“Sovet İttifaqının süqutundan sonrakı hadisələr Cənubi Qafqazın bir əlaqələndirici mərkəz kimi formalaşmasına mane olub. Buna baxmayaraq, Gürcüstan, Azərbaycan və Türkiyə bir sıra enerji və nəqliyyat layihələrini həyata keçirə biliblər”.
Aznews.az xəbər verir ki, bunu Gürcüstan Baş nazirinin müavini, xarici işlər naziri Maka Boçorişvili Əbu-Dabidə keçirilən “Raisina Middle East” konfransında çıxışında deyib.
Onun sözlərinə görə, birgə layihələr bu gün regional əlaqələrin gücləndirilməsi və Orta Dəhlizin daha da inkişaf etdirilməsi üçün möhkəm təməl rolunu oynayır.
Nazir qeyd edib ki, regionun potensialını tam reallaşdırmaq üçün əməkdaşlığın dərinləşdirilməsi, etimada əsaslanan tərəfdaşlıqların qurulması və gələcək əməkdaşlıq imkanlarının inkişaf etdirilməsi zəruridir.
"Məqsədimiz təkcə böhran dövrlərində deyil, həm də sabitlik dövrlərində etimad və etibarlılığa əsaslanan tərəfdaşlıq qurmaqdır", – deyə XİN rəhbəri əlavə edib.
Maka Boçorişvili regional əməkdaşlığın və iqtisadi əlaqələrin inkişafı baxımından Orta Dəhlizin əhəmiyyətini xüsusilə vurğulayıb.
“Hazırda Orta Dəhliz konsepsiyası xüsusilə fəal müzakirə olunur. Lakin bu özü-özlüyündə yeni anlayış deyil. Bu, həmişə mövcud olmuş tarixi reallığı əks etdirir. Yeni geosiyasi mənzərə isə bu ideyaya əlavə əhəmiyyət qazandırır. Bu kontekstdə Gürcüstan mühüm rol oynayır”, - deyə XİN başçısı əlavə edib.