Azərbaycanda rəqabət qaydasız döyüşə çevrilməməlidir

14 Oktyabr 2026 12:17 (UTC+04:00)

Rəqabət mühitində dövlət dəstəyi, sağlam himayəçilik siyasəti şirkətlərimizi arxayınlaşdırmaq əvəzinə, daha da məsuliyyətli olmağa sövq edir.

AzNews.az xəbər verir ki, bunu Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, deputat Azər Əmiraslanov Bakıda keçirilən III Milli Rəqabət Forumunda bildirib.

Onun sözlərinə görə, rəqabət mühiti nə bir dövlət qurumunun fəaliyyəti ilə, nə də konkret bir məcəllə və hansısa bir tədbirlə formalaşmır: "Baxmayaraq ki, hüquqi baza da yaradılıb, institutsional çərçivə də formalaşdırılıb. Belə bir mühit çoxşaxəli, sistem xarakterli fəaliyyətin nəticəsində yaradıla bilər".

Deputat xatırladıb ki, "Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair 2027–2029-cu illər üzrə Milli Fəaliyyət Planı"nın təsdiqi də məhz bu amillə bağlıdır: "Dünya iqtisadiyyatında vahid oyun qaydalarının pozulduğu, ticarət məhdudiyyətlərinin və aqressiv proteksionizmin, sanksiyaların tətbiq edildiyi bir vaxtda Azərbaycan öz tərəfdaşları ilə qarşılıqlı faydaya əsaslanan, ədalətli ticarət və investisiya rejimi müəyyən edir, rəqabət məcəlləsini, Milli Fəaliyyət Planını qəbul edir, institutsional məsələləri həll edir".

A.Əmiraslanov əlavə edib ki, bazar iqtisadiyyatı şəraitində necə gəldi rəqabət aparmaq olmaz və bu qaydasız döyüşü xatırlatmamalıdır: "Rəqabət ədalətli və reqlamentli olmalıdır. Rəqabət Məcəlləsinin qəbul edilməsi də məhz bu məqsədə xidmət edir. Rəqabətin hüquqi bazasının təkmilləşdirilməsi davamlı proses olmalıdır. Qanunverici orqan olaraq bizim üzərimizə də mühüm vəzifələr düşür".