Məktəbli forması 3 ildən bir dəyişdirilə bilər

13 Oktyabr 2026 17:33 (UTC+04:00)

Azərbaycanın təhsil sistemində vahid məktəbli formasının tətbiqi mövcud normativ-hüquqi baza və müəyyən edilmiş qaydalar əsasında həyata keçirilir. Bu yanaşma şagirdlər arasında sosial bərabərliyin qorunması, məktəb mədəniyyətinin formalaşdırılması və dünyəvi təhsil prinsiplərinin təmin edilməsi məqsədi daşıyır.

AzNews.az xəbər verir ki, mövzu ilə bağlı təhsil eksperti Məzahir Məmmədli Modern.az-a açıqlamasında bildirib ki, Azərbaycanda tətbiq olunan vahid məktəbli forması milli dəyərlərə və ölkənin mədəni xüsusiyyətlərinə uyğundur.

Ekspertin sözlərinə görə, ümumi təhsil müəssisələrində məktəbli formasının tətbiqi Elm və Təhsil Nazirliyinin müvafiq istiqamətləri və Nazirlər Kabinetinin təsdiq etdiyi qaydalar əsasında tənzimlənir. Onun sözlərinə görə, vahid məktəbli formasına keçid yeni deyil və bu təcrübə on ildən artıqdır tətbiq olunur.

Məzahir Məmmədli qeyd edib ki, Nazirlər Kabinetinin 2022-ci ildə qəbul etdiyi qərara əsasən, məktəblərə dörd növ forma arasından seçim etmək imkanı verilib. Seçilən forma üç il müddətində tətbiq olunur. Bu müddət başa çatdıqdan sonra pedaqoji şuranın qərarı və valideynlərin ümumi razılığı əsasında forma dəyişdirilə bilər.

Ekspert bildirib ki, mövcud qaydalar dünyəvilik prinsipinə əsaslanır və məktəbli geyiminə dair tələbləri müəyyənləşdirir. Formanın tətbiqinə nəzarət məqsədilə regional təhsil idarələri və Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən monitorinqlər də keçirilir.

Məzahir Məmmədlinin fikrincə, hazırda tətbiq olunan vahid məktəbli forması Azərbaycanın milli dəyərləri, ailə modeli və dünyəvi təhsil prinsipləri ilə uzlaşır. O vurğulayıb ki, təhsil sistemində geyim qaydaları da bu prinsiplər nəzərə alınmaqla müəyyənləşdirilir.