Pentaqon ilin sonunadək ABŞ ordusuna yüz minlərlə kamikadze dron verməyi planlaşdırır

15 Oktyabr 2026 13:37 (UTC+04:00)

Pentaqon 2026-cı ilin sonunadək ABŞ hərbçilərinə yüz minlərlə kamikadze dron təhvil verməyi planlaşdırır.

Bu barədə ABŞ-nin müdafiə naziri Pit Heqset Vaşinqtonda quru qoşunlarının tədbirində bildirib.

Nazirin sözlərinə görə, ABŞ-nin pilotsuz uçuş aparatları sahəsində üstünlüyünü təmin etmək üçün artıq 1 milyard dollar vəsait ayrılıb. Heqset vurğulayıb ki, nazirlik birdəfəlik istifadə üçün nəzərdə tutulan sistemlərin satınalma həcmini dəfələrlə artırmaq niyyətindədir.

“Nəticə etibarilə, bu il silahlanmaya yüz minlərlə birdəfəlik sistem daxil edəcəyik. Növbəti illərdə isə onların sayı nazirlik tarixində görünməmiş sürətlə artacaq və milyonlarla ölçüləcək”, – deyə Heqset PBS telekanalının “YouTube” kanalında yayımlanan tədbirdə bildirib.

Pentaqon rəhbəri əlavə edib ki, hazırkı planların icrasına başlanılanadək nazirlikdə bu cür birdəfəlik pilotsuz sistemlərin hazırlanmasına yönəlmiş heç bir proqram mövcud olmayıb.

Mövsüm,

AzNews.az