Dünyada siyasi, iqtisadi və geosiyasi proseslərin sürətləndiyi bir dövrdə Türk Dövlətləri Təşkilatının əldə etdiyi inkişaf səviyyəsi Türk dünyasının gələcəyi baxımından böyük əhəmiyyət daşıyır.
AzNews.az xəbər verir ki, bu barədə Türkiyədə hakim koalisiyanın ortağı olan MHP-nin lideri Dövlət Baxçalı açıqlama verib.
Baxçalı deyib:
"Türk Dövlətləri Təşkilatı ortaq tariximizin, mədəniyyətimizin və müştərək gələcək təsəvvürümüzün institusional platformasına çevrilmişdir. Adriatikdən Çin səddinə qədər uzanan geniş Türk dünyasında siyasi iradənin gücləndiyi, iqtisadi və ticarət əlaqələrinin inkişaf etdiyi, nəqliyyat və enerji bağlantılarının genişləndiyi yeni bir dövr formalaşmaqdadır.
Müdafiə sənayesi, texnologiya, təhsil, elm və mədəniyyət başda olmaqla, bir çox sahədə əməkdaşlıq imkanlarının artması türk dövlətləri arasındakı münasibətlərin çoxşaxəli xarakter aldığını göstərir.
Bununla yanaşı, Türk Dövlətləri Təşkilatı çərçivəsindəki münasibətlərin təməlində hər bir üzv dövlətin suverenliyinə, müstəqilliyinə, ərazi bütövlüyünə və öz daxili hüququna hörmət prinsipi dayanır. Hər bir Türk respublikası öz daxilində müstəqil və suveren dövlətdir. Türk dövlətləri arasındakı əməkdaşlıq bu suverenlik anlayışını əsas götürür, qarşılıqlı hörmət, bərabərlik və ortaq maraqlar əsasında inkişaf edir.
Egeydən Xəzərə, keçmişdən gələcəyə Türkiyə və Azərbaycan eyni könül coğrafiyasının iki güclü dövlətidir. İki ölkə arasındakı qardaşlıq hüququna xələl gətirməyə yönələn hər cür yanaşma qarşısında sağlam düşüncə, qarşılıqlı anlaşma və ortaq ağıl əsasında hərəkət etmək böyük əhəmiyyət daşıyır.
Türkiyənin Türk Dövlətləri Təşkilatına dövrü sədrliyi öz üzərinə götürəcək olması da bu prosesin ortaya çıxardığı mühüm məsuliyyət və fürsətdir.
Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər isə bu prosesin ən güclü dayaqlarından biridir. İki ölkə arasındakı tarixi, mədəni və qardaşlıq bağları siyasi hadisələrdən daha üstün səviyyədə xalqlarımızın ortaq yaddaşına və könül bağlılığına söykənir.
Bu baxımdan Qarabağ Zəfərinin Ali Baş Komandanı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ilə Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın sammitdə keçirəcəkləri görüşün Türkiyə-Azərbaycan qardaşlığının sarsılmaz iradəsini bir daha nümayiş etdirəcəyinə inanırıq.
Oktyabr ayının son həftəsində Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının Zirvə görüşü bu baxımdan tarixi əhəmiyyət daşıyır. Zirvədə dövrü sədrliyin Azərbaycandan Türkiyəyə keçməsi ilə Türkiyə Türk dünyasının ortaq hədəflərinin həyata keçirilməsi istiqamətində mühüm məsuliyyət daşıyacaq.
Türkiyə tarixi təcrübəsi, dövlətçilik ənənələri, iqtisadi potensialı, diplomatik gücü və Türk dünyası ilə qurduğu möhkəm əlaqələr sayəsində Təşkilatın inkişafında mühüm mövqeyə malikdir.
Dövrü sədrliyi müddətində Türkiyənin qarşısında geniş fəaliyyət gündəliyi dayanır.
Nazirliklər, dövlət qurumları, universitetlər, yerli idarəetmə orqanları, peşə təşkilatları və vətəndaş cəmiyyəti institutları öz fəaliyyət sahələri üzrə Türk Dövlətləri Təşkilatının 2040-cı il Vizyon Sənədinə uyğun olaraq konkret, davamlı və nəticəyönümlü layihələr hazırlamalıdırlar.
İsmayıl Qaspıralının irəli sürdüyü “Dildə, fikirdə, işdə birlik” anlayışı bu gün də türk dövlətləri arasındakı münasibətlərin dövrün tələblərinə uyğun şəkildə inkişaf etdirilməsi baxımından öz istiqamətverici əhəmiyyətini qoruyur.
Bu çərçivədə təhsil, mədəniyyət, iqtisadiyyat, elm və texnologiya sahələrində əməkdaşlıq mexanizmləri gücləndirilməli, Türkiyənin bilik və təcrübəsi, institusional potensialı Türk dünyasının ortaq inkişaf hədəfləri istiqamətində dəyərləndirilməlidir.
Türk dünyasının malik olduğu potensial dövlətlərimizin mövcud imkanlarının sadəcə cəmindən daha böyük məna daşıyır. Bu potensialın real gücə çevrilməsi ortaq ağıl, güclü koordinasiya, qarşılıqlı hörmət, suverenliklərə riayət və uzunmüddətli baxış sayəsində mümkündür.
Türkiyənin dövrü sədrliyi də məhz bu yanaşmanın konkret nəticələrə çevrildiyi bir mərhələ olmalıdır.
İstiqamətimiz aydındır: başda Azərbaycan olmaqla, Türk dünyası dövlətləri arasındakı qardaşlıq hüququna və könül bağlarına xələl gətirəcək heç bir nifaq toxumunun aramıza səpilməsinə imkan vermədən, türk respublikalarının suverenliyinə və müstəqilliyinə qarşılıqlı hörmət əsasında əməkdaşlığımızı dərinləşdirmək, tariximizin üzərimizə qoyduğu məsuliyyəti dərk edərək ortaq gələcəyimizi qurmaq, “Türk və Türkiyə Əsri” hədəfini Türk dünyasının yüksəlişi ilə birləşdirməkdir.
Türkiyə Türk Dövlətləri Təşkilatına dövrü sədrliyi müddətində tarixindən aldığı güc, dövlətçilik təcrübəsi və gələcəyə baxışı ilə Türk dünyasının birlik, həmrəylik və yüksəliş hədəflərinə töhfə verməyə davam edəcəkdir".
AzNews.az