Rusiya Prezidenti Vladimir Putin, ABŞ lideri Donald Tramp və Çin Xalq Respublikasının sədri Si Cinpin arasında üçtərəfli görüşün keçirilməsi ilə bağlı ümumi razılıq mövcuddur. Lakin dövlət başçılarının iş qrafiklərinin uyğun gəlib-gəlməyəcəyi hələ məlum deyil.
Bu barədə Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.
“Belə bir görüşün keçirilməsinin yaxşı olacağı ilə bağlı ümumi mövqe var. Lakin hələlik dövlət başçılarının iş qrafiklərinin nə dərəcədə uyğun gəldiyini, eləcə də belə bir görüşün gündəliyinin necə ola biləcəyini bilmirik”, – deyə Peskov bildirib.
Onun fikrincə, belə bir görüşün keçirilməsi olduqca faydalı olardı və tərəflər bunun məqsədəuyğunluğu ilə bağlı ümumi anlayışa malikdirlər.
Peskov, həmçinin Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) Çində keçiriləcək sammiti çərçivəsində Putinlə Trampın görüşünün hələ razılaşdırılmadığını bildirib.
Bununla belə, liderlər eyni vaxtda Çində olsalar, onların danışıqlar aparması ehtimalı müzakirə ediləcək.
Mövsüm,
AzNews.az