NATO dəyişən təhlükəsizlik mühiti və geosiyasi balans fonunda müdafiə strategiyasını ictimaiyyətə daha açıq şəkildə izah etməyi hədəfləyir.
Avropa Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı (SACEUR) Aleksus Qrinkevic Varşavada açıqladığı “qələbə nəzəriyyəsi” çərçivəsində mümkün hücumun qarşısının alınmasından təcavüzkar qüvvələrin döyüş qabiliyyətinin sıradan çıxarılmasına qədər uzanan üçmərhələli yanaşmanı təqdim edib.
Plan NATO-nun yalnız öz ərazilərini müdafiə etməsini deyil, mümkün hücum zamanı düşmən qüvvələrinin irəliləməsinin və ərazi ələ keçirməsinin də qarşısını almağı nəzərdə tutur. Alyansın açıqlamaları həm üzv ölkələrin vətəndaşlarına təhlükəsizlik təminatı vermək, həm də NATO-ya mümkün hücumların qarşısını çəkindirmə yolu ilə almaq məqsədi daşıyır.
Qrinkevicin təqdim etdiyi plana əsasən, NATO ilk mərhələdə quru qoşunlarını hava, dəniz, kiberməkan və kosmos imkanları ilə dəstəkləyərək mümkün hücumları dayandırmağı və təcavüzkar qüvvələrin ərazi ələ keçirməsinə imkan verməməyi hədəfləyir.
İkinci mərhələdə sensorlar və avtonom sistemlər kimi texnologiyalardan istifadə etməklə düşmən qüvvələrinin və onların irəliləyişinin zərərsizləşdirilməsi nəzərdə tutulur. Üçüncü mərhələdə isə zərurət yaranarsa, yüksək dəqiqlikli sursatlar və pilotsuz sistemlər vasitəsilə qarşı tərəfin döyüş qabiliyyətinin, eləcə də onu dəstəkləyən infrastrukturun sıradan çıxarılması planlaşdırılır.
NATO rəsmisi “Anadolu” agentliyinin müxbirinə açıqlamasında SACEUR-un yanaşmasını “NATO-nun üstünlüyünü qorumaq” kimi xarakterizə edib. Rəsmi bildirib ki, alyans təcavüzün qarşısını almaq üçün çalışır, eyni zamanda hücum baş verəcəyi təqdirdə qalib gəlməyə imkan verəcək hazırlıqları da davam etdirir.
Qrinkevicin hərbi planlaşdırmanın əsas elementlərini ictimaiyyətlə bölüşməsi də diqqət çəkib. Komandan açıqlamasının vaxtını Avropada təhlükəsizliklə bağlı artan narahatlıqlarla əlaqələndirib.
Sabotaj və qəsdən törədilən yanğınlar kimi hadisələrin alyans ölkələrinin vətəndaşlarında narahatlıq yaratdığını bildirən Qrinkevic NATO-nun təxminən 1 milyard vətəndaşına təhlükəsizlik təminatı vermək istədiyini deyib. O vurğulayıb ki, alyansa zərər vurmağı düşünən tərəflər də mümkün hücumun nəticələrini nəzərə almalıdırlar.
Qrinkevic NATO-nun məqsədinin gərginliyi artırmaq deyil, hücumların qarşısını almaq və qarşı tərəfin alyans ərazilərini ələ keçirməsinə imkan verməmək olduğunu bildirib.
German Marşal Fondunun rəhbərinin müşaviri və baş eksperti Yan Leser NATO strategiyasının çəkindirmə və müttəfiqlərə təhlükəsizlik təminatı vermək kimi iki əsas prinsipə söykəndiyini deyib.
Onun sözlərinə görə, “qələbə nəzəriyyəsi”nin açıqlanması hərbi texnologiyaların inkişafı, Ukraynadakı müharibədən çıxarılan dərslər, ABŞ-nin Avropanın təhlükəsizliyində gələcək iştirakı və Avropa ölkələrinin müdafiə xərclərini artırması kimi proseslərlə bağlıdır. Leser qeyd edib ki, NATO bu məsələlərə diqqət yetirdiyini həm müttəfiqlərə, həm də ictimaiyyətə daha açıq şəkildə çatdırmaq istəyir.
Leser planın əsas elementlərinin NATO-nun hərbi hazırlıqlarında uzun müddətdir mövcud olduğunu, lakin xüsusilə “irəli müdafiə” yanaşmasının ön plana çıxdığını bildirib.
Leserin sözlərinə görə, irəli müdafiə yanaşması NATO ərazisinin bir hissəsi itirildikdən sonra onun geri qaytarılmasına güvənmək əvəzinə, mümkün hücumun ilk mərhələdə dayandırılmasını nəzərdə tutur. O qeyd edib ki, Ukraynadakı müharibə itirilmiş əraziləri geri qaytarmağın nə qədər çətin ola biləcəyini göstərib.
Xüsusilə Baltikyanı NATO üzvlərinin Rusiya ilə birbaşa hərbi toqquşma ehtimalından narahat olduğunu bildirən Leser, geri qaytarılması çətin ola biləcək ərazilərin itirilməsinin qarşısını almağın həm hərbi, həm də siyasi baxımdan əhəmiyyətini vurğulayıb.
Leser dəyişən təhlükəsizlik şəraitində açıqlanan “qələbə nəzəriyyəsi”nin ikitərəfli mesaj verdiyini bildirib: “Bu açıqlama düşmənləri çəkindirmək qədər müttəfiqlərə təhlükəsizlik təminatı verməklə də bağlıdır”.
Mövsüm,
AzNews.az