Kamboca AQEM-in tamhüquqlu beynəlxalq təşkilata çevrilməsini qətiyyətlə dəstəkləyir

15 Oktyabr 2026 13:56 (UTC+04:00)

Kamboca Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) tamhüquqlu beynəlxalq təşkilata çevrilməsini və təşkilatın Nizamnaməsinin hazırlanması ilə bağlı danışıqların irəlilədilməsini dəstəkləyir.

AzNews.az xəbər verir ki, bunu Kamboca Krallığının Baş naziri Hun Manet AQEM-in 7-ci Zirvə Toplantısında çıxışı zamanı deyib.

"AQEM bizi qarşıdurma, parçalanma və təhdidlərdən uzaq duraraq dialoqa, əməkdaşlığa və dinc yanaşı yaşamağa daha qətiyyətlə yönəldir", - o qeyd edib.

Baş nazir bildirib ki, Kamboca AQEM üzvləri arasında ticarətin genişləndirilməsini, təchizat zəncirlərinin dayanıqlığının artırılmasını, enerji təhlükəsizliyini, nəqliyyat əlaqələrinin inkişafını və davamlı iqtisadi artımı prioritet hesab edir. Ölkə, həmçinin turizm, təhsil, rəqəmsal transformasiya və innovasiya sahələrində əməkdaşlığın gücləndirilməsini dəstəkləyir.

Çıxışda transmilli cinayətkarlıqla mübarizəyə də toxunulub. Bildirilib ki, kibercinayətlər və onlayn dələduzluqla mübarizə üçün dövlətlər arasında məlumat mübadiləsi və hüquq-mühafizə orqanlarının əməkdaşlığı gücləndirilməlidir.

Kamboca təmsilçisi vurğulayıb ki, bu əməkdaşlıq milli suverenliyə, beynəlxalq hüquqa və BMT Nizamnaməsinə hörmət əsasında həyata keçirilməlidir.