İranda yaşayan türklərin ana dilində təhsil və dil hüquqları məsələsi sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib.
Bu barədə "Traktor" səhifəsində paylaşım edilib.
Paylaşımda Türkiyədə Azərbaycanda hicabla bağlı müzakirələrə müdaxilə edildiyi halda, İranda yaşayan türklərin hüquqlarına münasibətdə eyni həssaslığın göstərilmədiyi vurğulanıb.
Paylaşıma görə, İranda uzun illərdir türk dilində təhsil almaqla bağlı məhdudiyyətlər mövcuddur. Həmçinin uşaqlara türk dilində ad verilməsi, şirkət və mağazaların türk dilində adlandırılması məsələlərinə diqqət çəkilib.
Paylaşımda qeyd olunub ki, İranda yaşayan türklərin dil və mədəni hüquqları da müdafiə edilməli, bu məsələlərə dini və milli mənsubiyyətdən asılı olmayaraq yanaşılmalıdır.
“İranda 40 milyona yaxın türk yaşayır, amma 100 ildən çoxdur ki, məktəblərdə türk dilində təhsil qadağandır. Heç kim öz dilində danışa, uşağına türkcə ad qoya, şirkətinə və ya mağazasına türk dilində ad verə bilmir. Yalnız fars və ərəb dillərinə icazə verilir”, – deyə paylaşım müəllifi qeyd edib.
Müəllif Azərbaycanda hicabla bağlı məsələnin gündəmə gətirilməsinə də münasibət bildirərək sual ünvanlayıb:
“Əgər müsəlman insanların hüquqları sizin üçün bu qədər önəmlidirsə, insanlıqdan bu qədər danışırsınızsa, İrandakı insanlar müsəlman deyilmi? Mövzu İrana gələndə niyə susursunuz?”