"Trampın İrana qarşı əlavə zərbə planları hazırlatması keçiriləcək aralıq seçkiləri fonunda həm siyasi, həm də hərbi-strateji baxımdan qiymətləndirilməlidir. Seçkilər ərəfəsində sərt xarici siyasət ritorikası prezidentin milli təhlükəsizlik məsələlərində qətiyyətini nümayiş etdirmək və seçicilərə güclü lider obrazı təqdim etmək vasitəsinə çevrilə bilər. Bununla belə, bu addımları yalnız seçkiqabağı siyasi gediş kimi izah etmək hadisənin mahiyyətini tam əks etdirməz. Məsələnin digər mühüm tərəfi strateji çəkindirmədir. Hərbi əməliyyat ssenarilərinin hazırlanması Vaşinqtonun mümkün variantları nəzərdən keçirdiyini göstərir, lakin bu, zərbə endirilməsi barədə yekun qərarın qəbul edildiyi anlamına gəlmir. Belə planlaşdırma Tehrana təzyiq göstərmək, danışıqlarda ABŞ-nin mövqelərini gücləndirmək və qarşı tərəfi mümkün eskalasiyanın nəticələri barədə xəbərdar etmək məqsədi daşıya bilər".
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Nigar Allahverdiyeva deyib.

Qeyd edək ki, ABŞ ilə İran arasında hərbi qarşıdurma ehtimalı və Vaşinqtonun Tehrana qarşı mümkün əməliyyat planları beynəlxalq gündəmin əsas müzakirə mövzularından birinə çevrilib. ABŞ-nin İranın enerji infrastrukturu və nüvə obyektlərinə, o cümlədən Natanz yaxınlığında, Kolang-Qaz-La dağının altında yerləşən strateji məntəqələrə zərbələr endirmək variantını nəzərdən keçirməsi regionda gərginliyi artırır. Bu kontekstdə 9,5 tonluq GBU-43/B (MOAB) aviasiya bombasından istifadə ehtimalı da diqqət çəkir. ABŞ-də keçiriləcək aralıq seçkiləri ərəfəsində Prezident Donald Trampın hərbçilərə əlavə zərbə planları hazırlamaq tapşırığı verməsi isə həm siyasi təzyiq və çəkindirmə strategiyası, həm də mümkün hərbi eskalasiya baxımından müzakirələrə səbəb olur. Beynəlxalq hüquq mexanizmlərinin münaqişələrin qarşısını almaqda üzləşdiyi çətinliklər fonunda ABŞ ilə İran arasında birbaşa hərbi toqquşma ehtimalı da gündəmdə qalır.
Siyasi şərhçi qeyd edib ki, həddindən artıq hərbi təzyiq İranın mövqeyini sərtləşdirə və diplomatik həll imkanlarını məhdudlaşdıra bilər.
"Trampın seçkilərədək İrana qarşı yeni hücumların həyata keçirilməyəcəyi barədə bəyanatı ilə hərbi planlaşdırmanın davam etməsi arasında da fərq qoyulmalıdır. Belə ki, hərbi ssenarilərin hazırlanması ilə onların icrası barədə siyasi qərar ayrı-ayrı mərhələlərdir. Bu yanaşma Vaşinqtonun hərbi təzyiq imkanlarını qorumaqla yanaşı, diplomatik manevr imkanlarını da saxlamaq cəhdi kimi qiymətləndirilə bilər. İranın nüvə obyektlərinə və enerji infrastrukturuna mümkün zərbələr isə ikitərəfli qarşıdurmanın hüdudlarını aşaraq regional təhlükəsizliyə, qlobal enerji bazarlarına və Hörmüz boğazı vasitəsilə həyata keçirilən beynəlxalq dəniz daşımalarına təsir göstərə bilər. Bu səbəbdən hərbi gücün nümayişi ilə siyasi məqsədlərə nail olmaq arasında birbaşa əlaqə olduğunu düşünmək doğru deyil. Daha dəqiq desək, Tramp administrasiyasının addımlarını seçkiqabağı siyasi mesaj, strateji çəkindirmə və diplomatik danışıqlarda mövqelərin gücləndirilməsi cəhdlərinin kəsişməsində təhlil etmək mümkündür. Buna baxmayaraq, bu amillərdən hansının həlledici olduğunu təsdiqləmək üçün əlavə faktlar tələb olunur. Beynəlxalq siyasətdə gücün əsl əhəmiyyəti yalnız onun nümayişində deyil, hərbi təzyiqi dayanıqlı siyasi nəticəyə çevirmək imkanındadır".
Rəfiqə Namazəliyeva,
AzNews.az