"Azərbaycanın məktəbləri yad ideologiyaların meydanı deyil” –İRANA MESAJ

13 Oktyabr 2026 22:49 (UTC+04:00)

Siyasətçi Bədrəddin Quliyev Azərbaycanda təhsil müəssisələrində baş verən son hadisələrin, dünyəvi dövlət prinsiplərinin qorunmasının və milli ideologiyanın gücləndirilməsinin vacibliyini vurğulayıb. O hesab edir ki, məktəblərdə yaranan problemlərin aradan qaldırılması üçün təhsil sistemində islahatlar aparılmalı, milli dəyərlərə və gənc nəslin formalaşmasına daha ciddi diqqət yetirilməlidir.

Son hadisələr təkcə məktəbli geyimi və dini məsələlərlə məhdudlaşmır, eyni zamanda, cəmiyyətdə ziddiyyətlərin dərinləşdirilməsi və ölkə daxilində gərginliyin yaradılması təhlükəsini gündəmə gətirir.

Aznews.az xəbər verir ki, siyasətçinin fikrincə, Azərbaycanda milli və dini dəyərlərə münasibət məsələsinə həssas yanaşılmalı, dini etiqad azadlığı ilə dünyəvi dövlət prinsipləri arasında hüquqi çərçivədə tarazlıq qorunmalıdır.

O qeyd edib ki, Azərbaycan müstəqil, dünyəvi və demokratik dövlətdir. Buna görə də dini inanclar şəxsi seçim olaraq hörmətlə qarşılanmalı, dövlət idarəçiliyi və təhsil sistemi isə ölkənin qanunlarına və dünyəvilik prinsipinə uyğun fəaliyyət göstərməlidir.

Bədrəddin Quliyev hesab edir ki, məktəblərdə baş verən hadisələrin qarşısını almaq üçün yalnız inzibati tədbirlər kifayət deyil. Təhsil müəssisələrində şagirdlərlə, valideynlərlə və müəllimlərlə maarifləndirici işlər aparılmalı, məktəb psixoloqlarının fəaliyyəti gücləndirilməli, təhsil mühitində yaranan problemlərin səbəbləri araşdırılmalıdır.

Siyasətçi xüsusilə milli ideologiyanın təhsil sistemindəki roluna diqqət çəkib. Onun sözlərinə görə, şagirdlərə Azərbaycanın tarixini, mədəniyyətini, dilini və milli kimliyini dərindən öyrətmək, gənc nəslin dünyagörüşünün formalaşmasına töhfə vermək vacibdir.

“Azərbaycan cəmiyyətində milli və dini dəyərlər mühüm yer tutur. Milli ideologiya, milli kimlik və milli dəyərlər gücləndirilməlidir. Qarabağ müharibəsindən sonrakı dövrdə regionda və dünyada baş verən proseslər fonunda ölkəmizin milli maraqlarına daha ciddi yanaşmalıyıq. Təhsil sistemimiz Azərbaycanın gələcəyidir. Ölkəmizin gücü elmdə və təhsildədir”, – deyə o bildirib.

Bədrəddin Quliyev məktəb rəhbərliyinin və pedaqoji kollektivin məsuliyyətinə də toxunub. O hesab edir ki, təhsil müəssisələrində idarəetmənin keyfiyyəti artırılmalı, direktorların və müəllimlərin peşəkarlığı ilə yanaşı, onların milli tarix və mədəniyyət haqqında biliklərinə də diqqət yetirilməlidir.

Siyasətçinin fikrincə, məktəblərdə baş verən problemlər əvvəlki illərdə yaranmış boşluqların nəticəsi kimi də araşdırılmalıdır. Bu baxımdan təhsil müəssisələrində nizam-intizamın qorunması, müəllim-valideyn münasibətlərinin möhkəmləndirilməsi və hüquq-mühafizə orqanlarının maarifləndirici tədbirlərdə iştirakı əhəmiyyətlidir.

O, həmçinin Azərbaycanın dünyəvi dövlət quruluşunun qorunmasının vacibliyini vurğulayaraq bildirib ki, dini təhsil almaq istəyən şəxslər bunun üçün qanunvericiliyə uyğun imkanlardan istifadə edə bilərlər. Bununla belə, dini inanclar dövlət idarəçiliyinə və ümumi təhsil sisteminin prinsiplərinə müdaxilə vasitəsinə çevrilməməlidir.

Bədrəddin Quliyev Azərbaycanın müxtəlif dinlərin və mədəniyyətlərin birgə yaşadığı ölkə olduğunu xatırladıb. Onun qənaətinə görə, dini müxtəlifliyə hörmətlə yanaşmaqla yanaşı, ölkənin milli birliyini və dövlətçilik prinsiplərini qorumaq da vacibdir.

Siyasətçi son hadisələr fonunda dövlət qurumlarının təhsil müəssisələrindəki vəziyyəti yenidən qiymətləndirməsinin, zəruri islahatlar aparmasının və valideynlərlə açıq müzakirələr təşkil etməsinin vacibliyini qeyd edib.

O bildirib ki, Azərbaycanda dini etiqad azadlığı qanun çərçivəsində təmin edilməli, məktəblərdə isə dünyəvi təhsil prinsipləri, ictimai asayiş və şagirdlərin təhlükəsizliyi qorunmalıdır. Bədrəddin Quliyevin fikrincə, milli maraqların müdafiəsi və təhsil sisteminin gücləndirilməsi dövlətin gələcək inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.