ABŞ-Rusiya arasında dizel sövdələşməsi ehtimalı: Seçkiqabağı manevr, yoxsa strateji geri çəkilmə? – ANALİZ

14 Oktyabr 2026 17:13 (UTC+04:00)

"Qiymətlərin aşağı salınması sadəcə bəhanədir. Xatırladaq ki, neftin qiymətinin yüksəlməsi ABŞ, İsrail və İran arasında qarşıdurmanın nəticəsi olaraq gündəmə gəlib. Yəni neftin 100 dollardan baha satılması məhz ABŞ-İran qarşıdurması ilə bağlıdır. Belə bir şəraitdə Rusiyaya məxsus dizel yanacağının ABŞ-a satılması dünya bazarlarında yanacağın qiymətinin əhəmiyyətli dərəcədə aşağı düşməsinə səbəb ola bilməz. Söhbət burada çox kiçik həcmdən və məhdud miqyasdan gedir. Bu addım, əslində, həm ABŞ ictimaiyyətinə, həm də Ukraynanı və onun haqlı müqavimətini dəstəkləyən dövlətlərə təqdim edilən bir bəhanədir. Nəzərə almaq lazımdır ki, ABŞ əhalisinin böyük bir hissəsi Rusiya-Ukrayna müharibəsində Ukraynanı dəstəkləyir və Vaşinqtonun Kiyevə yardım göstərməsinin tərəfdarıdır. Məhz buna görə də seçkiqabağı dövrdə belə addımların atıldığını düşünürəm. Məqsəd yanacağın qiymətini qısa müddətə aşağı salmaqla seçicilərin mövqeyinə təsir göstərmək və onların Donald Trampın mənsub olduğu Respublikaçılar Partiyasına qarşı yönəlməsinin qarşısını almaqdır. Lakin hesab edirəm ki, bu cəhd uğurlu olmayacaq".

Bu fikirləri siyasi şərhçi Natiq Miri AzNews.az-a açıqlamasında səsləndirib.

Ukrayna müharibəsi davam etdiyi bir vaxtda ABŞ və Rusiya arasında enerji əməkdaşlığı ehtimalı siyasi müzakirələrin əsas mövzularından birinə çevrilib. Rusiyaya qarşı iqtisadi məhdudiyyətlərin qüvvədə olduğu şəraitdə Moskva ilə dizel yanacağının tədarükü istiqamətində mümkün razılaşma Vaşinqtonun xarici siyasət prioritetləri ilə bağlı suallar yaradır. Donald Tramp administrasiyasının yanacaq qiymətlərini azaltmağa yönələn bu təşəbbüsü iqtisadi maraqların siyasi qərarlara təsirini ön plana çıxarır. Eyni zamanda, belə bir addımın Rusiyaya qarşı sanksiyaların effektivliyinə, Ukraynaya göstərilən dəstəyə və ABŞ-nin müttəfiqləri ilə münasibətlərinə mümkün təsirləri diqqət çəkir.

Siyasi şərhçi bildirib ki, ictimaiyyət baş verənlərin əsl mahiyyətini dərk edir.

"Hətta Trampın mənsub olduğu Respublikaçılar Partiyasının bəzi senatorları belə onun bu addımını tənqid edib və qərardan geri çəkilməsini tələb ediblər. Ona görə də bu qərar daha çox Donald Trampın siyasi məqsədlərinə xidmət edən bir bəhanə təsiri bağışlayır. Eyni zamanda, bunu Rusiyaya müəyyən güzəştlər etməklə Moskvanın dəstəyini və ya razılığını qazanmağa hesablanmış siyasət kimi də qiymətləndirmək olar. Lakin düşünürəm ki, bu cür vasitələr istənilən nəticəni verməyəcək. Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə istər birbaşa görüşlərdə, istərsə də telefon danışıqlarında dəfələrlə zəif mövqe nümayiş etdirib. Çünki Tramp məsələlərə daha çox siyasi strateq kimi deyil, kommersiya maraqları prizmasından yanaşır. Əks halda, Ukraynada hər gün Rusiya zərbələri nəticəsində həyatını itirən uşaqları, mülki şəxsləri və dağıdılan yaşayış məntəqələrini də nəzərə alardı. Təbii ki, ABŞ-nin bu qərarı və Moskva ilə əldə olunan sövdələşmə Rusiyanın maraqlarına xidmət edir. Müharibənin maliyyələşdirilməsinin getdikcə çətinləşdiyi bir vaxtda Rusiya iqtisadiyyatına əlavə maliyyə imkanlarının yaradılması Moskva üçün yeni nəfəs deməkdir. ABŞ-nin Rusiya dizel yanacağına tətbiq edilən məhdudiyyətləri aradan qaldırması həmin məhsulların satış imkanlarını genişləndirir və Rusiyanın gəlirlərini artıra bilər. Bu isə dolayısı ilə Ukraynaya qarşı müharibənin maliyyələşdirilməsinə şərait yaradan qərardır. Bununla belə, düşünmürəm ki, bu addım ciddi nəticə verəcək. Çünki ABŞ-nin dövlət idarəçiliyi yalnız Donald Trampdan və onun administrasiyasından ibarət deyil. Konqresin həm Nümayəndələr Palatasında, həm də Senatda bu qərara qarşı ciddi etirazlar mövcuddur. Rusiya neft məhsullarının satışı ilə bağlı 2022-ci ildə qəbul edilmiş konkret qərar var və Trampın hazırkı addımı həmin qərarla ziddiyyət təşkil edir. Bu səbəbdən Konqresin yeni qərar qəbul etməyəcəyinə və mövcud məhdudiyyətlərin yenidən qüvvəyə minməyəcəyinə heç kim təminat verə bilməz. Artıq bu məsələ ilə bağlı Konqresdə müzakirələrin aparıldığı bildirilir. Digər tərəfdən, Rusiya Ukraynanın enerji infrastrukturuna, o cümlədən neft emalı zavodlarına hücumlarını davam etdirir. Ukrayna da bu hücumlara cavab verməkdə davam edəcək. Əgər Rusiya Ukraynanın neft emalı infrastrukturuna zərbələr endirməklə onun istehsal imkanlarını məhdudlaşdırmağa çalışırsa, özü dizel yanacağını həm ABŞ-a, həm də dünya bazarlarına hansı həcmdə və necə tədarük edə biləcək? Beləliklə, məsələnin gələcək inkişafı müəyyən mənada Ukraynanın müqavimətindən və müharibənin gedişindən də asılı olacaq. Nəzərə almaq lazımdır ki, noyabrın 3-də keçiriləcək aralıq seçkilərinə də az vaxt qalıb. Əgər Donald Tramp bu seçkilərdə amerikalı seçicilərdən ciddi zərbə alarsa, düşünürəm ki, Rusiya ilə əldə olunan bu razılaşmanın gələcəyi də böyük sual altına düşəcək".

Rəfiqə Namazəliyeva,

AzNews.az