"Əvvəla, qeyd edək ki, ABŞ hazırda İrana qarşı mümkün ən ağır zərbələr endirmək ssenarilərini nəzərdən keçirir və bəlkə də, artıq bu istiqamətdə hazırlıqlara başlanılıb. Bunun səbəbi odur ki, ABŞ hərbi əməliyyatlar vasitəsilə qarşıya qoyduğu məqsədlərə tam nail ola bilmədi. Sonradan hərbi əməliyyatlara fasilə verildi və Vaşinqton diplomatik masa arxasında istədiyinə nail olmağa çalışdı. İranın əsas infrastrukturuna zərbələr endirildikdən sonra ABŞ üçün Tehranın danışıqlar masasında irəli sürülən şərtləri qəbul etməsinə nail olmaq məsələsi ön plana çıxdı. Ümid edilir ki, diplomatik yollarla İran hakimiyyəti həm nüvə proqramından imtina edəcək, həm də digər əsas tələblərə müsbət cavab verəcək. Bu halda ABŞ bütün məqsədlərinə çatmasa da, müəyyən nəticələr əldə edə bilər".
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Həşim Səhrablı deyib.

Qeyd edək ki, ABŞ ilə İran arasında hərbi qarşıdurma ehtimalının yenidən gündəmə gəlməsi Yaxın Şərqdə təhlükəsizlik vəziyyəti və qlobal güc balansı ilə bağlı sualları artırır. Vaşinqtonun Tehrana qarşı mümkün zərbə ssenarilərini nəzərdən keçirməsi, strateji obyektlərin hədəfə alınması ehtimalı və Donald Tramp administrasiyasının hərbi təzyiq siyasəti münaqişənin hansı istiqamətdə inkişaf edəcəyi məsələsini aktuallaşdırır. Belə bir şəraitdə ABŞ-nin hərbi təhdidlərinin danışıqlarda üstünlük qazanmaq məqsədi daşıdığı, yoxsa genişmiqyaslı əməliyyata hazırlığın tərkib hissəsi olduğu diqqət mərkəzindədir. Mümkün hərbi eskalasiyanın İranın cavab addımlarına, region ölkələrinin təhlükəsizliyinə və qlobal enerji bazarına təsirləri də ciddi narahatlıq doğurur.
Siyasi şərhçi qeyd edib ki, sonrakı proseslər İranla diplomatik razılaşmanın əldə olunmasının çətin olduğunu göstərib.
"Belə olan halda, daha genişmiqyaslı və güclü zərbələr endirməklə İranı fakt qarşısında qoymaq və razılaşmağa məcbur etmək variantı gündəmə gələ bilər. Ancaq ABŞ bu addımı atmaq üçün də tərəddüd edəcək. Çünki proseslər göstərdi ki, İranı sıradan çıxarmaq üçün Vaşinqton çox ciddi hərbi və maliyyə resursları səfərbər etməli, eyni zamanda, həm texniki, həm də canlı qüvvə baxımından ciddi itkilərlə üzləşmək ehtimalını nəzərə almalıdır. Bəs bu, ABŞ-də necə qarşılanacaq? Seçkilərə qədər Trampın belə bir addım atacağını düşünmürəm. Çünki bu, əks effekt verə və həm onun administrasiyası, həm də təmsil etdiyi Respublikaçılar Partiyasının növbəti seçkilərdə uğur qazanmaq imkanlarına mənfi təsir göstərə bilər. Seçkilərdən sonra isə nəticələrin necə olmasından asılı olaraq, Tramp administrasiyası bu varianta əl atmaya da bilər. Bununla belə, Vaşinqtonu narahat edən başqa bir məqam da var. Tutaq ki, ABŞ İrana qarşı böyük hərbi və maliyyə resursları sərf etdi və müəyyən nəticələr əldə etdi. Bu zaman Çin kimi qlobal ticarətə və dünya iqtisadiyyatına təsir imkanları olan rəqibləri qarşısında mövqelərini xeyli zəiflədə bilər. ABŞ müəyyən itkilərlə üzləşə bilər. Eyni zamanda, bu vəziyyət Rusiyanın Ukraynada irəliləməsinə və Avropa məsələlərində ABŞ-dan daha üstün mövqeyə gəlməsinə şərait yarada bilər. Vaşinqton bu riskləri də nəzərə alır. Bununla belə, hazırkı vəziyyət göstərir ki, diplomatik danışıqlar nəticə verməsə və ABŞ qarşıya qoyduğu məqsədlərə nail ola bilməsə, son variant kimi hərbi zərbələrə əl ata bilər. Hazırda Trampın yüksək səslə belə addımlar atacağını bəyan etməsinin səbəblərindən biri də ABŞ-nin buna imkanlarının olduğunu nümayiş etdirməkdir. Vaşinqton İranın ABŞ qarşısında dayana bilməyəcəyini göstərməyə çalışır. Tramp bu açıqlamaları ilə qarşı tərəfi qorxutmaq, çəkindirmək və hərbi əməliyyatlara ehtiyac qalmadan problemi həll etmək istəyir. Lakin İran tərəfi də geri çəkilmək niyyətində olmadığını nümayiş etdirir. Ali dini liderin ölümü fonunda İran hakimiyyəti mübarizəni sona qədər davam etdirmək əzmini ortaya qoyub. Tehranın açıqlamalarına görə, ölkə rəhbərliyi hətta ölüm bahasına olsa belə, ABŞ-yə təslim olmayacağını və Vaşinqtonun şərtlərini qəbul etməyəcəyini bildirir. Belə olan halda, ABŞ üçün bütün digər yollar tükəndiyi təqdirdə son çarə kimi İrana qarşı hərbi zərbələr endirmək variantı gündəmə gələ bilər".
Rəfiqə Namazəliyeva,
AzNews.az