğunu anlamaqda çətinlik çəkir. Cəmiyyət Türkiyədən İsrailə gizli yolla gedən gəmilər və yüklər haqqında məlumatları unutmayıb. Bunu ört-basdır etmək üçün isə bəzi siyasi dairələr İsrailin "dostu" kimi Azərbaycanı hədəfə gətirirlər. Türkiyə Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə öz ərazisindən İsrailə gedən neftə icazə verdiyinə görə birbaşa hədəf olmamaq üçün "Azərbaycan İsrailə neft satır" deyərək SOCAR-ı və Azərbaycan dövlətini hədəf göstərir.
Türkiyə cəmiyyəti əslində nəyin baş verdiyini anlamağa başlayan kimi, Azərbaycan hədəf taxtasına çıxarılır. Problemlərinin həllini gözləyən cəmiyyətin başını qatmaq üçün Azərbaycana qarşı kəskin hücumlar başlayır. Azərbaycanın İsraillə münasibətlərini Türkiyənin siyasi gündəminə uyğunlaşdırmaq öhdəliyi yoxdur. Eyni zamanda, Türkiyənin də öz xarici siyasətini müəyyənləşdirmək hüququ var. Problem bu seçimlərin mövcudluğunda deyil, bir ölkənin özünə sərbəstlik tanıyıb digərindən siyasi və ideoloji uyğunluq tələb etməsindədir.
Əgər Türkiyənin İsraillə münasibətləri tənqid olunursa, bu tənqid faktlara və ardıcıl prinsiplərə əsaslanmalıdır. Eyni yanaşma Azərbaycana da şamil edilməlidir. Türkiyə öz iqtisadi və diplomatik əlaqələrini izah etmək məcburiyyətində olmadığı kimi, Azərbaycan da hər beynəlxalq tərəfdaşlığına görə Türkiyədəki siyasi dairələr qarşısında hesabat verməli deyil.
Qardaşlıq birtərəfli güzəşt deyil
Azərbaycan cəmiyyəti Türkiyə ilə münasibətlərin dəyərini yaxşı anlayır. Azərbaycan xalqı Türkiyənin sevincini də, kədərini də bölüşüb; çətin günlərdə qardaş ölkənin yanında dayanıb. Bu münasibətlərin siyasi şüarlardan daha möhkəm təməlləri var. Məhz buna görə Türkiyədə Azərbaycana qarşı yönələn əsassız ittihamlar, təhqiramiz ifadələr və ölkəmizin daxili qərarlarına müdaxilə təsiri bağışlayan yanaşmalar narahatlıq doğurur.
Lakin bir məsələni dəqiq ayırmaq lazımdır: Türkiyədəki bütün media qurumlarını, bütün siyasi qüvvələri və bütövlükdə türk xalqını Azərbaycan əleyhinə mövqe tutmaqda ittiham etmək doğru olmaz. Azərbaycanla dostluğa sadiq olan, iki ölkə arasında münasibətlərin qorunmasını vacib sayan çoxsaylı türk ziyalıları, jurnalistləri və vətəndaşları da var. Tənqidimiz bütöv bir xalqa deyil, Azərbaycanı daxili siyasi mübarizələrdə hədəfə çevirən siyasətə yönəlməlidir.
Qardaşlıq münasibətlərinin sağlam qalması üçün problemləri açıq danışmaq lazımdır. Susmaq bəzən münasibətləri qorumaq kimi görünə bilər, amma qarşılıqlı hörmətin pozulmasına davamlı şəkildə göz yummaq uzunmüddətli perspektivdə daha böyük problemlərə yol aça bilər.
Azərbaycan Türkiyədən xüsusi münasibət tələb etmir. Sadəcə, özünün göstərdiyi hörmətin Azərbaycana da göstərilməsini gözləyir. Türkiyə Ermənistanla münasibətlərini normallaşdıra bilər, İsraillə bağlı öz siyasətini müəyyənləşdirə bilər, daxili siyasi və iqtisadi problemlərini müzakirə edə bilər. Bunların heç biri Azərbaycana qarşı düşmən obrazı yaradılmasını və ölkəmizin suveren qərarlarının siyasi hücum predmetinə çevrilməsini əsaslandıra bilməz.
Son söz: Qardaşlıq sınağı
Bu gün qarşıda duran əsas sual Azərbaycan məktəblilərinin hansı formada geyinməli olması deyil. Əsas sual Türkiyədə bəzi siyasi və media dairələrinin Azərbaycanın daxili məsələlərini niyə öz gündəmlərinin mərkəzinə yerləşdirməsi və bu müzakirələrin hansı siyasi nəticələr doğurmasıdır.
“Bir millət, iki dövlət” ifadəsi bir dövlətin digərinin daxili işlərinə müdaxilə etmək hüququ deyil. Bu, iki müstəqil dövlətin bir-birinin suverenliyini tanıması, çətin günlərdə həmrəy olması və münasibətlərini qarşılıqlı etimad üzərində qurması deməkdir. Qardaşlıq qarşılıqlı məsuliyyətdir. Bu məsuliyyət olmayanda ən gözəl şüarların belə mənası qalmır. Azərbaycan öz mövqeyini seçib: qardaşlıq, amma ləyaqətli qardaşlıq; dostluq, amma qarşılıqlı hörmətə söykənən dostluq; əməkdaşlıq, amma suverenliyə müdaxilə hesabına olmayan əməkdaşlıq.
Çünki qardaşlıq nə susmaq məcburiyyətidir, nə də birtərəfli güzəşt. Qardaşlıq qarşılıqlı hörmətin adıdır!
Elman BABAYEV